Beynəlxalq təşkilat Azərbaycanda 44 milyon manatlıq məhkəmə iddiası qaldırdı — İşdə Heydər Babayevin adı hallanır


Azərbaycanda vəzifəli şəxslərin adından istifadə edərək dələduzluq etməkdə təqsirli bilinən 1950-ci il təvəllüdlü Eldar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, “Bank Standard"ın Kreditorlar Komitəsinin üzvü olmuş Vəliyev Rişad Höccət oğluna qarşı Eldar Məhərrəmov dələduzluq edilib. Vəliyev Rişad Höccət oğlu "Bank Standard"ın Kreditorlar Komitəsinin üzvü olub. O, komitəyə Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü ilə daxil edilib.

İstintaq orqanı tərəfindən Eldar Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 29, 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətməyə cəhd) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar Məhərrəmov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünas fakultəsini bitirdikdən sonra 1989-cu ilin sentyabrınadək Gəncə şəhərində baş müstəntiq vəzifəsində, 1989-cu ilin sentyabrından 24 yanvar 1990-cı ilədək Nəqliyyatda Baş Polis İdarəsinin baş müstəntiqi, 24 yanvar 1990-cı ildən Naxçıvan MR, Nəqliyyatda Baş Polis İdarəsinin baş müstəntiqi, 1991-ci ilin sonlarından 1993-cü ilin iyul ayınadək Naxçıvan MR DİN-də baş müstəntiq vəzifəsində, 1993-cü ilin iyul ayından 2000-ci ilin dekabr ayınadək qeyri-rəsmi olaraq Azərbaycan Respublikası Milli Məcilisdə Qanunvericilik şöbəsində müşavir vəzifəsində işləyib: “2007-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovniki rütbəsində təqaüdə çıxdım. Bundan sonra Azərbaycan Respublikasında bir sıra Ali məktəblərdə hüquq üzrə mühazirələr oxudum”.

“Azərbaycan üzrə rəhbəri təyin olundum”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2007-ci ildə Azərbaycan Respublikası Ali Məktəblərinin biri tərəfindən göndərişlə Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən müşavirə zamanı Macarıstan Parlamentinin üzvü olan milliyətcə macar Rudolf Adamla tanış olub: “Daha sonra Rudolf Adamın vasitəsilə “VR Energie GmBH”nin prezidenti Reitenbax Valentin və maliyyə direktoru Rudolf Kalan ilə tanış oldum. Reitenbax Valentinin təklifi ilə “VR Energie GmBH”nin hüquq şöbəsinin rəhbəri vəzifəsinə təyin edildim. Bir müddət sonra Reitenbax Valentinin əmri ilə “VR Energie GmBH”nin maliyə fondları əsasında yaradılmış Humanitar Fondunun Azərbaycan üzrə rəhbəri təyin olundum. Həmin fond dünya Dövlətləri üzrə ianə paylamaqla məşğul olur”.

“Rəis müavini mənə Rişad haqqında məlumat verdi”

Eldar Məhərrəmov bildirib ki, zərərçəkmiş Rişad Vəliyevi  2006-cı ildən tanıyır: “Onunla ilk dəfə Bakı şəhər Baş Polis İdarəsinin köhnə inzibati binasının qarşısında təsadüfən görüşdük. Həmin vaxt Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olan dostum Məmməd Məmmədovun yanına ziyarətə gəlmişdim. Zərərçəkmiş şəxslə polisin inzibati binasının girişində salamlaşdım. Onun Məmməd Məmmədovun yanından çıxdığını növbətçi hissədən öyrəndim. Sonra Məmməd Məmmədovdan həmin şəxsin kim olduğunu soruşdum. O da mənə Rişad haqqında məlumat verdi və “bir nəfər yaxın yoldaş xahiş edib, mən də ona köməklik etdim” dedi. Bundan sonra bir daha Rişadı görməmişəm”.

