Ölkədə 122 siyasi məhbusun olduğu bildirilir


Son vaxtlar bəzi məhbus ailələri və təhlilçilər deyirlər ki, Azərbaycanda siyasi məhbus məsələsi bir xeyli gündəmdən çıxıb. Onların vurğulamasına görə, bu mövzunu həm yerli hüquq müdafiəçiləri, həm də beynəlxalq təşkilatlar ikinci plana keçiriblər.
Belə fikirlərin nə dərəcədə əsas və hazırda Azərbaycan həbsxanalarında nə qədər siyasi məhbus sayılan şəxs var?
“122 siyasi məhbus var”
Sülh və Demokratiya İnstitutu hazırda Azərbaycanda 122 siyasi məhbusun olduğunu bildirir.
Bu barədə AzadliqRadiosuna institutun direktoru Leyla Yunus danışıb.
Leyla Yunus onların 6 qrupa bölündüyünü bildirib:
“Birinci qrupa jurnalistlər və bloqerlər daxildir ki, 7 nəfər təşkil edir. İkinci qrupa yenə 7 nəfərdən ibarət müxalif partiyaların üzvləri daxildir. Üçüncü qrup dindarlardır ki, onların sayı 20-dir. Dördüncü qrup “Tərtər işi” adlanır, bura 27 nəfər daxildir. Ömürlük azadlıqdan məhrum edilən Yunis Səfərovun daxil olduğu “Gəncə işi”ndə 47 məhbus var. Nəhayət, sonuncu, 6-cı qrup ömürlük cəza çəkənlərdir ki, 14 nəfərdirlər”.Leyla Yunusun sözlərinə görə, Azərbaycanda Rusiyaya nisbətən əhali sayının müqayisədə siyasi məhbusların sayı çoxdur:
“142 milyonluq Rusiyada 400 civarında siyasi məhbus varsa, 10 milyon əhalisi olan Azərbaycanda 122 nəfər siyasi motivlərlə həbs olunan şəxs var.”
Onun vurğulamasına görə, hazırda siyasi məhbusların vəziyyəti ağırdır:
“ “Tərtər işi” və “Gəncə işi”ndə həbs olunanların istintaq materiallarını oxuduqca, adam dəhşətə gəlir.
Hüquq müdafiəçisi Azərbaycan daxilində siyasi məhbus probleminə laqeyd münasibət olduğunu hesab edir:
“Azərbaycan hökuməti qətnaməyə hörmət etmir”
“Xüsusən hökumətin siyasi motivlərlə həbs olunan insanlara heç bir diqqəti yoxdur. Amma Avropanın insan hüquqlarını müdafiə edən təşkilatları siyasi məhbusları diqqətdə saxlayır. Bu ilin mayın 17-də Avropa Şurasının İnsan Hüquqları Komitəsi xüsusi iclasında siyasi məbuslarla bağlı qətnaməni müzakirə predmetinə çevirdi. Azərbaycan hökuməti qətnaməyə hörmət etmir, çünki siyasi məhbusları azadlığa buraxmır. Yaxın aylarda İnsan Hüquqları Komitəsi siyasi məhbuslar məsələsinə yenidən qayıdacaq”.
YAP-çı deputat: “Amma mən belə hallara rast gəlməmişəm”
Ancaq hakim Yeni Azərbaycan Partiyasını ( YAP) Milli Məclisdə təmsil edənlərdən Hikmət Babaoğlu Azərbaycanda siyasi məhbus olmadığı qənaətindədir. Onun sözlərinə görə, siyasi məhbus o zaman ola bilərdi ki, kimlərsə siyasi əqidəsinə əsasən mənimsədiyi siyasi dəyərlər üstündə təqib edilsin, yaxud cəzalandırılsın:
“Amma mən belə hallara rast gəlməmişəm”.
Hikmət Babaoğlu hesab edir ki, hazırkı dövrdə siyasi məhbus ifadəsi aktuallığını itirməkdədir:
“Siyasi azadlıqlar qanunlarla dəstəklənir”
“Çünki Azərbaycanda siyasi fəaliyyət üçün ilk növbədə konstitsion təminat var və siyasi azadlıqlar qanunlarla dəstəklənir. İkinci, biz tədricən ənənəvi cəmiyyətdən virtual cəmiyyətə doğru addım atmaqdayıq. Klassik cəmiyyətlərdə məhdudlaşdırılması mümkün olan hansısa fəaliyyəti virtual cəmiyyətdə məhdudlaşdırmaq mümkün deyil. Virtual cəmiyyət də real cəmiyyətimizə o qədər inteqrasiya edib ki, əslində, onun inikası kimi çıxış edir.”
Deputat sonra da sual edir:
“Belə olan halda necə siyasi məhbus olmaq olar, ya da siyasi düşüncənə görə təqib mümkündür? Axı bütün bu yeni imkanlar insanları yeni düşüncələrini, fəaliyyətini təqdim etmək üçün azad platforma yaradır. Ona görə də belə hallar Azərbaycanda yoxdur. Ümumiyyətlə, kimsə niyə siyasi fəaliyyətinə və əqidəsinə görə təqib olunsun. Mən belə hal bilmirəm”.
Amerikanın səsi
Tarix: 21-09-2021, 15:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}