Ermənistan-Azərbaycan: Savaşmı, barışmı


Ermənistan Respublika Partiyasından Vigen Sarkisyanın parlament seçkilərinin ən qızğın vaxtında belə demişdi: “Seçki tezliklə bitəcək və biz Azərbaycanla, onun çox güclü 100 minlik ordusu ilə üz-üzə qalacağıq. Biz cavab vermək üçün hazır olmalıyıq".

Seçki bitdi. Nəticələr də belədir. Nikol Paşinyanın “Mənim addımım” bloku parlament seçkilərində 70.43% səslə möhtəşəm qələbə qazandı. Paşinyana dəstək verən “Çiçəklənən Ermənistan” partiyası 8.27% səslə ikinci, 6.37% səs yığan “İşıqlı Ermənistan” bloku isə üçüncü oldu. “Məxməri inqilab”ın küçə və meydanlarda əldə etdiyi qələbə parlament müstəvisində rəsmiləşdi. Aydındır ki, bu nəticə Paşinyana güclü hökumət formalaşdırmağa, ölkədə ciddi islahatlara start verməyə geniş imkanlar yaradıb. Ermənistanda Qarabağ ermənilərinin lideri kimi tanınan sabiq prezident Serj Sarkisyanın (2008-2018) Respublika və ona dəstək verən Daşnaksütun Partiyası biabırçı məğlubiyyətə uğradı. Bu partiyalar minimum həddi keçə, yəni heç 5% səs toplaya bilmədi...

Ermənistanda hakimiyyətdən kim getdi? Serj Sarkisyanın Azərbaycana münasibəti aşağıdakı sual-cavabda mükəmməl ifadə olunub. Britaniyalı jurnalist, Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qarabağ münaqişəsi üzrə mütəxəssis olan Tomas de Vaalın “Xocalı ilə bağlı nə düşünürsüz” sualına sabiq prezident belə cavab verib: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa son qoyduq. Baş verən hadisə də bu idi”.

Bu məqam jurnalistin “Black garden” (Qara bağ) kitabında özünə yer alıb. Əlbəttə, verilən sualın ciddi əsası vardı. Bəllidir ki, məhz Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib. Bu kimi qəddarlıqlara əl atmış birisi iqtidardan gedib və üstəlik, parlament seçkilərində rüsvay olub. Bu isə o deməkdir ki, Serj Sarkisyana münasibət nəinki Azərbaycanda, hətta Ermənistanda belə çox pisdir. Azərbaycanın çıxarları baxımından yanaşsaq Serj Sarkisyanın gedişi birmənalı olaraq bizim xeyrimizədir...

ÐаÑÑинки по запÑоÑÑ Nikol PaÅinyan

Nikol Paşinyanın iqtidara gəlməsi ilə nə dəyişəcək? Ən azı o, əlində silah Qarabağda döyüşməyib. Mütərəqqi və çağdaş düşüncəyə sahibdir. Ən başlıcası isə o, rəhbərlik etdiyi 11 günlük etiraz aksiyalarından sonra Rusiyapərəst Serj Sarkisyanı kreslosundan aşırdı. O da qeyd olunmalıdır ki, Serj Sarkisyanın yaxın müttəfiqi olan keçmiş prezident Robert Koçaryan da Rusiyanı Ermənistanın xilaskarı hesab edirdi. Əslində bu tandem məğlub oldu. Nikol Paşinyan elə ilk gündən ABŞ-a sığındı və Qərbyönümlü siyasət apardı. Nikol Paşinyan hələ millət vəkili kimi Ermənistanın Rusiya ilə artan yaxınlığını tənqid edib və Avrasiya İqtisadi İttifaqından çıxmağa üstünlük verib.