“Təklifimi qəbul etdi”

Təqsirləndirilən şəxs bildirib ki, 2007-ci ilin əvvəllərində  Almaniyanın Düseldorf şəhərində olarkən Hötenin büstünün yanında təsadüfən 2-ci dəfə Rişadla raslatlaşıb: “Biz bir birimizi sifətdən tanıdıq. Orada söhbət etdik. Mən  Rişadın, Rişad isə mənim adımı bildir. Söhbət əsnasında Rişad bildirdi ki, gəmiçiliklə məşğul olan bir nəfər dostu var, onun işinə kömək etmək üçün Düseldorfa gəlib. Mən də ona ümumdünya qurumunda işlədiyimi bildirdim. Həmin vaxt ona +41 -lə başlayan öz İsveç nömrəmi, o da ona öz  nömrəsini verdi. Bundan sonra zəngləşərək təxminən 3-4 dəfə bir yerdə görüşdük. Sonuncu görüşlərimiz Fridrixsdorfda oldu. Ona işlədiyim qurumun məsul katibi və maliyyə direktoru ilə tanış olmasını təklif etdim. Bildirdim ki, əgər rəhbərlik tərəfindən razılıq verilərsə, onu qurumda işə düzələdə biləcəm. Rişad həmin təklifimi qəbul etdi. Onu məsul katib və maliyyə direktor Rudolf Kalanla tanış etdim. Həmin gün işim ilə bağlı təyyarə ilə ilk əvvəl İstanbul vasitəsi ilə Bakıya gəldim. Bakıda bir həftə qaldıqdan sonra isə Tehrana getdim. Bakıda olarkən qurumun rəhbəri Raytinbax Valentinlə danışdım. Həmin vaxt mənə a bildirdi ki, namizdəliyini verdiyim Rişad məsul katib Rudolf Kalan sınaq müddətinə qəbul edib, bir müddət sonra qurumun MDB ölkələri, o cümlədən Azərbaycan Respublikası üzrə işləri başlananda ondan, yəni zərərçəkmiş şəxsdən istifadə ediləcəkdir. Səhv eləmirəmsə 2008, yaxud 2009-cu ildə Reytinbaxın müvafiq əmri ilə Rişad qurumda MDB və Azərbaycan Respublikaları üzrə müşavir-məsləhətçi işinə qəbul edildi. Bu o deməkdir ki, qurum Azərbaycana ianə ayırarkən həmin pul vəsaiti Rişadın adına, onun adına açılacaq bank hesabına köçürüləcəkdir”.

“Azərbaycana 50 milyon dollar pul ayırdı”

Eldar Məhərrəmovun sözlərinə görə, baxmayaraq ki, hüquq departamentinin direktoru ilə yanaşı, həm də qurumun Humanitar fondunun Azərbaycan regionu üzrə rəhbəri olsa da, uzun müddət işi ilə bağlı Avropa dövlətlərinin məsul vəzifəli şəxsləri ilə görüşdə olduğum üçün Azərbaycana ayrılan ianə məhz onun deyil, onun təklifi ilə qurumda işə götürülmüş Rişadın bank hesabına köçürülməli idi: “Raytinbax öz adına olan 535 milyon dollarlıq qızıl tozunun bir hissəsini satmaqla Azərbaycan Respublikasına ianə kimi 50 milyon dollar pul ayırdı. Həmin pul 2010-cu ilin yanvar ayının birinci 10 günlüyündə Rudolf Kalan və satışı həyata keçirən şirkətin nümayəndəsinin iştirakı ilə çarter reysi ilə İsveçrədən Bakıya gətirildi. Rişadın təklifi ilə həmin pullar onun adına Standartbank QSC-də açılmış hesabına yatırıldı. Bu barədə mənə Raytinbax özü telefonla danışarkən məlumat verdi. Həmin ərəfədə Avropada öz işlərim ilə məşğul oldum. Pullar Rişadın adına açılmış bank hesabına 3 günlük köçürülməli, 3 gün müddət ərzində isə həmin pullar Rişadın adından həmin bankda açılmalı olan qurumun hesabına köçürməli idi”.

“44 milyon dollardan artıq pul nə Rişada qaytarıla bilər, nə də ki...”

