Ağcabədidə OZBAŞINALIQ - GİLEY

 Xeyli müddət bundan öncə “Gündəm Xəbər”in redaksiyasına uzun illər ərzində Ağcabədi rayonu, Şamil Cəmşidov küçəsi, ev-158 ünvanda yaşayan və həmin ünvanda qeydiyyatda olan Əkbərov Abdulla Bədrəddin oğlugilin ailə üzvlərinin başına gətirilən olmazın müsibətlər, bənzəri olmayan haqsızlıqlar və s-lərlə bağlı müəyyən məlumatlar daxil olmuşdu. Elə ki, bir neçə gün bundan öncə Abdulla Əkbərovun özü redaksiyamızın qonağı oldu və o, təqribən 2002-ci ildən başlayaraq ailə üzvlərinin üz-üzə qaldıqları çoxsaylı müsibətlərin, qanunsuzluqların, özbaşınalıqların, bənzəri olmayan qanunsuzluqların varlığı ilə bağlı əməkdaşımıza canlı video-müsahibə verdi, o halda onun danışdıqlarını dinlədikcə dəhşətə gəldik. Yəni, adı çəkilən bu şəxsin danışdıqlarını dinlədikdən sonra belə bir qənaətə gəldik ki, bəlkə də Əkbərovlar ailəsinin üz-üzə qaldıqları müsibətlərin heç bir halda bənzəri yoxdur. Belə ki, adı çəkilən bu şəxs təqdim etdiyi sənəd-sübutlarında, verdiyi video-müsahibəsində qeyd edir ki, “1998-ci ildə aparılan Aqrar İslahat Komissiyasının qərarı ilə, T.İsmayılov adına kolxoz təsərrüfatının istifadəsində olmuş torpaq sahələrindən beş nəfərdən ibarət ailə üzvlərimizə 4 ha. 19 sot pay torpaq sahəsi verildi. Həmin ildə qeyd olunan torpaq sahəsini, vaxtilə aqronom vəzifəsini daşımış Ağcabədi rayon sakini Hüseynov Hidayət İsa oğluna iki il müddətinə icarəyə verdik. Bu şəxs razılaşdığımız şərtlərə lazımınca əməl etdi və iki ildən sonra torpaq sahəsini özümüzə qaytardı. Ailə üzvlərimizin maddi imkansızlığı və övladlarımızın azyaşlı olması səbəbindən, bir daha torpaq sahəmizi iki il müddətinə icarəyə vermək qərarına gəldik. Çox keçmədi ki, bu yöndə Ağcabədi rayon sakini Əsədov Fazil Bəhlul oğlu ilə danışıb barışdıq və müəyyən razılıq da əldə etdik. Buna görə də, 2000-ci və 2001-ci illər ərzində adı çəkilən bu şəxsin bizə məxsus torpaq sahəsindən istifadə etməsinə dair icarə müqaviləsini notarial qaydada təsdiq etdik və o, həmin vaxt pay torpaq sahəmizə aid “Dövlət Aktı”nı özü ilə götürdü.

Fazil Əsədovun Abdı Şirinovla qurduğu “oyun qaydaları” hansı məqsədə hesablanır?

Onu da bildirim ki, Fazil Əsədov icarəyə götürdüyü torpaq sahəsinə görə bizə 150 “şirvan” pul və südəmər bir inək balası (buzov) verdi. Elə ki, 2002-ci ilin başlanğıcında icarə müqaviləsinin vaxtı tamam oldu, o halda ona bildirdim ki, bundan sonra pay torpaq sahəmizi özümüz əkib becərəcəyik. O, belə bir istəyimizin qarşılığında “Həmin sahələri yenidən mənə icarəyə verin” deməklə, açıq-aşkar şəkildə bizi təkid və təhdid etməyə başladı. Biz onun təklifinə və təkidlərinə ailəikcə etirazımızı bildirdik. Çox keçmədi ki, Fazil Əsədov Ağcabədi rayon notariat kontorunun sabiq notariusi Abdı Şirinovu həyətimizə gətirdi və mənə “notarius səni gözləyir” dedi. Az sonra Abdı Şirinov bildirdi ki, “Fazil Əsədov səninlə icarə müqaviləsi bağlayıb və buna görə də o, Ağcabədidəki Pambıq Zavodundan çiyit, kübrə götürməlidir, həmçinin əkin sahələrinə pambıq əkməlidir” dedi. Həmin vaxt Abdı Şirinov əlində olan sənədin üstünə əlini qoydu və “sən bura imza at” deməklə, məni aldada bildi. Onu da bildirim ki, onun dediklərini Fazil Əsədov da təsdiq etdiyindən, mən daha çox Abdı Şirinova inandım və həmin sənədə imza da atdım. Abdı Şirinovun göstərdiyi sənədə imza atmağıma səbəb o oldu ki, mən latın hərfləri ilə yazıb-oxumağı bacarmırdım və həmin sənəddə nə yazıldığını da oxuya bilmədim. Az sonra bəlli oldu ki, hər iki şəxsin “minbir oyun qaydaları” qurmaqla düzüb-qoşduqları sənəd, sən demə icarəyə verdiyim pay torpaq sahəsinə aid alqı-satqı sənədi işmiş.

