Tərtərdə Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirildi



Martın 22-də Tərtər şəhərində Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirildi.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin 
nümayəndələri, şəhid ailələri, qazilər, döyüş yoldaşları əvvəcə qəhrəmanın büstü önünə tər gül-
çiçək dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Şəhidlərin ruhuna dua oxunub.
Tədbirdə çıxış edənlər Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə danışıb, xatirələrini 
bölüşüblər. Bildiriblər ki, Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində 
anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya 
olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye 
Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis 
olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın  
Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü.
1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər 
özünümüdafiə batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da 
komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər 
yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxaraq Şıxarx istiqamətində 
qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən 
Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, 
geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı 
isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha 
onun yolunu gözləməsin.
2015-ci il  28 dekabrda Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorovun Qarabağ münaqişəsi 
barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib:
“Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı 
Vəzir idi. O, digərlərindən heç nə ilə fərqlənmirdi...”
Həsənqaya, Köyarx, Suqovuşan, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri 
uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç etmişdi.
1992-ci il sentyabr ayının 1-də Çaldıran kəndi uğrunda gedən döyüşlərdə Vəzir Orucov ağır 
yaralanmış, müalicə olunduqdan sonra yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıtmışdır.
Vəzir Orucov  22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə 
qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
1993-cü il mart ayının 27-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Tarix: 22-03-2023, 14:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}