Təqsirləndirilən şəxs bildirib ki, 2016-cı ildə Raytinbax onunla əlaqə saxlayıb: “Bildirdi ki, Azərbaycanla bağlı BMT tərəfindən təsdiq edilmiş layihələrin həyata keçirilməsi üçün pulların hesabda olub-olmamasına nəzarət edim. Çünki qurumun işçiləri heç cür Rişadla əlaqə saxlaya və onu tapa bilməyib. Həmin ərəfədə bizə məlum oldu ki, Standartbank QSC ləğv olunma prosesindədir və bankın hesabları Əmanətlərin Sığortalanması Fondundadır. 2017-ci ilin sentyabr-oktyabr-noyabr aylarından təxminən 2018-ci ilin fevral ayının sonuna kimi Rişadla təxminən 10 dəfədən artıq görüşdüm. Həmin görüşlərdə Rişad məndən xahiş etdi ki, Standartbank QSC-dən onun hesabında olan 44 milyon dollardan artıq pulu geri qaytarmaqda ona köməklik edim. Rişad öz səhvini düzəltməklə həmin pulları qurumun Humanitar Fondunun Azərbaycan regionu üzrə rəhbəri kimi mənim hesabıma köçürsün. Bunun üçün dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna getdim. Lakin həmin qurumdan mənə bildirildi ki, həmin 44 milyon dollardan artıq pul nə Rişada qaytarıla bilər, nə də ki, başqa hesaba köçürülə bilər”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra vəziyyətlə bağlı Raytenbaxla danışıb: “Belə qərara gəlindi ki, həmin pulun, yəni 44 milyon dollardan artıq məbləğin Standartbank QSC-dən alınaraq mənim hesabıma köçürülməsi ilə bağlı müvafiq qaydada-iddia ərizəsi ilə məhkəməyə müraciət edək. Bundan sonra Raytenbax tərəfindən imzalanmış 2019-cu ildə iddia ərizəsi ilə ilk əvvəl Səbail rayon məhkəməsinə müraciət olundu. Lakin həmin məhkəmənin 15 iyul 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına alınması yol verilməz hesab olundu. Bundan sonra ardıcıl olaraq Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin İnzibati-İqtisad Kollegiyalarına şikayətlər olundu. Bütün proseslərdə verilmiş iddia mümkünsüz sayıldı”.

“Heydər Babayevə güvəndim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rişadın sözlərinə görə, 1990-cı illərdən müxtəlif biznes - xarici ölkələrə neft ixracı, habelə neft məhsullarının, neft avadanlıqlarının, həmçinin məişət texnikalarının alqı-satqısı, inşaat işləri ilə məşğul olub: “Hazırda MMC şirkətin təsisçisiyəm. Həmin şirkət investisiya və neft avadanlığının xarici ölkələrdən alınaraq gətirilməsinin təşkili ilə məşğuldur. Biznes fəaliyyəti ilə məşğul olduğu dövrlərdə əldə etdiyim qazancları şəxsi pul vəsaitini müxtəlif bank hesablarında saxlamışam və pul faizlərindən də qazanc əldə etmişəm. 2001-ci ildən isə şəxsi pullarımı “Standartbank” Kommersiya Bankında saxlamaq qərarına gəldim. Həmin dövrdə bankın sahibi Azərbaycan Respublikası prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət komitəsinin sədri Heydər Babayevlə 1980-ci illərdə Ukrayna Respublikası Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq İqtisadi əlaqələr şöbəsində bir yerdə təhsil aldığım vaxtdan tanış olmuşam. Ali Məktəbi başa vurduqdan sonra da Heydər Babayevlə münasibətlərim davam edib. Heydər Babayevlə şəxsi tanışlığımız olduğuna görə, ona güvəndiyimdən 2001-ci ildə bankın filialında öz adıma bir neçə şəxsi depozit bank hesabı açdırdım. Həmin vaxtdan başlayaraq özümə məxsus pul vəsaitlərinin bir hissəsini müxtəlif valyutalarda - manat, Avro və ABŞ dolları pullarını hissə-hissə olmaqla orada yığmağa başladım”.

