Tez-tez dava-dalaş, axırda da 22 bıçaq zərbəsi…


Bakıda iki azyaşlı uşaq böyüdən gənc ər-arvad arasında dəfələrlə ailədaxili münaqişə yaranıb. Əri tərəfindən döyülən qadın atası evinə gedib, polisə şikayət edib, sonradan barışıblar, yenidən bir yerdə yaşayıblar. Amma bu münaqişəli ailə həyatı axırda ərin arvadına çoxsaylı bıçaq zərbələri endirməsinə gətirib çıxarıb.

Az qala hər gün ərin arvadı (hərdən isə tərsinə) bıçaqladığı, döyüb öldürdüyü və digər qanlı məişət zorakılıqlarının baş alıb getdiyi ölkədə qanlı cinayətlə yekunlaşan bu növbəti ailədaxili münaqişə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. 29 yaşlı Bakı şəhər sakini Kamran Quliyev qəsdən adam öldürməyə cəhddə ittiham olunaraq müttəhimlər kürsüsündə əyləşib.

Virtualaz.org saytının xəbərinə görə, hadisə ötən il iyulun 18-də Maştağa qəsəbəsində baş verib. Ailə başçısı Kamran Quliyev azyaşlı övladlarının gözü qarşısında arvadına çoxsaylı zərbələr endirib. Onun öldüyünü zənn edərək övladlarını da özüylə götürərək evdən çıxıb. 22 bıçaq zərbəsi alan qadın xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən Kamran Quliyev ifadəsində hadisə həmin gün arvadı Fəqanənin atası evinə getmək istədiyinə görə baş verib.


Əlini uşaqlarının anasının qanına bulayan Quliyevin ifadəsindən sitat: ”Dedim sonra aparacağam, mübahisə düşdü, məni təpiklə vurdu, valideynlərimi söydü. Mətbəxdən bıçaq götürüb Fəqanəni qorxutmaq istədim, onu bıçaqla vuracağımı dedim. Əl-qol atdı, bıçaq qoluna dəydi. Həmin vaxt uşaqlar da yanımızda idi. Bir neçə bıçaq zərbəsi vurduqdan sonra Fəqanə sakitləşdi. Uşaqları da götürüb evdən çıxdım. Uşaqları atamgilə qoyub geri qayıdanda gördüm evdə yoxdu. Xəstəxanaya getdiyini öyrəndim. Bundan sonra Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gəlib hadisə barədə məlumat verdim”.

Zərərçəkmiş Fəqanə Quliyeva isə ifadəsində Kamranla 2013-cü ildə ailə həyatı qurduqlarını, birgə nikahdan iki övladları olduğunu göstərib.

F.Quliyevanın ifadəsinə görə, Kamran taksi sürücüsü işləyib, ailəsini dolandırıb, sakit, dinə bağlı insan olub. Birgə yaşadıqları dövrdə bir neçə dəfə mübahisələri düşüb. Həyat yoldaşı ona əl qaldırdığına görə uşaqlarını da götürüb ata evinə gedib. Amma hər dəfə Kamran onunla barışaraq geri qaytarıb.

Həmin qanlı münaqişədən təxminən bir ay əvvəl ər evini tərk etmək istəyən Fəqanəyə həyat yoldaşı mane olub. Belə ki, azyaşlı uşaqlarını da özüylə atası evinı aparmaq istəyən Fəqanəyə əri imkan verməyib. F.Quliyeva təkbaşına atasıgilə yollanıb, həmçinin ərinin onun incitməsi barədə polis bölməsinə gedərək şikayət ərizəsi yazıb. Qadının bu hərəkəti ər-arvad arasındakı münasibətləri daha kəskinləşdirib.

Ölümdən dönmüş gənc qadının istintaqa ifadəsindən: ”Polisə şikayət etdiyimə görə Kamran məni bağışlamadı. Hətta valideynləri də məndən üz döndərdilər. Bir müddət sonra Kamran mənimlə barışdı, şikayətimi geri götürdüm. Amma Kamranın valideynləri onlarla eyni həyətdə yaşamağıma razı olmadılar. Biz də kirayə ev tutub köçdük”.

Daha sonra onlar kirayə evdə birlikdə yaşasalar da münasibətləri soyuq olub, bir-birlərini danışdırmayıblar. Qadının hər hərəkəti ailə başçısını qıcıqlandırıb. Növbəti dava-dalaş yenə də ata evinə getmək üstündə baş verib.

Fərqanə baş verənləri belə nəql edir: ”Kamrandam məni atamgilə aparmasını xahiş etdim. Dedi, nə vaxt istəsəm onda gedəcəksən, mənim qarşıma şərt qoyma. Ağladım, mübahisə etdik. Özü gəlib hazırlaşmağı tapşırdı. Əvvəl uşaqları geyindirdim, sonra özüm geyinməyə başladım. Bu vaxt kürəyimdə ağrı hiss elədim. Kamran məni yerə yıxıb dizini sinəmə qoydu, bıçaqla vurmağa başladı. Oğlum çox kiçikdi, baş verənləri başa düşmürdü, qızımsa qorxusundan üstümə yıxılıb ağlayırdı. Kamrana müqavimət göstərə bilmirdim. Öldüyümü düşünüb uşaqları götürüb evdən çıxdı, darvazanı bayırdan bağladı. Qonşuları səslədim, heç kim köməyə gəlmədi. Hasardan aşıb küçəyə çıxdım. Avtobusa əyləşib sürücüdən məni xəstəxanaya aparmasını xahiş etdim. Kamranın niyyəti məni öldürmək olub”.

Kamranın valideynləri ər-arvad arasındakı münaqişənin bu həddə gəlib çatmasına Fəqanə Quliyevanın səbəb olduğunu iddia ediblər. Onların ifadəsinə görə, Fəqanədə əqli çatımamazılıqlar olub, durduğu yerdə dava salıb, evi töküb dağıdıb, qadına yaraşmayan söyüşlər söyüb, ilk gündən həm Kamranı, həm də onları bezdirib.

”Ev işlərini qaynanasına gördürürdü, bizə böyük kimi hörmət etmir, “qoca kaftar” deyir, üzümüzə qarşı eşitmədiyimiz söyüşlər söyürdü. Ailəsi dağılmasın deyə oğlumuz onun hərəkətlərinə dözürdü. Hər dəfə dava salanda qışqırıb küçəyə qaçır, bizi biabır edirdi. Bu hərəkətləri ilə Kamranı özündən tamamilə soyutmuşdu. Fəqanə şikayətini geri götürdükdən sonra bizimlə bir həyətdə yaşamaq istəmədiyini deyib Kamranın qarşısına şərt qoymuşdu. Oğlum da məcbur olub kirayə ev tutmuşdu”-qaynata ilə qaynana istintaqa bu versiyanı danışıblar.

Onların ifadəsinə görə hadisədən sonra iki uşağı ilə birgə atası evinə gələn Kamran valideynlərinə arvadını bıçaqladığını söyləyib. Ata-anası ondan hadisənin səbəbini soruşduqda “atası evinə getməyə görə dava saldı, namazdan sonra aparacağımı dedim, namaz qılarkən təpiklə namaz xalçasını dağıtdı, ağır söyüş söyərək məni təhqir etdi, özümü saxlaya bilməyib bıçaqla vurdum” deyə cavab verib.

Məhkəmə prosesi davam edir.


Tarix: 31-03-2018, 20:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}