Prezidentdən korrupsioner məmurlara sərt xəbərdarlıq-yeni mərhələnin anonsu verildi



Yanvarın 12-də ölkə telekanallarına geniş müsahibə verən Prezident İlham Əliyev korrupsiya ilə mübarizə haqqında və yeni kadrların fəaliyyəti barədə də danışıb.
Prezident qeyd edib ki, korrupsiyaya qarşı mübarizə davam edəcək: “Bu il bu sahədə mübarizə davam etdiriləcək. Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksək vəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox ”ayı xidməti"nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq.
Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır".
Prezident İlham Əliyev deyib ki, vacib amillərdən biri də korrupsiya üçün meydanı daraltmaqdır. Burada da əlbəttə ki, institutsional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır: “Bunu sadə sözlə desəm - bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. O da bizim təşəbbüsümüz idi. Bizə qədər bu cür, bu miqyasda və bu əhatədə oxşar bir xidmət sahəsi olmamışdı. Bunu da biz etmişik və bacarmışıq. Ona görə ”ASAN xidmət"in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir, bəlkə də çox. Mən təəccüb edirəm, nə üçün 100 faiz deyil. Çünki orada tam şəffaf mənzərə mövcuddur. Ona görə bütün sahələrdə - iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da, yəni haradakı korrupsiya imkanları var, minimuma endirilməlidir. Belə olan halda uğurlar daha da təsirli olacaq. Ancaq hesab edirəm ki, bizim siyasi iradəmiz artıq hər kəsə bəllidir. Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin".
Prezidentin bu fikirləri korrupsiyaya və rüşvətxorluğa qarşı qarşıdakı mərhələdə mübarizənin daha da güclənəcəyinin anonsu sayılır. Eyni zamanda kadr dəyişikliklərinin davam edəcəyi, həmçinin yeni təyin olunan kadrlara da xəbərdarlıq kimi şərh edilir.
Vahid Əhmədov: “İdman mərc oyunlarında şəffaflıq sıfır səviyyədədir” |  Report.az
Vahid Əhmədov: “Bizə də aydın oldu ki, Azərbaycanın gələcəyi hansı istiqamətdə olacaq”
Milli Məclisin deputatı Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, Prezidentin müsahibəsi bütövlükdə çox yaxşı oldu. Bu çıxış vacib idi və gözlənilirdi: “Şəxsən mən belə bir çıxışın olmasını gözləyirdim. Nəyə görə? Çünki son vaxtlar Qazaxıstanda baş verənlər, Azərbaycan-Ermənistan sərhədində Kəlbəcər və Laçın istiqamətində baş verən hadisələr, unun qiymətinin artmasından, bu və digər məsələlərdən insanların narahatlıq keçirməsi müşahidə edilirdi. Ona görə də bu məsələlərə aydınlıq gətirilməli idi. Bir var ki, hansısa nazir fikirlər bildirir, bir də var ölkənin birinci şəxsi bu məsələlərə öz münasibətini çox əhatəli şəkildə bildirir və açıq şəkildə də bütün suallara cavab verir. Prezident çox vacib məsələlərə aydınlıq gətirdi. Bizə də bir siyasətçi kimi aydın oldu ki, Azərbaycanın gələcəyi hansı istiqamətdə olacaq, hansı problemlər ola bilər və onun qarşısı necə alınacaq.
Korrupsiya və rüşvətxorluq, kadrlar mövzusuna da ölkə başçısı müsahibədə geniş ayırdı. Bu, bir daha onu göstərdi ki, Prezident İlham Əliyevin fəaliyyətində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə mühüm yerlərdən birini tutur. Prezident açıq və sərt şəkildə xəbərdarlığını bir daha etdi. Dövlət başçısı bir sıra məmurların yenə də rüşvətxorluğa meylli olduğunu qeyd etdi. Hətta cənab İlham Əliyev yeni təyin olunan kadrların da bəzilərindən narazı qaldığını bu şəkildə dilə gətirdi ki, yeni təyin edilən bəzi məmurlar müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, köhnə, əyri yola gedir. Prezidentin bu fikirlərinə yeni kadrlar diqqət etməlidirlər, arxayın olmamalıdırlar ki, onlara yeni etimad göstərilibsə toxunulmazdırlar. Kadrların seçilməsi çox ciddi problemlərdən keçir. Yeni kadrların əksəriyyəti gəncdir. Onların sırasında çox savadlıları kifayət qədərdir, ancaq onların təcrübə səviyyəsi yüksək deyil. Birincisi, insanlarla təmasda olmağı, ictimaiyyətə açıq olmağı öyrənmək lazımdır. Yəni kabinet məmuru olmaq, özünü insanlardan uzaq tutmaq müsbət nəticə verə bilməz. Prezidentin tələb etdiyi məsələlərdən biri də budur ki, məmur insanlara açıq olmalıdır.