“Heydər Babayevin sözlərinə inandım”

Zərərçəkmiş şəxsin sözlərinə görə, 2011-ci ildən başlayaraq Heydər Babayev ilə söhbətlərdə sonuncu bankın yuxarı dairələrə məxsus olduğunu, etibarlı və böyük perspektivli bank olduğunu deyib: “Mən də özünə inam yaratdı və bütün pul vəsaitlərimi həmin bankda toplamağımı təklif etdi. Mən də Heydər Babayevin Azərbaycan Respublikasında yüksək vəzifələr tutduğundan, onun sözlərinə inandım. Həmin bankda təxminən 10.000.000 ABŞ dollarınadək pul vəsaiti yerləşdirdim. Bundan sonrakı müddətdə özümə məxsus şəxsi pul vəsaitlərini digər banklardan bu bankın hesablarına yerləşdirməyə başladım”.

“Heydər Babayev razılaşacağımızı bildirdi”

Rişadın sözlərinə görə, 2014-cü ilin təxminən sentyabr ayında Heydər Babayevlə Bakı şəhəri Nəsimi rayonu ərazisində “Sapfir” otelində yerləşən ofisində bankının idarə heyətinin sədri, bildiyinə görə Heydər Babayevin xalası oğlu Oruc adlı şəxsin iştirakı ilə görüşəndə söhbət əsnasında Heydər Babayev, bankının 49 %-nin özünə, 51 %-nin başqa bir yüksək vəzifəli şəxsin ailəsinə məxsus olduğunu deyib: “Heydər Babayev bankının özünə məxsus 49 %-ni və “Standart Qrupu” isə tam olaraq 70.000.000 ABŞ dollarına mənə satmağı təklif etdi. Mən isə həmin məbləğə gücüm çatmadığını dedim. Heydər Babayev, bütün pul vəsaitlərini banka toplamağımı, gələcəkdə satılan şirkətlərin satış məbləğini aşağı salıb, razılaşacağımızı bildirdi”.

“41.000.000 ABŞ dolları pul toplandı”

Rişad qeyd edib ki, həmin vaxtadək bankda onun təxminən artıq 20.000.000 -30.000.000 ABŞ dolları pulu olub: “Bundan sonra özümə məxsus pul vəsaitlərini daha çox miqdarda bankda yerləşdirməyə başladım. Bundan əlavə, yuxarıdakı söhbətlərdən bankının 2014-2015-ci illərdə müşahidə şurasının sədri Kamal adlı şəxsin də məlumatı olub. 2014-cü ilin sonlarından başlayaraq bankda saxladığım pul vəsaitlərimi ABŞ dolarına konvertasiya etdim. Sonuncu dəfə 2015-ci ilin təxminən noyabr ayında həmin bankda depozit hesabına pul yerləşdirdim. 2015-ci ilin dekabr ayınadək faizlərlə birlikdə bank hesabında illik 11-12 % qazanc ödənilməklə təxminən 41.000.000 ABŞ dolları pul toplandı”.

“Heydər Babayev tapşırıq verəcəyini bildirdi”

Rişad deyib ki, 2015-ci ilin dekabr ayında o, şəxsi ehtiyacı ilə əlaqədar pul lazım olduğundan hesabından pulları çıxarmaq məqsədilə bankının Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən filialına müraciət edib: “Bankın idarə heyətinin sədr müavini Orxan Xubanov bankın işində çətinliklər olduğundan hesabımda olan pul vasitindən verilməyəcəyini bildirildi. Həmin ərəfədə Heydər Babayevlə dəfələrlə telefonla əlaqə saxladım. Heydər Babayev narahat olmamağımı, bankının saxlanılacağına söz verildiyini, bankının Azərbaycan Respublikasının maliyyə sistemində böyük çəkisi olduğundan dövlət tərəfindən ciddi dəstək veriləcəyini, mənim pul vəsaitimin batmayacağını dedi. Belə olduqda Heydər Babayevə illik faizi aşağı salınmaqla hesabımda olan pul vəsatinin sığortalanmasını təklif etdim. Heydər Babayev etiraz etmədi. Həmin dövrdə bankın idarə heyətinin sədri Abbas adlı şəxsə müvafiq müqavilənin hazırlanması üçün tapşırıq verəcəyini bildirdi”.