Ağcabədi sakini sahib olduğu əmlakına sahib çıxa bilmir

Fazil Əsədov Ağcabədi rayon notariat kontorunun sabiq notariusi Abdı Şirinovla ələlə verib belə bir fırıldaq əməlinə qol qoymaqla, bizə məxsus pay torpaq sahəsini ələ keçirib həmin yerdən 10 il müddətinə istifadə etsə də, o, ötən illər ərzində heç bir xərc ödəmədi. Hal-hazırda o, 4 ha. 19 sot pay torpaq sahəsini əldən vermək istəmir. Onu da bildirim ki, qeyd olunan pay torpaq sahəsinin bizə məxsus olması haqqında 25 oktyabr 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsindən RX №1379800 saylı ÇIXARIŞ almışam və həmin çıxarış, Dövlət Torpaq Kadastr kitabında da uçota alınıb. 25 yanvar 2019-cu il tarixdə isə, ailə üzvlərimizin ümumi razılığı əsasında həmin torpaq sahəsini 5 (beş) il müddətinə etibarnamə əsasında oğlum Orxan Əkbərova verdim. Bütün bunlara baxmayaraq, elə ki, biz həmin torpaq sahəsinə gedirik, o halda Fazil Əsədov bizim üstümüzə özünə məxsus ov tüfəngi ilə hücum çəkir və “Sizi hamılıqla güllələyəcəyəm” də deyir.

Orxan Əkbərovun ölümlə hədələnməsində məqsəd nədir?

O, daha çox oğlum Orxan Əkbərovu hədələyir və ona “Səni öldürüb itirəcəyəm ki, pay torpaq sahələri mənə qalsın” deməkdən də ehtiyat etmir.
2017-ci ilin noyabr ayı idi və biz ailəlikcə pay torpaq sahəsinə getmişdik. Həmin gün Fazil Əsədov da sahəyə gəldi və o, bizə “Siz bura niyə gəlmisiniz” deyə sual etdi. Cavab verdik ki, torpaq sahəmizə sahib olmağa, bu yeri əkib-səpməyə gəlmişik dedikdə, “Gözləyin bu dəqiqə gəlirəm” cavabını verdi və az sonra o, özü ilə gətirdiyi ov tüfənginə güllə yerləşdirdirib üstümə çəkdi. O halda qızım Aynurə Əkbərova bunu gördü və ləngimədən özünü qabağa verdi. Həmin vaxt Fazil Əsədov Aynurənin başı üstündən havaya güllə atdı. Belə olan halda qızım bərk qorxdu və o, həmin vaxtdan sağalmaz xəstəliyə düçar oldu.

Aynurə Əkbərova sağalmaz xəstəliyə düçar olub

Onu da bildirim ki, qızım Aynurə Əkbərova bir neçə il bundan əvvəl həyat yoldaşından ayrılıb və himayəsində iki azyaşlı övladı var. Bu gün də o, səhhətində əmələ gələn problemlərlə bağlı ev şəraitində müalicə olunsa da, düçar olduğu xəstəlikdən heç cür xilas ola bilmir.
Fazil Əsədovun qol qoyduğu və hər kəsi şoka sala biləcək hoqqalardan biri də, 2002-ci ildə oğlum Orxan Əkbərov 8 yaşında olarkən, bizim guya onu adı çəkilən şəxsə “razılığımız əsasında” qəyyumluğa verməyimizdir. Yəni, ailə üzvlərimizin belə bir hoqqalarla üz-üzə qaldığı bir vaxtda o da bəlli oldu ki, sən demə 2002-ci ildə onlar bizim həyətə gələrkən, belə bir “oyun qaydasını” düzülüb qoşurlar və 8 yaşlı Orxan Əkbərov Fazil Əsədova qəyyumluğa verilir. Belə bir qanunsuzluq əməlinin başında isə, 2002-ci ildə Ağcabədi RTS-nin nəzdindəki Qəyyumluq Şurasının sədri vəzifəsini daşımış Elmar Musayev durur.

Ağcabədi RTŞ-nin əməkdaşı Orxan Əkbərovu qəyyumluğa necə verir?

