QALİBLƏRİ MÜDAFİƏ ETMƏLİYİK - YAP millətin çox haqlı olaraq Müzəffər adlandırdığı İlham Əliyevə layiq deyil...

QALİBLƏRİ MÜDAFİƏ ETMƏLİYİK - YAP millətin çox haqlı olaraq Müzəffər adlandırdığı İlham Əliyevə layiq deyil...

İllər boyu bizlərə səlib dünyasının ən məkrli, ən murdar ənənələrini “mədəni etalonlar” kimi qəbul etdirə biliblər
Erməni faşistləri tərk etdikləri əraziləri minalarla doldurduqları kimi, Rusiya da, Azərbaycanda illər boyu yaratdığı geniş kəşfiyyat şəbəkəsinə, ruslaşmış böyük təbəqəyə arxayındır
Ötən əsrin 50-ci illərinin ortaları idi. Universitetin tələbələrini adətən istəsə də, istəməsə də “Burevestnik” idman  cəmiyyətinə yazardılar. Sonra da vaxtı, imkanı (həm də həvəsi) olan istədiyi seksiyada çalışa bilərdi.
Cavan idik, çox şeyə fikir verməzdik. Nailiyyətlərimiz şəhərin hüdudundan çıxmazdı. Respublika üzrə beş-altı güləşçimiz var idi, üzümüzü ağardan da onlar idi. Onu görürdüm ki, bir il, iki il bir neçəsinin adı dillərə düşürdü və sonra çox çəkmirdi ki, unudulurdular.
“Neftçiyə” azarkeşlik edirdilər, oyunçularının nazı ilə oynayırdılar. Tarixində bircə dəfə bürünc medal ala bilmiş komandanın üzvlərini hər yerdə fateh kimi qarşılayırdılar. Toy-bayram bir mövsüm oldu, gələn il komanda yenə də axırıncı yerə düşdü. Enerjili vaxtımız idi, baş çəkmədiyimiz yer qalmamışdı. Bir idman cəmiyyətində doğma dilimizdə bir kəlmə də eşitmədik. Bütün işləri rus, erməni “matışkaları” aparırdılar. Niyə etiraf etmirik ki, bizim məşqçilər rayonlardan gələnlərə məhəl qoymayıb, ancaq xaçpərəst balaları, ya da ruslaşmışlarla işləməyi üstün tutardılar. Səbəbini soruşanda cavab verirdilər ki, rayonlardan gələnlər kütdürlər, heç nə qanmırlar. Bayramlarda 50-60 tələbəni idman bayraqları ilə meydanlara çıxarıb nərə çəkirdilər: Azərbaycan idmançılarına eşq olsun!
Gözə kül üfürülürdü və hamı razı qalardı. Yadelli üçün sinov getmək isə qanımızda idi. Qarri Kasparovu bütə döndərməmişdik? Bizim rəhbərlik onun üçün nələr etmədi? Axırda bu vələdüzina da öz erməni xislətini göstərdi.
Açıq danışaq, bu dəqiqə idmanın demək olar ki, bütün sahələrində sözümüzü deyirik. Belə uğurlar yuxularımıza da girməzdi. İş təkcə müstəqillikdə deyil, idarəçilik etibarlı əllərdədir. Qeyrətli insanların sayəsində elə nüfuzlu idman meydanı yoxdur ki, orada bayrağımız dalğalanmasın. Dünən rusdilli, rus qafalı “mütəxəssislərin” başabəla məşqçilərin həqarətlə “çuşka”, “baran” dedikləri gənclik xariqələr yaradır.
Səhv etmirəmsə, 60-cı illərin əvvəlləri idi. Ümumittifaq qılıncoynatma yarışlarında yarıerməni, yarıazərbaycanlı bir qız mükafat qazanmışdı. Stadionda nəhəng mitinqdə rəhmətlik Şıxəli Qurbanov sevincindən danışa bilmirdi. Bu cəfakeş indi sağ olsaydı, mən bilirəm, o, necə haldan-hala düşərdi.
20 il ərzində xariqələr yaratmış gəncliyin mənəvi aləmini qorumaq bizim əsas vəzifəmiz olmalıdır. Ona təlqin edilməlidir ki, o, şücaəti ilə təkcə torpağı yox, millətin bənzərsiz mədəniyyətini xilas edib. Çoxu başa düşmək istəmir ki, qərinələri keçmiş hər hava, hər muğam guşəsi, bir yox, onlarla el sənətkarının əmanətidir. Onlar fani dünyadan rehlət aparıblar. Biz də əgər qeyrət sahibiyiksə əmanət kimi verilmiş sərvəti göz bəbəyi kimi hifz etməliyik.