“Heydər Babayevin göstəriş verdiyini başa düşdüm”

Rişad qeyd edib ki, 2016-cı ilin təxminən aprel ayında bankın Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən filialında bankın idarə heyətinin sədri Abbasla ikilikdə görüşüb: “Orada Abbasın sözlərinə görə Heydər Babayevin həqiqətən də mənim depozit müqaviləmin yenilənməsinə dair göstəriş verdiyini başa düşdüm. Həmin vaxt ASC ilə illik 3 faiz gəlir verilməsi şərti ilə məbləğin sığortalanmasına dair depozit müqaviləsi təqdim edildi. Həmin vaxtadək bank depozitlərinə görə illik 11-12 % qazanc ödənildi. Lakin depozitdə olan pulları sığortasız oldu. Müqaviləni nəzərdən keçirdikdə müqavilənin bəzi şərtləri məni qane etmədiyindən müqaviləni imzalamadım. Yenidən tərtib edilməsini xahiş etdim. Həmin vaxt axşam saatları olduğundan Abbas müqaviləni sonrakı günlərdə hazırlatdıracığına söz verdi. Mən də yeni müqaviləni imzalamayıb oradan getdim. Sonradan şəxsi işlərim ilə əlaqədar Azərbaycandan xaricə – Almaniyaya getdim. Orada olduğum müddətdə Abbasın köməkçisi Məhbubə adlı qadınla telefonla əlaqə saxladım, Azərbaycandan kənarda olduğuma görə gələ bilməyəcəyimi dedim. 2016-cı ilin may-iyun aylarında mənə məlum oldu ki, bankın  fəaliyyəti dayandırılıb”.

“Pullarımı ala bilmədim”

Rişad deyib ki, 2016-cı ilin iyul-avqust aylarında o, Bakıya qayıtdıqdan sonra yuxarıda göstərilən Orxan və Məhbubə ilə əlaqə saxladıqda onlar idarə heyətinin sədri Abbasın vəzifədən kənarlaşdırıldığını bildirib, onunla görüşməkdən yayınıblar: “2016-cı ilin sentyabr ayında qeyd edilən bank müflis elan olundu. 2016-cı ilin sentyabr ayınadək faizlərlə birlikdə bank hesabımda 44.227.238,35 ABŞ dolları pul toplanmışdı. Daha sonra Əmanətlərin Sığortalanması Fonduna da getdim. Orada əmanətimin taleyi ilə maraqlansam da, pullarımı ala bilmədim. Bundan sonra bankın digər əmanətçiləri ilə birlikdə Azərbaycan Respublikasında mülki qaydada məhkəməyə müraciət etdim. Lakin, məhkəmələr tərəfindən iddiam təmin edilmədi və hazırda şikayətlərimiz Avropa Məhkəməsinə göndərilib. 2017-ci ildə tanış olduğum Tahir adlı şəxslə söhbət əsnasında pullarımın bankda qaldığını, buna görə məhkəmələrə müraciət etdiyimi danışdım. Bir müddət sonra Tahirlə əlaqə saxladım. Tahir bir nəfər şəxsin pulları geri almaqda kömək edə biləcəyini dediyini danışdı. 2017-ci ilin dekabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində Nəriman Nərimanov heykəlinin yaxınlığında Tahir və dostum Ariflə birlikdə ilk dəfə gördüyüm Sabir adlı şəxslə görüşdük. Həmin vaxt Sabirin sözlərinə görə Tahirin problemim barədə ona da danışdığını başa düşdüm. Söhbət zamanı Sabir, nüfuzlu, geniş əlaqələrə malik olan, yüksək vəzifəli şəxslərlə əlaqəli Eldar adlı tanışının pullarımı geri almaqda mənə kömək edə biləcəyini danışdı. Həmin vaxt  başa düşdüm ki, Tahir özü Eldarı tanımayıb. Bir qədər sonra Sabirin çağırışı ilə ilk dəfə görüb tanıdığım, sonradan dəqiq adı ona məlum olan Eldar tək yanımıza gəldi”.  