Levon Ter-Petrosyan (1991-1998) 2008-ci ilin yayında 15 siyasi partiya və bir ictimai təşkilatın təsis etdiyi "Erməni milli konqresinin" faktiki rəhbərinə çevrilir. O da faktdır ki, Nikol Paşinyan 2012-ci ildə bu konqresin üzvü kimi deputat seçilib. Düzdür, 2013-cü ildə onların yolu ayrıldı və Paşinyan Vətəndaş Müqaviləsi Partiyasını yaratdı. Elə o partiya ilə də iqtidara gəldi. Amma indinin özündə də Levon Ter-Petrosyanı Paşinyanın “xaç atası” hesab edənlər var. Ermənistanın birinci prezidenti öz şagirdini hər cür təhlükədən qorumağa çalışır.

Levon Ter-Petrosyan vaxtilə Qarabağ separatçılarına rəhbərlik edən Robert Köçəryan və Serj Sərkisyanla bacarmadı, onlara məğlub oldu. Hazırda Nikol Paşinyana dəstək verməklə keçmiş rəqiblərini sıradan çıxarmaq istəyir.

Daha bir önəmli məqam: 1998-ci ildə Levon Ter-Petrosyan ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklif etdiyi "Mərhələli həll" variantını Ermənistan üçün məqbul saydı. Əslən Qarabağdan olan, baş nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyan buna qarşı çıxdı.

Qarabağ münaqişəsinin həllinə təsir göstərə biləcək daha bir vacib məqam ondan ibarətdir ki, Ermənistan erməniləri və Qarabağ erməniləri arasında ziddiyyətlər dərinləşir...
Dağlıq Qarabağ məsələsində Azərbaycan üçün daha məqbul mövqe sərgiləyən Levon Ter-Petrosyanın Nikol Paşinyana bəlli təsir imkanının olması növbəti danışıqlar mərhələsində özünü büruzə verə bilər. Əslində Nikol Paşinyanın başqa variantı da yoxdur. Çünki Qərb də Ermənistanla Azərbaycan (və Türkiyə) arasında münasibətlərin normalaşmasında maraqlıdır. Və bu maraq konkret məqamlara söykənir...

ÐаÑÑинки по запÑоÑÑ neft

Söhbət nədən gedir? Bəllidir ki, mərhum Heydər Əliyevin Ermənistanla bağlı yeritdiyi siyasət indi də davam edir. Ermənistan Azərbaycanla qatıldığı bütün beynəlxalq layihələrdən kənarda saxlanılıb. Azərbaycanın imkanlarından daha çox Gürcüstan qazanıb. Ancaq Azərbaycanın imkanları ortada olduğundan daha böyükdür. Əvvəla, Azərbaycan Xəzər dənizində böyük həcmdə karbohidrogen ehtiyatlarına malikdir. Bundan başqa dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edir. Bu gün Xəzər Dənizi dünyada enerji təhlükəsizliyi sahəsində əsas rol oynayan regionlardan biridir. Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həmdə ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır. Xüsusən, bu ilin avqustunda 22 illik müzakirələrdən sonra Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın beş Xəzəryanı dövlət tərəfindən imzalanması ilə bu regiona Qərbin diqqəti daha da gücləndi. Çünki bu tarixi konvensiya bir çox problemlərin həllinə təkan verdi. Cənub Qaz Dəhlizinin Xəzərin hər iki tərəfindəki ölkələrin təbii sərvətləri hesabına genişlənməsi layihəsi indi daha mümkün görünür. Bu konvensiyaya qədər bu, əlçatmaz xəyal sayılırdı. O da məlumdur ki, bu layihə gündəmdədir və Avroasiya məkanında gedən geopolitik proseslərə ciddi təsir edəcək. O cümlədən Dağlıq Qarabağ münaqişəsində Qərb fəallaşacaq və Rusiyaya bu münaqişədən Ermənistana və Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə imkan verməməyə çalışacaq. Bu məsələ Xəzərin təbii sərvətlərindən yararlanmaqda maraqlı olan Qərbin prioritetinə çevrilə bilər.

