185 min dollarlıq balıq biznesi- polkovnikin dostuna qarşı dələduzluq işi


Sabiq polkovnikin məhkəməsi başlayıb. Dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt limanının sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanov hakim qarşısına çıxarılıb.

Onun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə Fərhad Məmmədxanov tanışı Eldar Hənifəyevi iş görmək adı ilə aldadıb. Ona balıq satışı işi görməyi və yaxşı qazanc əldə etməyi təklif edib.

Bu məqsədlə Eldar Hənifəyevdən 185 min dollar alıb. Hər ay da qazanc kimi Eldar Hənifəyevə 6 ay 5 min dollar verərək onun etibarını qazanıb.

E.Hənifəyev daha sonra pulunu ala bilməyib və şikayətçi olub.

Məhkəmədə ittihama münasibət bildirən Fərhad Məmmədxanov ittihamla özünü təqsirli bilmədiyini sğyləyib.

Məhkəmədə zərərçəkniş şəxs Eldar Hənifəyev də ifadə verib. Deyib ki, Fərhad Məmmədxanovla uzun müddət tanışlığı olub:

"Ailə münasibətlərimiz olub. Çox səmimi olmuşuq. Mənə təklif elədi ki, yaxşı qazanclı iş var. Deyirdi ki, artıq polisdə də pul çıxmır. Mən də inanıb razılaşdım. 185 min verdim. Mənə qazanc olaraq 6 ay 5 min dollar qazanc kimi verdilər. Mən də həmin puldan 2 min dollarını Fərhada vermişəm. Mən əvvəldən demişdim ki, əgər aylıq 5 min qazanc olsa, 2 minini sənə verərəm. Hələ ona sağ ol da deyirdim ki, ayda mənə 3 min qazandırır.

Fərhad bu işi Gülməmməd adlı şəxslə görürdü. Bir neçə dəfə də pulu mən özüm gedib götürmüşəm. Amma sonra məlum oldu ki, balıq işi yoxdur. Toyuq təsərrüfatı işi görülüb. Pul şəxsi işlərinə görə xərclənib. Mən özüm Salyanda təsərrüfatla məşğul olanda pulumu tələb elədim.

150 mini iş üçün verdim. 35 min də əvvəl vermişdim. Heç onu demirəm. 150 mindən 30 mini qaytarılıb. Hazırda şikayətçiyəm. Amma istintaqda razılıq ərizəsi vermişəm ki, 30 min versələr, mən də qalan pul ödəniləcəyi təqdirdə şikayətimi geri götürəcəm. May ayında pulumun qaytarılacağı deyilib. Amma 3-4 ildir pulumu ala bilmirəm. İnanmıram ki, çıxandan sonra da pulumu qaytarsın".

Zərərçəkmiş şəxs bildirib ki, Fərhad Məmmədxanovla dostluq münasibətləri olduğu üçün heç vaxt belə bir hadisənin olacağını ağlına gətirməyib: "Onun balasını öz balam bilmişəm. Balasının başına hadisə gələndə ilk onun yanına mən qaçmışam. Şikayət edən son günə qədər inanmamışam ki, o mənə qarşı belə bir hərəkət edər".

Məhkəmə iclası aprelin 18-də davam edəcək.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov iş qurmaq adı ilə vətəndaşa qarşı dələduzluqda ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(Musavat.com)


Tarix: 4-04-2018, 14:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}