“Pullarımı qaytarcağına söz verdi”

Rişadın sözlərinə görə, həmin vaxt ona Eldar bir çox vəzifəli şəxslərlə əlaqəsinin olmasını, həmin dövrdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olmuş Mədət Quliyevi tanıdığını deyib: “Eldar əvvəllər Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işlədiyini, hazırda isə Beynəlxalq Təşkilatın üzvü olduğunu, beynəlxalq vəkil və hüqüqşunas olaraq beynəlxalq şirkətin nümayəndəsi kimi fəaliyyət göstərdiyini danışdı. Eldara 44.227.238,35 ABŞ dolları pullarımın bankda qaldığını danışdım. Eldar yüksək vəzifədə işləyən şəxslərlə əlaqə saxlayacağını, bir neçə gün ərzində pulların qaytarılmasına köməklik edə biləcəyini dedi. Daha sonra müvafiq bank sənədlərini gətirməyimi tapşırdı. Sənədləri nəzərdən keçirəndən sonra daha konkret söz deyə biləcəyini bildirdi. Həmin vaxtda Eldarla əlaqə saxlamaq üçün bir-birimizin mobil telefon nömrələrimizi götürdük. Bir neçə gün sonra 2017-ci ilin dekabr ayının sonlarında Bakı şəhərində xatırlamadığım çayxanaların birində Eldarla görüşdüm. Həmin vaxt Tahir və Sabir də görüşdə iştirak etdi. Tahir və Sabirin görüşə kim tərəfindən çağırıldığını  bilməmişəm. Həmin görüşdə bank sənədlərini Eldara təqdim etdim. Eldar bank sənədlərini nəzərdən keçirəndən sonra bir daha mənə məxsus 44.227.238,35 ABŞ dolları pullarını yuxarıda adlarını çəkdiyi şəxslərin vasitəsilə qaytartdıra biləcəyini söz verdi. Bunun müqabilində həmin pulun 30 %-ni ona ödəməli olduğumu bildirdi. Mən də etiraz etməyərək razılaşdım. Həmin vaxt Eldar işə başlamaq üçün ona avans olaraq əvvəlcədən pul verməyimi istədi. Bundan qəti imtina edərək, əvvəlcədən hər hansı məbləğdə pul verməyəcəyimi, yalnız pulları qaytarıldıqdan sonra həmin məbləğin 30 %-ni verəcəyimi bildirdim. Mənə məxsus 44.227.238,35 ABŞ dolları pulları idarə etməsinə dair notariat kontorunda adına baş etibarnamə verməyimi istədi. Eldarın bu sözlərinə inansam da, 44.227.238,35 ABŞ dolları pullara görə baş etibarnamə verməkdən imtina etdim. Həmin vaxt da Eldar məndən bankda depozit qoyduğum pullara görə müqavilənin, kreditor borcun qeyd olunduğu təsdiqlənmiş sənədin surətini götürərək, narahat olmamağımı, yaxın vaxtlarda pullarını qaytaracağına söz verdi”.

“Onun təklifindən qəti imtina etdim”

