Axı siz millət üçün nə iş görürsünüz ki, millət vəkili kimi maaşınız artsın?! - ETİRAZ


Orta əsrlərdə geniş yayılmış biyar növü qədim tarixdə qalmayıb dövrümüzə qədər yaşadılmış bir qul əməyidir. Biyar kəndlinin torpaq sahibi üçün müftə işləməsi idi və Romadan Azərbaycana qədər yayılmışdı. Yalnız 1870-ci ildə bizdə pulla əvəz edildi, lakin 2022-ci il Azərbaycanına baxanda belə aydın olur ki, deyəsən, biyar ləğv edilməyib. İndi əhalinin qəpik-quruş gəlirləri ilə məmurların, deputatların maaşlarını müqayisə etsək, elə xalqın nökər kimi işlədilməsi məlum olacaq. Bəs, bunun səbəbi nədir? Anaxeber.info yazır ki, səbəb xalqı saymamaq və ona yuxarıdan aşağı baxmaqdır. Belə olmasaydı, Milli Məclisdə oturan antimillət vəkilləri özlərinin 900, başqa sahələrdə çalışanların isə 9 manat maaşını artırmazdılar. Necə olur ki, özlərinə gələndə xərcləri çox olur, bunu bəhanə gətirib məvaciblərini az qala 10 dəfə qaldırırlar, xalqa çatanda isə 9 manatı da çox görürlər. Dünəndən deputatxana üzvlərinin acı gülüş doğuran reaksiyalarını ikrahla izləməmək mümkün deyil - biri deyir ki, bizim maaşımız artanda hamının gözü batır, hətta yetimçiliklə dolanan deputatlarımız var, bir başqası danışır ki, ancaq deputatın maaşı qalxanda görürlər? Qanunverici orqanda təmsil olunasan, vəzifən xalqın problemlərini hökumət qarşısında qaldırmaq ola, amma millətin əleyhinə çıxışlar edəsən. Həmin deputatlar maaşlarının 900 manat qalxmasının xalq tərəfindən normal qarşılanmasını tələb edir, di gəl, parlament tribunasında millətin mövqeyindən, adından iqtidar önündə bir məsələ qaldırmırlar. Ona görə də maaşları qalxanda əhalidə qıcıq yaradır. Axı siz millət üçün nə iş görürsünüz ki, millət vəkili kimi maaşınız artsın?! Əgər bir ölkədə şəhid ailəsi 500, deputat 7500 manat aylıq pul alırsa, ədalət tərəzisi deməli, çoxdan pozulub. Artımlardan sonra deputatlar 7 455 manat, komissiya sədrinin müavini olanlar 7 987,5 manat, komitə və ya komissiya sədri olanlar 8 520 manat, Milli Məclisin sədrinin müavini 9 052,5 manat, Milli Məclisin sədrinin birinci müavini isə aylıq 9 585 manat maaş alacaqlar. I qrup əlillərə - 400 manat; II qrup əlillərə - 350 manat; III qrup əlillərə - 300 manat; Şəhid ailəsinin üzvlərinə isə aylıq 500 manat məbləğində təqaüd müəyyən edilib. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat, Milli Qəhrəmanı adı verilmiş şəxslər isə aylıq 1800 manat məbləğində təqaüd ödənilir. Müharibə veteranlarına isə aylıq 80 manat məbləğində təqaüd verilir. Deputatlarla qazi, şəhid ailəsi, hətta Milli Qəhrəman fərqini gördünüz. Halbuki parlamentdə nə qazi deputat var, nə şəhid övladı olan millət vəkilimiz var, Vətən üçün də heç bir iş görməyiblər, amma hamıdan çox maaş alırlar. Üstəlik, az qala camaatın gözünü çıxarlar ki, pulumuzu sayırsınız. Bəli, millət öz vəkilinin pulunu da sayar, təftiş də edər, sorğulayar da, onun vergisi ilə dolan büdcənin vəsaitlərindən kimə nə qədər getdiyinin hesabatını da istəyər. Əgər bu parlamentin xalqa heç bir faydası yoxdursa, xalqın seçmədiyi, hakimiyyətin təyin etdiyi deputatlardırsa, onda hansı əməli saleh işlərinə görə maaşları bu səviyyədə artmalıdır?! Hələ ombudsman, Hesablama Palatası sədrinin da əmək haqlarının qalxıb təxminən aylıq 10 minə çatmasını