“Generalın tapşırığıdır” – Əlixan Zeynalovun vitrinə düzdüyü sürücülük vəsiqələri - DETALLAR

“Generalın tapşırığıdır” – Əlixan Zeynalovun vitrinə düzdüyü sürücülük vəsiqələri - DETALLAR Lənkəranda sürücülük vəsiqəsi almaq istəyənlər sözün əsil mənasında qan ağlayır. Buna səbəbsə sürücülük vəsiqəsi almaq istəyənlərin almaq imtahandan keçib-keçməməsindən asılı olmayaraq, haqq ödəməsidir.

Miq.az-a daxil olan şikayətlər Lənkəranda 5 saylı Regional Qeydiyyat-İmtahan Şöbəsinin (RQİŞ) rəisi Əlixan Zeynalovun özü üçün "bazar” açmasıdır. Bəli, söhbət məhz bazardan gedir. Hansı ki, bazarda ərzaqlar vitrinə necə düzülürsə, Lənkəran RQİŞ-də də sürücülük vəsiqəsi beləcə təqdim olunur. Əlixan Zeylanovun "bazarı”nı digər bazarlardan fərqləndirən cəhət qiymətlərin stabil olmasıdır.

B və C kateqoriyalı sürücülük vəsiqəsi – 1200 AZN.
D və E kateqoriyalı sürücülük vəsiqəsi – 2000 AZN.


Kim hansı kateqoriya üzrə sürücülük vəsiqəsi almaq istəyirsə, mütləq bu məbləği ödəməlidir.

Məlumatlara görə, əvvəllər sürücülük vəsiqəsi 850 AZN-dən başlayırdı. Lakin devalvasiya Əlixan Zeynalovun da "bazarı”na təsir etdiyi üçün, qiymətləri qaldırdı.


Bütün özbaşınalığa, korrupsiyaya rəğmən, ona bir kəlmə də söz demək mümkün deyil.

Yerli mənbələr danışır ki, Əlixan Zeylanovdan sürücülük vəsiqələrini niyə pulla satdığını soruşanda cavabı belə olur: "General belə əmr edir, mən də edirəm. Heç kim mənə şikayət etməsin”.

Ə. Zeynalov "general” deyərkən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis (DYP) İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovu nəzərdə tutur.

Ə. Zeynalovun dediyi kimi, görünür o, bütün korrupsiya əməllərini məhz Ramiz Zeynalovun birbaşa göstərişi əsasında edir.

Lakin Ə. Zeynalovun biznesi təkcə sürücülük vəsiqələrinin satılması, yaxud avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 10 qatının alınması ilə yekunlaşmır.

Çiyinlərində Azərbaycan polisinin şərəfli "paqonları”nı daşıyan bu şəxs üçün əsas olan puldur və pulun gəldiyi bütün vasitələrə əl atır.

Məlumatlara görə, Ə. Zeynalov saxta sənəd işini də həyata keçirir. Xüsusilə uzun müddət Rusiyada yaşayan azərbaycanlılara şəxsiyyət vəsiqəsi, xarici pasport və sürücülük vəsiqəsi düzəltdirir. Bütün bunların müqabilində aldığı haqq isə nə az, nə çox, düz 10000 AZN-dir.

Bütün bunlarla yanaşı, Ə. Zeynalov Lənkəranda oğurluq avtomobil işinə də baxır. Belə ki, oğurlanan avtomobilləri ucuz qiymətə alır, onları sənədləşdirirək, baha qiymətə satır. Bu haqda ciddi iddialar səsləndirilir.

Lənkəran RQİŞ rəisinin son dövrlər otel işinə də girişdiyi haqda informasiyalar yayılıb. Və bütün bunları o, generalın (Ramiz Zeynalov) göstərişi ilə etdiyini deyir.

Ə.Zeynalovun qanunsuz əməlləri ilə bağlı yeni məlumatları da dərc edəcəyik.


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

Miq.Az
Tarix: 11-01-2017, 20:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}