Orta Asiya ölkələri ilə Azərbaycanı tarixi köklər birləşdirir. Din və dil birliyi Orta Asiya ölkələri üçün xüsusi önəm daşıyır. Və həmin ölkələr Azərbaycandan keçməklə öz neft və qaz ehtiyatlarını Türkiyə üzərindən Avropaya ötürməkdə son dərəcə maraqlıdır. Təbii ki, bu ölkələrin maraqları ilə Rusiyanın maraqları ciddi təzad təşkil edir. Ancaq Qərb üçün bu, son dərəcə cəlbedici görünür. Avropa siyasi baxımdan sürüşkən olan Rusiyadan enerji asılılığını azaltmaq və alternativ imkan əldə etmək haqqında düşünür. Ona görə də Qərb Dağlıq Qarabağ münaqişəsini “win-win” (hər iki tərəfin qələbə hesab edə biləcəyi varinatda) düsturu ilə həll etməkdə maraqlıdır.

Ermənistanın bu kimi möhtəşəm layihələrə dəvət olunması, yəni boru və digər kommunikasiya xətlərinin bu dövlətin ərazisində keçməsi qonşu dövlət üçün son dərəcə önəmlidir. O da aydındır ki, bu kimi layihələr təkcə Ermənistanla Azərbaycanın münasibətlərini normallaşdırmayacaq, həm də Ermənistanın Türkiyə ilə yaxınlaşmasını təmin edəcək. Orası da var ki, Azərbaycan və Türkiyə ilə anlaşan Ermənistan Qərb sərmayəsi üçün daha cəlbedici görünəcək...

Ermənistanın yeni enerji mənbələrinə ciddi ehtiyacı var. Hazırda bu ehtiyacı 1976-cı ildə inşa edilmiş Metzamor Atom Elektrik Stansiyası qismən ödəyir. Bəllidir ki, bu stansiya texniki baxımdan çoxdan köhnəlib, dünyanın ən etibarsız reaktorlarına sahibdir.

ÐаÑÑинки по запÑоÑÑ Metsamor Atom Elektrik Stansiyası

O vaxt SSRİ-nin aparıcı alimləri bu stansiyanın tektonik zonada tikilməsinə etiraz etmişdi. Bu stansiya ətraf ölkələr üçün də təhlükədir. Paytaxt İrəvandan cəmi 32 km. uzaqlıqdadır, yəni bu stansiyada hər hansı bir partlayış baş versə regionun “saat bombası” işə düşəcək. Bu isə Çernobil nüvə fəlakətinin Ermənistan ərazisində təkrarlanması deməkdir. Ermənistanın yeni rəhbərliyi bu amili də nəzərə almaq zorundadır.

O da faktdır ki, 3 milyona yaxın əhalisi olan Ermənistan 100 milyon nəfərdən çox türkün yaşadığı bölgədə yer alıb. Böyük bir çoxluqla düşmənçilik etmək bütün parametrlər baxımından yanlışdır.

Ermənistan-Azərbaycan: Savaşmı, barışmı? Savaş Ermənistana və Azərbaycana fəlakət gətirəcək. Rusiyanın Qafqazda daha da möhkəmlənməsini təmin edəcək. Bu isə həm Ermənistanın, həm də Azərbaycanın Rusiyaya qarşı müqavimət gücünü kəskin şəkildə aşağı salacaq. Barış isə Ermənistana və Azərbaycana daha böyük sürətlə inkişaf etməyə, Qərbə yaxınlaşmağa və müvafiq olaraq Rusiyadan təhlükəsiz şəkildə uzaqlaşmağa yardım edərdi. Mənə görə, Ermənistanla Azərbaycan arasında barışın alternativi yoxdur. Əks təqdirdə, Azərbaycanın uzun illər ərzində yaratdığı, möhkəmləndirdiyi və ən müasir silahlarla təmin etdiyi 100 minlik ordu öz sözünü deməlidir. İtirilmiş torpaqlar qələmlə də əldə oluna bilər, süngü ilə də. Ermənistan seçimlə üz-üzədir və gələcəyini özü müəyyən etməlidir...(Elbəyi HƏSƏNLİ, SÜRİX)

Tarix: 19-12-2018, 08:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}