Cənab Prezident korrupsiya və rüşvətxorluqla, qanunsuzluqla məşğul olan məmurlara kimliyindən asılı olmayaraq güzəşt edilməyəcəyini açıq bəyan elədi. Ona görə də hər kəs fəaliyyətində bu xəbərdarlığı yaddan çıxarmamalıdır.
Biz də korrupsiya problemi ilə bağlı fikirlərimizi zaman-zaman bildirmişik. Amma təəssüf ki, biz bu problemin qarşısını hələlik ciddi şəkildə ala bilmirik. İstər mərkəzi icra orqanlarında, istər yerli icra orqanlarında bu problem var. Bu problem Azərbaycanın inkişafına, insanların normal yaşamasına öz mənfi təsirini göstərir. Ona görə də korrupsiyaya qarşı çox ciddi addımlar atmalıyıq. Prezident artıq xəbərdarlığını bir daha sərt formada etmiş oldu. Bu nəticəyə gəlmək olar ki, qarşıdakı mərhələdə mübarizə kəskin olacaq. Bir kadr rüşvətə, korrupsiyaya bulaşıbsa, ən yaxşı halda o işdə işləməməlidir və istefa verməlidir. Əks halda, onsuz da işdən çıxarılacaq və cəzası daha sərt olacaq".
V.Əhmədov qeyd etdi ki, əvvəllər bəzi məmurlar maaşların azılığından gileylənirdilər və rüşvətə, korrupsiyaya bu amilin yol açdığını deyirdilər. İndi artıq onların bu bəhanəsi də aradan qalxıb: “Son zamanlar cənab Prezident bir sıra orqanlarda maaşları kifayət qədər artırıb. Hüquq-mühafizə orqanlarında, digər bir sıra hökumət orqanlarında maaşlar kifayət qədər yüksəkdir. Amma buna baxmayaraq yenə də çatışmazlıqlar, Prezidentin də dediyi rüşvət, korrupsiya problemi var. Ona görə də bu problemin aradan qalxması son dərəcə vacibdir. Çünki bu problem qaldıqca, qanunsuzluqlar edən məmurlar olduqca insanların narazılığı artır.
Ölkə başçısının müsahibəsindən gəlinən bir nəticə də o oldu ki, kadr islahatları da davam edəcək.  O məmurlar ki, korrupsiya və rüşvəşxorluqla məşğuldur, öz vəzifələrinin öhdəsindən gələ bilimirlər, vəzifələrində qala bilməzlər. Cənab Prezident müsahibəsində ictimaiyyətə və mediaya da səsləndi ki, ictimai nəzarət mexanizmi daha da güclü olmalıdır. Ona görə də ictimaiyyət, vətəndaşlar, xüsusilə media, jurnalistlər aktiv olmalıdırlar, qanunsuzluqlara qarşı mübarizədə Prezidentə dəstək verməlidirlər. Prezidentin müəyyən məsələlərlə bağlı qərar qəbul etməsində bu amilin rolu var. Televiziya kanalları bir qədər cəlbedici olmalıdırlar. Yəni yalnız müsbətləri deyil, mənfi cəhətləri də üzə çıxarmalıdırlar. Hansı sahələrdə nöqsanlar varsa, bu barədə təhlillər, verilişlər, xəbərlər təqdim edilməlidir. Belə olarsa hansısa məmurlar nöqsanlarını gizlədə bilməyəcəklər. İnkişaf etmək istəyiriksə, şəffaflıq, ictimai nəzarət mexanizmi yüksək olmalıdır. Qapalı şəraitdə inkişaf mümkün deyil. Prezidentin müsahibəsində də bu məsələlər əksini tapdı". 

