Yuxarı Sarıcalı kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq 
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Düyərli 
kənd İƏD üzrə nümayəndəliyinin Yuxarı Sarıcalı kəndində keçirilib. 

Qəbulda YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, 
təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra 
nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov   Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncam və  tapşırıqları 
əsasında keçirilən səyyar qəbul-görüşlərin məqsədinin vətəndaşları narahat 
edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək 
olduğunu bildirib, möhtərəm Prezidentin  diqqət və qayğısı altında 
respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq 
işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən 
geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, 
müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi 
ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin 
rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə 
olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.O, dövlət başçısı 
cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi 
Forumunun 53-cü iclasında uğurla iştirak etdiyini, Forum çərçivəsində bir sıra 
səmərəli görüşlər keçirdiyini, Azərbaycanın malik olduğu iqtisadi və siyasi 
potensial barədə ətraflı məlumat verdiyini qeyd edib.Vurğulayıb ki,iİndi 
dünyanın aparıcı şirkətləri Azərbaycanın iqtisadi gücünü real dəyərləndirir və 
ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. Bütün bu nailiyyətlər Prezidentimiz 
cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illərdir ölkəmizdə bərqərar olan siyasi 
və iqtisadi sabitlik, aparılan ardıcıl mütərəqqi islahatlarla birbaşa bağlıdır.
İcra başçısı  qeyd edib ki, Prezident İlham Əliyev Davos Forumunda həmçinin 
regiondakı vəziyyət, Ermənistanla münasibətlərin normallaşdırılması 
istiqamətində Azərbaycanın səyləri, Laçın-Xankəndi yolunda baş verən 
hadisələrin mahiyyəti barədə ətraflı danışmış, ölkəmizə qarşı Ermənistan və 
bəzi ermənipərəst qüvvələr tərəfindən aparılan yalançı təbliğatları iflasa 
uğratmış, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.
İsveçrənin Davos şəhərində  dünyanın 130 ölkəsindən 52 dövlət və hökumət 
başçısının iştirakı ilə keçirilən Forumda Azərbaycan yenə də diqqət 
mərkəzində oldu. Çünki Ukrayna-Rusiya müharibəsi fonunda Şərqlə Qərb 
arasında ən optimal marşrut hesab olunan Orta Dəhliz ölkəmizin ərazisindən 
keçir və bu, logistik baxımdan ölkəmizin cəlbediciliyini artırıb. Əsas məsələ 
ondan ibarətdir ki, həm enerji daşıyıcılarının, həm də quru yüklərin dünya 
bazarına çıxışının təmin olunması üçün Azərbaycanda lazımi infrastruktur 
yaradılıb. Xüsusilə son illərdə Prezident İlham Əliyevin uzaqgörənliklə həyata 
keçirdiyi regional və beynəlxalq enerji və nəqliyyat layihələrini qeyd edə 
bilərik. Əgər milyardlarla vəsait tələb edən qlobal miqyaslı layihələr 
zamanında icra olunmasaydı, bu gün Davos İqtisadi Forumunda bütün 
diqqətlər Azərbaycan üzərinə yönəlməzdi.
  Beynəlxalq siyasi elita, eyni zamanda, iri şirkətlərin nümayəndələri bilirlər ki, 
Azərbaycan Prezidentinin sözü ilə əməli üst-üstə düşür və o, heç bir halda 
sözündən dönmür. Həmçinin nəyin bahasına olursa-olsun, Azərbaycan 
üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Təbii ki, bütün bunlar 
Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini daha da 
möhkəmləndirir.
Rayon rəhbəri bildirib ki, artıq iki aydır Xankəndi-Laçın yolunda davam edən 
ekoaksiyanın dayandırılması ilə bağlı erməni lobbisi də adəti üzrə bütün 
dünyada ölkəmiz əleyhinə çirkin təbliğat aparır. Ona görə də doğru 
informasiyanın çatdırılması baxımından Davos Forumu ən mötəbər 
platformalardan biridir. 
Bu gün biz fəxrlə ölkəmizin beynəlxalq aləmin diqqət mərkəzində yer almasını, 
Ermənistanın isə növbəti dəfə qlobal iqtisadi proseslərdən təcrid olunmasını 
izləyirik. 
Dünyanın əksər ölkələrinin və qlobal iqtisadiyyatın təmsil olunduğu transmilli 
şirkətlərin iştirak etdiyi  Davos İqtisadi Forumu Azərbaycan üçün yeni 
perspektivlər vəd edir. Həmçinin bu Forum dövlətlərarası iqtisadi 
münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətli platformadır, onun 
siyasi əhəmiyyəti isə danılmazdır.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, 
görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, Yuxarı Sarıcalı  kəndinin 305 hektar ərazisi, 304 təsərrüfatı, 1230 
nəfər əhalisi var. Ərazidə 1 körpələr evi-uşaq bağçası, 1 klub, 1 kitabxana, 3 
ticarət, 1 iaşə,   1 məişət obyektii fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və 
maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.
Sakinlər 477 baş iribuynuzlu, 900 baş xırdabuynuzlu heyvan, 3228 baş quş, 
21 yeşik arı ailəsi saxlayırlar.
Yuxarı Sarıcalı kəndində son üç ildə əkin sahələrinə gedən su arxları 3,8 km 
məsafədə lildən təmizlənib, kənd ərazisində 1000 ədəd tut tingi, 90 müxtəlif 
ağaclar əkilib, 2 ədəd subartezian quyularının nasosları təmir edilib, yol 
kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə 
bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat 
verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, 
hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü 
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Zərnişan İbişova və Taleh Quliyev Vətən müharibəsi 
zamanı evlərinə dəymiş ziyanla, Faiq Süleymanov işlə təmin olunması və 
digər məsələlər  ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə 
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar 
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla 
yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tarix: 26-01-2023, 21:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}