yada salmaq olar. Nə üçün vətəndaş 350-400, deputat 7500 manat almalıdır? Üstəlik, əksəriyyəti biznes sahibidir, obyektləri, restoranları olanlar var. Onlar bu qədər maaşı haqq etmir. İlboyu ağzına su alıb oturan, millətin bir dərdini dilinə gətirməyən adamlar indi havayı yerə fantastik məbləğdə maaş alacaq. Hətta komitə sədrləri var ki, 10 min aylıq gəliri olacaq. Deputatların maaş artımına yanaşma kökündən qüsurludur. Bu gün Milli Məclis deputatların maaşının kəskin surətdə - 43% artırılması, onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə verilməsini 1-ci oxunuşda qəbul edib. Bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz haqlı olaraq deyib. Onun sözlərinə görə, deputatların böyük əksəriyyətinin real biznesləri var: "Bəziləri heç bunu gizlətmirlər və müsahibələrində qeyd edirlər. Təkrar edirəm ki , mən onların necə seçilməsindən daha çox, indiki oliqarx durumlarına diqqət çəkmək istərdim. Deputat tanıyıram ki, yalnız obyektlərindən topladığı aylıq icarə haqqı 150-200 min manatdır. Seçicilərinin hamısı da bunu bilir. Amma belə olan halda onun maaşını artırmaq nə dərəcədə doğru yanaşmadır? Təsəvvür edin ki, indi bu tip deputat 150 mindən əlavə, həm biznesindən gəlirlər əldə edəcək, həm də 7455 manat dövlətdən alacaq. Bildiyim qədər bəziləri heç bunun fərqində də deyillər". O. Gündüz adlar çəkməsə də, biz nümunə üçün bir neçəsini qeyd edə bilərik: Rüfət Quliyev siqaret biznesi, restoran şəbəkəsi var, İqbal Məmmədov "Relax" istirahət mərkəzinin sahibidir, broyler biznesi belə var, Elnur Allahverdiyev "Kontakt home" mağazalar şəbəkəsini idarə edir, Cavanşir Feyziyev "Avromed" dərman firmasının sahibidir, İmamverdi İsmayılovun nömrə biznesindən tutmuş obyektlərinə qədər var. Əslində siyahını çox uzatmaq olar - Məşhur Məmmədovun "Embavud" mebel şirkəti, Azər Kərimlinin mebel biznesi, Ülvi Quliyevin restoran və dərman işi... Və bütün bu faktlar əsas verirdi ki, deputatların maaşı 43 faiz birdən artmasın. Çünki bunu haqq etmirlər - nə əməlləri, nə xalq üçün fəaliyyəti, nə də öz maddi vəziyyətlərinə görə. Yalnız bir halda deputat maaşı bu dərəcədə arta bilər ki, əhalinin də gəlirləri 9 manat yox, 900 manat qalxsın. Əgər insanlar 400-500 manat maaş alırsa, onun səs vermədiyi deputat nə üçün 7500 almalıdır? İqtisadçı Natiq Cəfərli də bu mövzuda nöqtə vuran fikirlər bölüşüb. O hesab edir ki, nazirlərin maaşı lap 12 min manat da ola bilər, olmalıdır da - tək şərt onların təyin edilmiş deyil də, proporsional qaydada seçilmiş Parlamentdən çıxsınlar və onları təyin edənin deyil də, seçənlərin qarşısında hesabatlı olsunlar: "Ölkədə deputatların maaşı lap 10 min manat da ola bilər, olmalıdır da – yeganə şərt odur ki, seçilmiş olsunlar. Azərbaycanda məhkəmə hakimlərinin maaşı lap 15 min manat da ola bilər, olmalıdır da – yetər ki qanunlarla, ədalətlə, müstəqil qərar versinlər. Və nəhayət, ölkədə maaşlar, təqaüdlər, sosial müavinatlar də kəskin artırılmalıdır, amma paralel olaraq azad, rəqabətli iqtisadi mühit, aşağı vergilər-rüsumlar, ədalətli məhkəmə sistemi də olmalıdır ki, maaş və təqaüdlər artan kimi inflyasiyanın, qiymət artımının “yeminə” çevrilməsin".
Anaxeber.info
Tarix: 23-06-2022, 10:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}