Zərərçəkmişin ifadəsinə görə, bundan sonra da təxminən 3-4 dəfə Eldarla, Sabir və Tahirin iştirakı ilə Bakı şəhərində müxtəlif yerlərdə görüşüb: “Həmin görüşlərdə Eldar işlərin aparıldığını, sadəcə bir qədər vaxt lazım olduğunu, pulların qaytarılmasının çətin məsələ olduğunu dedi. Görüşlərin bir neçəsində Arif də iştirak etdi. 2018-ci ilin təxminən yanvar-fevral aylarında Eldar mənə təklikdə görüşməyi təklif etdi. Etiraz etmədim. Həmin ərəfədə Eldar Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Vüqar Abdullayevlə danışdığını, Vüqar Abdullayevin mənimlə də görüşmək istədiyini, Vüqar Abdullayevin özünün şəxsən ona pullarının yaxın vaxtlarda qaytarılacağını, bu barədə yüksək vəzifəli şəxslərin tapşırıq verdiyini deyəcəyini bildirdi. Həmin ərəfədə Eldarla Əmanətlərin Sığortalanması Fondunun qarşısında görüşdük. Lakin Fondun mühafizəçiləri bizi içəri buraxmadılar. Həmin vaxt Eldarın yalan danışmasına şübhələndim. Bundan sonra 2018-ci ilin təxminən fevral ayında Eldar zəng etdi, guya Azərbaycan Respublikasının Qanunvericiliyinə görə pullarını asan yolla ala bilməsi üçün, həmçinin yüksək vəzifəli şəxslərin məsləhəti ilə bankda depozit qoyduğum pullarının qaytarılması məqsədilə həmin pullarının keçmiş tarixlə, yəni 2010-cu il tarixlə xarici ölkə şirkətlərindən biri tərəfindən investisiya məqsədi ilə etibar edilməsinə dair sənədləşdirmək lazım olduğunu, həmin sənədə imza etməyimi, bu dəfə pullarının qaytarılmasını həmin yolla vəzifəli şəxslərin vasitəsilə həll edə biləcəyini bildirdi. Eldarın bu sözlərindən sonra onu aldatdığına daha da şübhələndim və onun təklifindən qəti imtina etdim”.

“Şikayət ərizəsi yazmaqdan imtina etdim”

Zərərçəkmiş deyib ki, bundan bir qədər sonra zəng edən Habil Səfərov adlı şəxs, özünü Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin müstəntiqi kimi təqdim edib: “Eldarı tanıyıb-tanımadığımı soruşdu. Mən də Eldarı hüquqşünas kimi tanıdığımı dedim. Habil Səfərov Eldarın 5.000.000 ABŞ dolları aldatma yolu ilə ələ keçirdiyinə görə sonuncuya qarşı dələduzluq maddəsi ilə cinayət işi başlandığını, hazırda həbsdə olduğunu, Eldarın özünün, oğlunun vurduğu ziyanı qaytaracağını söz verdiyini, guya külli miqdarda pulu olduğunu, bunun təsdiqi kimi onun adına bankda depozit qoyduğu pullara dair sənədləri təqdim etdiyini, guya 44.227.238,35 ABŞ dolları pulların özünə məxsus olduğunu dediyini danışdı. Mən isə Eldarın yalan dediyini, həmin pulların mənə məxsus olduğunu bildirdim. Baş verənləri izah etdim. Eldarın barəsində ərizə ilə onlara müraciət etməyimi təklif etdi. Mən isə Eldarın yaşlı adam olduğuna görə ona yazığım gəldiyindən barəsində şikayət ərizəsi yazmaqdan imtina etdim”.

Rişad deyib ki, sonuncu dəfə 10 sentyabr 2020-ci ildə Eldar ona zəng edib, onun zənglərinə cavab vermədiyinə görə iradını bildirib: “Bu dəfə konkret olaraq bankda depozit hesabından mənə məxsus 44.227.238,35 ABŞ dolları məbləğində pul vəsaitini çıxarıb, ona verməyimi tələb etdi. Yaşadığım və işlədiyim ünvanları tanıdığını, əks halda məni öldürtdürəcəyini dedi. Bir daha məni hədələdi. Bundan sonra 11 sentyabr 2020-ci il tarixdə Eldarın hərəkətləri barədə hüquq mühafizə orqanlarına müraciət etdim”.

Zərərçəkmiş ifadəsində bildirdim ki, faktiki olaraq ona maddi ziyan dəyməyib, lakin təqsirləndirilən şəxs və əlbir olduğu şəxslər bankda depozit hesabında ona məxsus 44.227.238,35 ABŞ dolları məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd edib.

Məhkəmənin hökmü ilə Eldar 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının əvvəli şübhəli şəxs qismində saxlanıldığı, 26 mart 2021-ci ildən hesablanıb.
Tarix: 13-05-2022, 22:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}