Hal-hazırda adı çəkilən bu şəxs RTŞ-də kadrlar şöbəsinə rəkbərlik edir. Onu da bildirim ki, oğlum Orxanın qəyyumluğa verilməsi haqda məlumatı bir müddət bundan öncə eşitmişik və belə bir addımın atılması ilə bağlı, bir valideyin olaraq nə razılıq ərizəsi yazmışıq, yaxud da hər hansı formada razılığımızı bildirmişik. Bir anlığa diqqət yetirək ki, 2002-ci ildə Qəyyumluq Şurasının sədri vəzifəsini daşımış Elmar Musayev, Ağcabədi rayon Notariat Kontoruna təqdim olunan və imzası ilə təsdiq etdiyi 29 avqust 2002-ci il tarixli 103 saylı məktubunda qeyd edib ki, “Şura üzvləri Ağcabədi rayon Nəcəfqulubəyli kənd sakini Əkbərov Abdulla Bədrəddin oğlunun ailəsinə məxsus, əkin üçün yararlı 23.684.494 ( iyrimi üç milyon altı yüz səksən dörd min dörd yüz doxsan dörd) manat dəyərində olan 4,19 hektar torpaq sahəsini, Ağcabədi rayon Nəcəfqulubəyli kənd sakini Əsədov Fazil Bəhlul oğluna satılmasını məqsədəmüvafiq hesab edir. Əsas: Şura iclasında qəbul edilmiş qərar və azyaşlı Əkbərov Orxan Abdulla oğlunun razılığıdır”. Belə bir məktubu oxumaqla və məktubda qeyd olunanlara diqqət yetirməklə, məhz Elmar Musayevin əməllərinə lazım olan qiyməti vermək mümkün olur.
Onu da bildirim ki, ailə üzvlərimizin üz-üzə qaldıqları belə bir problemlərlə bağlı 2010-cu ildə Ağcabədi rayon Məhkəməsinə müraciət etsəm də, keçirilən məhkəmə prosesləri zamanı heç bir halda məni dindirmədilər, hansı qətnamənin çıxarılmasından xəbərim olmayıb. Bir sözlə pozulmuş hüquqlarımızın bərpası yöndə, heç bir addım atılmadı.

Abdulla Əkbərovun tələbi ödəniləcəkmi, yoxsa...

Bugünkü tələbim ondan ibarətdir ki, ailə üzvlərimizə verilmiş pay torpaq sahəsinə aid 2002-ci ildə Fazil Əsədov tərəfindən ələ keçirilmiş “Dövlət Aktı” bizə qaytarılsın, pay torpaq sahəmiz üzərində yaradılan maneçiliklərə, təhdidlərə, hədə-qorxulara və s-lərə birdəfəlik son qoyulsun. Qızım Aynurə Əkbərovanın qorxması səbəbindən, bizə vurulmuş maddi və mənəvi ziyan tam şəkildə ödənilsin. Ən əsası, 2002-ci ildə Qəyyumluq Şurasının sədri vəzifəsini daşımış Elmar Musayevin əməllərinə hüquqi qiymət verilsin və həmin ildə saxta sənədlər əsasında oğlumu qəyyumluğa götürmüş Fazil Əsədovdan, ötən illər ərzində Orxan Əkbərovun böyüdülməsi yöndə lazım olan xərclər ondan alınıb bizə verilsin”.

Ağcabədidə Ceyhun Bayramovun işçisi 8 yaşlı Orxanı qəyyumluğa necə verir?-FOTO VİDEO

Biz baş verənlərlə bağlı bu yöndə məlumatları eşidərkən, sanki şoka düşdük. Çünki, bizi dəhşətə gətirən hal odur ki, Əkbərov Abdulla Bədrəddin oğlugilin ailə üzvlərinin başına minbir oyunlar gətirən Fazil Əsədovun, həmçinin Abdulla Əkbərovun oğlu 8 yaşlı Orxan Əkbərovun valideyinlərinin xəbəri olmadan, onu qəyyumluğa verən Elmar Musayevin əməllərinə niyə hüquqi qiymət verilmir? Bəlkə zamanı çatmayıb? Amma, heç də ümidsizliyə qapanmırıq.

Yəqin ki, hüquq-mühafizə orqanı əməkdaşlarının müdaxiləsi lazımi həqiqətləri ortaya çıxaracaq

Çünki biz o halın varlığına da inanırıq ki, məqalənin dərcindən sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları yaşananlara xüsusi diqqət yetirəcəklər və problemlərin hüquqi müstəvidə araşdırılmasına da çalışacaqlar. Eyni zamanda, 2002-ci ildə Ağcabədi RTS-nin nəzdindəki Qəyyumluq Şurasının sədri vəzifəsini daşımış, hal-hazırda isə RTŞ-də kadrlar şöbəsinə rəkbərlik edən Elmar Musayevin əməllərinin araşdırılması, Təhsil Nazirliyinin rəsmi şəxslərinin diqqətini də cəlb edəcək.



P.S. Hörmətli oxucular! Dərc etdiyimiz bu məqalədə sadalanan ittihamlar, söylənilən fikirlər Ağcabədi rayonu, Şamil Cəmşidov küçəsi, ev-158 ünvanda yaşayan və həmin ünvanda qeydiyyatda olan Əkbərov Abdulla Bədrəddin oğluna məxsusdur. Adı çəkilən bu şəxsin təqdim etdiyi sənədləri və əməkdaşımıza verdiyi video-müsahibəsində qeyd etdikləri daha çox diqqətimizi cəlb etdiyindən, KİV nümayəndəsi olaraq bu yöndə araşdırmalarımızı davam etdirməkdə israrlıyıq ki, lazımi həqiqətləri ortaya çıxara bilək. Odur ki, bizi izləməyi unutmayın. Araşdırmamız davam edəcək.
Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.


 


Tarix: 4-02-2019, 23:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}