Müstəmləkə ədəbiyyatının bütün ordenli, medallı xadimlərindən birdəfəlik əl çəkmək lazımdır. Filankəs filan əsərində komsomolu belə vəsf edib, filan romanında sosializm quruculuğunda can qoymuş əmək qəhrəmanlarının dolğun obrazlarını yaradıb və s. bu kimi axmaq mətləblərdən vəzzəriyyat oxuyub baş qatmaq cinayətdir.
İllər boyu bizlərə səlib dünyasının ən məkrli, ən murdar ənənələrini “mədəni etalonlar” kimi qəbul etdirə biliblər. Müqəddəs mehrabların, ziyarətgahların qəsdən murdarlanıbsa, dözməlisən, adət-ənənələrini istehza hədəfinə döndəriblərsə, susmalısan. Sən sovet adamısan, deməli, beynəlmiləlçi olub, rus dilini ana dili olmasını qəbul etməlisən, bu, Leninin dilidir. Etiraf etməliyik ki, Moskva irticası bu sahədə böyük uğurlar qazanıb. Bununla belə, bütün xalq artıq inandı ki, onun üzərinə ölüm saçan bütün silahlar Rusiyanın istehsalıdır, qatillər dinə, imana qənim kəsilənlər, rəhmin nə olduğunu bilməyən vampirlər Rusiyanın övladları və əziz-giram əlaltılarıdır. Rusiya üç əsrə qədər Azərbaycandan havayı daşıdığı var-dövləti unudub. Rusiya unudub ki, Bakı nefti olmasaydı, o xəritədən silinəcəkdi. Erməni faşistləri tərk etdikləri əraziləri minalarla doldurduqları kimi, Rusiya da, Azərbaycanda illər boyu yaratdığı geniş kəşfiyyat şəbəkəsinə, ruslaşmış böyük təbəqəyə arxayındır. Bütün varlığımla əminəm ki, bizim təhlükəsizlik məsələləri ilə məşğul olan qeyrətli zabit korpusu və müvafiq qurumlar rus kəşfiyyatının kökünü birdəfəlik kəsmək iqtidarındadır. Ən təhlükəli düşmən kolloborasionistlər və reneqatlardır. Birincisi işğalçı ilə əvvəl gündən əməkdaşlıq edibsə, düşmənçiliyini gizlətməyi bəzən lazım bilməyibsə, ikincisi isə xəyanətini mədəniyyət maskası ilə ört-basdır edə bilir. Reneqat uşaqlarının rus bölməsində oxuması ilə öyünür, evdə də rus dilində danışmağa üstünlük verir. Müstəqillik illərində əməlli qazanıb dolansa da, fikri-zikri şimalda qalıb. Ruslaşmışın söz-söhbətindən bir nümunə: “Məni heç kim “uprekat” edə bilməz, bizim evdə Novruz bayramını özgə cürə “otmeçat” edirik!”
İstəsək də, istəməsək də məhz Bakıda ruslaşma prosesi hələ dayanmır. Kasıb-kusubun gedə bilmədiyi elit konsertlərə işdir-şayət düşə bilsəniz, auditoriyaya diqqətlə baxın. Bunlar dərd çəkənə oxşamırlar... Kəndistan yerində min qayğı ilə üzbəüz qalmış yeniyetmə qız da, belə yaşamaq arzusundadır. O, yaxşı görür ki, şorgöz nuvorişlərin yağ, bal içində saxladıqları “gözəlcələr” necə hörmət, izzət sahibi olub, ağ günə çıxırlar.
Vətən, iman, qeyrət naminə şəhadətə yetməyi səadət bilən, gəncliyi, ipə-sapa yatmayan, puldan, azğınlaşmış şou-biznes lotularından, reneqatların fəsadından qorumasaq biz uduzacağıq. Üzümüzü Prezident aparatında rahatca oturmuş cənablara tuturam, yəni siz doğrudan da, başa düşmürsünüz ki, telekanalları zaurlara, elgizlərə, elementar mədəniyyətin nə olduğunu bilməyən qızlara etibar etmək nadanlıqdır. Mən şəxsən bunu açıq təxribat sayıram.
YAP-dan da əlimi çoxdan üzmüşəm. Bu partiya gecəni gündüzə qataraq fədakarcasına işləyən, millətin çox haqlı olaraq Müzəffər adlandırdığı İlham Əliyevə layiq deyil. Bu ittihamımı istənilən yerdə sübut edə bilərəm.
Firuz HAŞIMOV
Tarix: 6-05-2024, 16:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}