Aydın Hüseynov: “Hər kəs bilir ki, Prezident İlham Əliyev dediyini edir, yəni bu xəbərdarlıqlar elə-belə yerə edilmir”
Deputat Aydın Hüseynov isə bildirdi ki, Prezident İlham Əliyev fəaliyyəti dövründə daim korrupsiya və rüşvətxorluğa qarşı kəskin mübarizə aparıb. Son illərdə isə bu mübarizə daha da kəskin xarakter alıb: “Bu sahədə əldə olunan nəticələr yüksəkdir. Artıq bir sıra sahələrdə ciddi irəliləyişlər var. Cəmiyyətdə yeni baxış formalaşıb. Prezidentin müsahibəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davam edəcəyini bildirməsi cəmiyyət tərəfindən çox yüksək qiymətləndirilir və cəmiyyətdən Prezidentə bu işdə dəstək ifadə olunur. Prezidentimiz də ictimai nəzarətin vacibliyini xüsusi vurğulayıb. Prezidentin qarşıya qoyduğu bütün vəzifələr məmurlar tərəfindən icra olunmalıdır. Xəbərdarlıqdan nəticə çıxarılmalıdır. Hər kəs bilir ki, Prezident İlham Əliyev dediyini edir. Yəni bu xəbərdarlıqlar elə-belə yerə edilmir”.


Milli Məclisin deputatı Elman Nəsirov isə bildirdi ki,  Prezidentin müsahibəsindəki fikirlər korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin bundan sonra daha da gücləndirilməsinin mesajı kimi qəbul edilə bilər. Eyni zamanda yeni təyin edilmiş məmurlara da “məsuliyyətli olun” çağırışı var". Hansı məmur sələfləri kimi davranacaqsa, dəmir barmaqlıqlar arxasında qalmaq taleyi onları gözləyir. Ona görə də taleləri, necə deyərlər, öz əllərindədir: “Prezident məmurları vəzifələrə təyin eləyərkən əsas xəbərdarlığı məhz bu neqativ məsələlərlə bağlı olur ki, onlar işlədikləri yerlərdə rüşvətə və korrupsiyaya qarşı amansız mövqedə dayansınlar, mübarizə aparsınlar. Cənab Prezidentin xəbərdarlığından kimlər nəticə çıxarmırsa, bu gün yüksək dövlət məmurlarının məhz rüşvət və korrupsiya hallarına görə həbs edildiyi hər kəsə bəllidir, bundan nəticə çıxarmalıdırlar.
Cənab Prezident kadr seçimi məsələsinə xüsusi diqqət yetirilməli olduğunu da bəyan elədi. Kadr islahatları ölkəmizdə siyasi islahatların mühüm tərkib hissəsi kimi reallaşmaqdadır. Bütün sferalarda ciddi kadr islahatları həyata keçirilib. Bu prosesdə dövlət rəhbəri incə bir məqama diqqəti cəlb etdi ki, bəzi yeni kadrlar zaman keçdikdən sonra köhnə üsluba qayıdırlar və bu, yolverilməzdir. Prezident bununla nümayiş etdirdi ki, yeni kadrların bəzilərinin işindən narazıdır və xəbərdarlıqları onlara da aiddir. Prezident insanları neqativ hallara biganə qalmamağa çağırdı. Bu baxımdan ictimai nəzarətin institutsionallaşmasına da ehtiyac var. Xüsusilə bu işdə medianın üzərinə böyük məsuliyyətin düşdüyünü ölkəmizin rəhbəri vurğuladı. Hesab edirəm ki, media bunu nəzərə almalıdır. Prezident bununla mediaya yüksək önəm verdiyini göstərmiş oldu.  Bütün sferalarda “ASAN xidmət” modelinin tətbiqinin önəmli olması da müsahibədə vurğulandı. Yəqin ki, bundan sonra bu məsələ də nəzərə alınacaq".
Tarix: 14-01-2022, 12:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}