“MTN işi”ndə üzə çıxan digər cinayətlər və “oğrudan oğruya halaldır” prinsipi...

 “MTN işi”ndə üzə çıxan digər cinayətlər və “oğrudan oğruya halaldır” prinsipi... “Maqnit” mağazalar şəbəkəsinin sahibi ilə baş bankirin müavini hansı qanunsuzluqlarını etiraf ediblər?

Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının törətdiyi cinayətlər haqda istintaq materialları yayıldıqca bəzi məqamlar diqqəti cəlb edir.


Belə aydın olur ki, “mahmudovçu”lar bu və ya digər şəkildə cinayətdə iştirak edən vəzifə sahiblərini müəyyən etməklə onları dinləyiblər, çək-çevirə salıblar, pullarını alıb buraxıblar.

Yəni normalda barəsində cinayət işi başlamalı olduqları şəxsi açıb buraxıblar. Əlbəttə ki, bu həmin şəxsin “qara qaşına” görə olmayıb.

Bir neçə gün əvvəl MTN-in sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə “Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev zərərçəkmiş şəxs qismində istintaqa ifadə verib.

S.Abdullayev mətbuatda yayılan ifadəsində faktiki olaraq ölkəyə qaçaq yolla mobil telefonlar gətirdiyini etiraf edir.

Sitat: “Həmin məbləğlə razılaşmadım və ona 50 min manat pul təklif etdim. Bundan sonra Natiq Alıyev mənə hədə-qorxu gələrək qaçaqmalçılıq yolu ilə ölkəyə mal gətirdiyimi, 500 min manat məbləğində pul verməli olduğumu, verməyəcəyim təqdirdə problem yaradacağını, mağazalarımı bağlayacağını söylədi. Bu barədə vaxt istədim. Bir qədər sonra Natiq Alıyevə zəng vurub, 250 min manat verəcəyimi bildirdim”.

Daha bir oxşar ifadəni Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun müavini Aftandil Babayev verib.

Belə aydın olur ki, Aftandil Babayevin 012-493-11-96 şəhərdaxili telefon nömrəsi 2015-ci il sentyabrın 22-dən dinlənilib. Onun dinlənilməsini sabiq nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə general Sübahir Qurbanovun müavini Füzuli Əliyev sifariş verib. Dinlənilməyə əsas kimi Azad Səlimli və Əflatun Hacıyev ad-soyadlı şəxsin gümüş məmulatlarının Türkiyədən ölkə ərazisinə qaçaq yolla gətirilməsi ilə məşğul olmaları göstərilib.

Generalların işi üzrə zərərçəkmiş kimi tanınan Aftandil Babayev istintaqda dindirilib. O bildirib ki, Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini vəzifəsində işləyir və istifadəsində 493-11-96 nömrəli xidməti telefon var:

“Mən xidməti işlə əlaqədar həmin telefondan istifadə edib danışıqlar aparıram. Heç vaxt hüquq-mühafizə orqanlarına, o cümlədən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunmamışam, ora aparılmamışam. Mənə qarşı həmin nazirliyin əməkdaşları tərəfindən hər hansı qanunsuz tələblər irəli sürülməyib”. Qeyd edək ki, A.Babayevin dinlənilməsinə başlanılandan 3 həftə sonra Eldar Mahmudov vəzifəsindən çıxarılıb və onun generallarının cinayətlərinin ifşasına başlanılıb.

Maraqlıdır ki, Aftandil Babayev Azad Səlimli və Əflatun Hacıyevlə gümüş məmulatlarının Türkiyədən ölkə ərazisinə qaçaq yolla gətirilməsi ilə məşğul olmalarını təkzib etməyib.
Yəqin ki, E.Mahmudov vəzifəsini itirməsəydi, A.Babayev külli miqdarda pulunu, xəsislik etsəydi, vəzifəsini və azadlığını itirəcəkdi.

Bu məlumatlar həm də “mahmudovçuların” yazılmamış oğru qanunları ilə çalışdığını, “oğrudan oğruya halaldır” düşüncəsi ilə cinayətkarlığa qarşı “mübarizə” apardıqlarını söyləməyə əsas verir.

E.HÜSEYNOV
Tarix: 12-01-2017, 09:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}