Bakıda sarı jiletləri kimlər alır - ilginc təfərrüatlar


 

Satıcılar bildirdilər ki, sarı jiletlərin satışı ilə bağlı onlara heç bir xəbərdarlıq edilməyib

Artıq bir aya yaxındır ki, Fransanın paytaxtı Parisdə etiraz aksiyaları keçirilir. Etirazçılar aksiyanın simvolu kimi sarı rəngli jiletləri seçiblər.

Bu baxımdan onları şərti olaraq “sarı jiletlər” adlandırırlar. Fransada benzınə tətbiq olunan yeni vergilərin ləğv edilməsi tələbi ilə başlayan aksiyalarda indi də dövlət başçısının proseslərə nəzarəti itirdıyi iddia edilərək, onun istefası və ölkənin Aİ-dən çıxarılması tələb olunur. Hökumət geri addım atsa da, etirazçıların geri çəkilmək kimi niyyəti yoxdur.

Artıq digər ölkələrdə də bu aksiyanın  təsirləri hiss olunur.

Yuxarıda da qeyd etdiyimiz kimi etirazçılar digər kütlədən geyindikləri sarı jiletlərlə fərqlənirlər. Hansı ki, bu gün artıq bəzi ölkələrdə bu jiletlərin satışı ilə bağlı qadağalar qoyulur. Məsələn, Misir hökuməti keçmiş prezident Hüsnü Mübarəkin istefası ilə nəticələnən 2011-ci il çevrilişinin ildönümü ərəfəsində Fransadakı etiraz aksiyalarının simvoluna çevrilən sarı jilet satışını qadağan edib. Misirin təhlükəsizlik orqanlarının əməkdaşları mağazalara vətəndaşlara sarı jilet satmamaq barədə xəbərdarlıq edib. Bildirilir ki, addım Fransada baş verən üsyanın Misirə sıçramaması üçün atılıb.

Bəs Azərbaycanda necə, bu jiletlərin satışı ilə bağlı məhdudiyyət varmı?

“Yeni Müsavat” olaraq məsələ ilə bağlı kiçik araşdırma edib, ölkədə bu jiletlərin harada və neçəyə satılmasını öyrənməyə çalışdıq. Bu jiletləri paytaxt Bakıda tapmaq elə də asan olmadı. Materialından və rəngindən asılı olaraq jiletlərin qiyməti müxtəlifdir. Paytaxt ərazisində tikinti materiallarının, tikintidə istifadə edilən xüsusi geyimlərin, ayaqqabıların satıldığı yerdə sözügedən sarı jiletlərə də rast gəldik. Jiletlərin ən ucuzunun qiyməti 1 manat 50 qəpik idi. Söhbət etdiyimiz satıcılar bildirdilər ki, əgər toplu sifariş verilərsə, qiymətdə endirim edə bilərlər. Materialı bir qədər möhkəm olan jiletlər isə 2 manat 50 qəpik, 3 manata satılır. Satıcıların sözlərinə görə, bu jiletlər ölkədə istehsal edilmir. Jiletlərin əsasən Çindən gətirildiyini öyrəndik. Qadağaya gəlincə isə satıcılar söylədilər ki, bu barədə kimsə onlara hər hansı bir xəbərdarlıq etməyib: “Adətən bu geyimləri yol hərəkətini tənzimləyənlər, yol kənarında təmizlik işləri aparanlar və tikintidə işləyənlər alırlar. Onlar da sifariş edəndə 1 ədəd etmirlər.

Ən azı 15-20 ədəd sifariş olur. Daha çox 2 manat 50 qəpiyə olan jiletlərdən satırıq. Lakin eyni rəngdə olub, daha qalın, kurtka formasında olan jiletlərimiz də var. Bunların isə qiyməti 15-20 manatdır. Bu jiletlərin hər birinin üzərində işıq qaytaran var. Gecə saatlarında işıq qaytardığı üçün icra hakimiyyətləri də bu jiletlərdən alıb, küçə təmizləyən işçilərinə paylayırlar. Fransadakı aksiyalar barəsində xəbərimiz var. Ancaq bizdən bu malları alanlar inanmıram ki,  hansısa aksiya planlasınlar. Çünki alanlar ya dövlət adamları olur, ya da hansısa yolu tənzimləyən”.

Yol kənarında bu jiletlərdən istifadə edən “parkovşik”lərlə də söhbət etdik. Onlar bildirdilər ki, jileti özləri alıblar: “Jileti mağazaların birindən alıb geyinmişəm. Öz pulumla almışam. Bütün tikinti materialları bazarında bu jiletlərdən doludur. Lap 1 manata da tapmaq olar”.

Onu da qeyd edək ki, ölkədə sürüpgəçilərin vurulması halları artdığı üçün onlara işığı əks etdirən bu kimi jiletlərin verilməsi məsələsi müzakirədə idi. Bu ilin avqust ayından etibarən, bütün bu işə nəzarət edən kommunal xidmətlərə sarı jiletlər paylanılıb. O baxımdan hazırda Azərbaycanda sarı jilet geyinənlərin əksəriyyəti yol təmizliyi ilə məşğul olan yaşlı qadınlardır.

Onu da qeyd edək ki, Azərbaycanda müxalifət nümayəndələri “sarı jilet” aksiyasına qoşulmaq niyyətində deyillər. Bu barədə “Yeni Müsavat”a danışan müxalifət nümayəndələri hesab edirlər ki, Fransadakı aksiyalar dinc aksiyalar sayılmır. O baxımdan ölkə müxalifətinin nümayəndələrinin əksər qismi bu aksiyaları dəstəkləmirlər.

Əli RAİS



Tarix: 14-12-2018, 10:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}