Ermənistan Avropa məhkəməsinin qərarını icra etmir: Azərbaycanla bağlı


Ermənistan Avropa məhkəməsinin qərarını icra etmir: Azərbaycanla bağlı

“Təəssüf hissimiz yoxdur, çox fəxarətlə gəzirik ki, biz Avropa İnsan Haqları Məhkəməsində “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə əlaqədar ermənilərə qalib gəlmişik”. 

Bu fikirləri Cebhe.info-ya  Laçın rayonundan məcburi köçkün düşmüş Fəxrəddin Paşayev deyib.

O, qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yekun qərar artıq 1 ildən çoxdur ki, verilib: 

“Məhkəmə 6 məcburi köçkünün ərizəsi hüquqi cəhətdən təmin olunub. Məhkəmənin qərarında yazılır ki, maddə üzrə Ermənistan azərbaycanlı məcburi köçkünlər qarşısında məsuliyyət daşıyır. Kompensasiya simvolik olaraq hər ailəyə 5 min avro təyin olunub. Eyni zamanda məhkəmə Goranboydan olan bir erməniyə Azərbaycan tərəfinin 5 min avro kompensasiya ödəməsi barədə qərar çıxarıb. Bunu siyasi bir məsələyə çeviriblər. Ermənistan gözləyir ki, kompensasiyanı birinci Azərbaycan ödəsin. Təbii ki, bizimkilər də haqlı olaraq birinci onların ödəməsini istəyir. Vəkillər hər bir şikayətçi üçün mənəvi ziyanı 5 min avro hesablamışdılar. Ümumilikdə mülkiyyətə və mənəvi zərər görə pul kompensasiyası 2-3 milyon civarında hesablanmışdı. Avropa Nazirlər Komitəsinin təyin etdiyi məbləğ simvolikdir”.

Fəxrəddin Paşayev hesab edir ki, eyni vaxtda Goranboydan olan erməninin eyni iddia ilə AİHM-nə müraciət etməsi, ermənilərin Avropadakı lobbilərinin güclü olmasından irəli gəlir: 

“Amma burada bir nüans var ki, həmin erməni Goranboy rayonunun Gülüstan kəndindəndir. Onun da bu gün didərgin düşməsinin səbəbi Ermənistanın başlatdığı münaqişədir. Onun məhkəmə qərarında yazılmır ki, Azərbaycan Ermənistan torpağını işğal edib. Goranboy Azərbaycanın öz torpağıdır. Ancaq “Çıraqovlar işi”ndə məhkəmə qərarında yazılır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərini, o cümlədən Laçın rayonunu işğal edib”.

Onun sözlərinə görə, mütəmadi Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərovla, eləcə də məhkəmədə hüquqlarını müdafiə edən vəkillərlə əlaqə saxlayırlar: 

“Hamısının yekdil bir rəyi var, kompensasiyanın ödənilməməsi qeyri-mümkündür. Ödənilmədikcə həmin vəsaitin üstünə faiz də gəlir. Məhkəmənin icraedici orqanı Avropa Nazirlər Komitəsində bizi təmsil edən London Demokratik Tərəqqi İnstitutunun (Democratic Progress Institute) vəkilləri, hökumət adından isə Çingiz Əsgərovdur. Onlar da Avropa Nazirlər Komitəsinə yazıb tələb edirlər ki, məhkəmənin qərarı icra olunsun. Ermənistana kompensasiyanın ödənilməsi üçün verilmiş 1 il müddət çoxdan başa çatıb. Amma bu haqda qərar yoxdur. Avropa Nazirlər Komitəsi bununla bağlı hansısa sanksiyalar tətbiq edə bilər və yaxud da Ermənistanı Avropa Şurasından çıxarmaq və ya hansısa məhdudiyyətlər qoya bilər”.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib. İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayır. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.

Adıçəkilən şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildiriblər və qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. 2010-cu il martın 9-da isə iş məhkəmənin Böyük Palatasına göndərilib və həmin ilin 15 sentyabrında Böyük Palata şikayət üzrə ilk məhkəmə prosesini keçirib. 2011-ci il dekabrın 14-də AİHM şikayətləri qəbuledilən hesab edib və Ermənistanın bu işin AİHM-in müvəqqəti yurisdiksiyasından kənar olduğuna dair etirazını rədd edib.

AİHM-in Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzə çıxardığı qərara əsasən Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan qarşılığında 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir. Ermənistan hökumətinə təzminatın ödənilməsi üçün verilmiş müddət çoxdan bitsə də, təzminatı ödəməkdən yayınır.


Tarix: 9-12-2018, 22:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}