"Pis söyüş söymüşdü" - dostların 20 minlik qumar borcuna görə törətdikləri basqın


Quldurluqda, basqında, adam bıçaqlamaqda və oğurluqda ittiham edilən 5 gənc növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar "Ailə TV" kabel televiziyasının ofisinə etdikləri basqınla gündəmə gəlmişdilər. 21-23 yaşlı bu gənclər həbs edildikdən sonra onların başqa cinayət əməlləri törətdikləri də üzə çıxıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Onlar Cianyət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”, 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) və 126.1-ci “qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddələri ilə təqsirli bilinirlər.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Asib Kambarov məhkəmədəki ifadəsində özünü təqsirli bilmədiyini söyləyib.

Kambarov bildirib ki, istintaqda yazılanlara qol çəkib: "Mən sadəcə oğurluq telefon almışam. Həmin axşam Kamilgil qalmağa ev axtarırdılar. Mənə zəmg elədilər. Onda mənə satışda telefon olduğunu dedi. Ondan telefonu alanda oğurluq olduğunu bilmirdim".

Kamran Süleymanov ifadəsində "Ailə TV"-yə basqın etdiklərini etiraf edib.

O, söyləyib ki, hadisə günü axşam 11-də "Ailə TV"nin ofisinin qapısını döyərək içməyə su istəyib: "Qapını açanda su istədim. Sonra dedim ki, olar əl-üzümü də yuyum? Mən içəri keçəndə Kamil də arxamca girdi. Mən mühafizəçini tutub içəri apardım. Kamil də seyfdən pul götürdü. Sonra qaçıb getdik".

Kamran deyib ki, həmin vaxt Asib Kambarov orada olmayıb: "Mən ola bilər ki, oxuma və yazmam olmadığına görə istintaqda səhv ifadə vermişəm. Amma orada Asibin olmadığı dəqiqdir. Mən bu işə dostum Kamilin ehtiyacı üçün getmişəm. Kamil dedi ki, "Topaz"a 20 min borcu var. Qaytarmağa pis söyüş söymüşdü. Dostum olduğu, xətrini çox istədiyim üçün razılaşdım. Mənim heç kimə borcum olmayıb. Asibə zəng elədik ki, gizlənməyə ev axtarırıq".

Məhkəmədə digər təqsirləndirilən Rəşad Əhmədzadəyə də ifadə vermək təklif edilib. Amma o heçnə xatırlamadığını deyib. Təqsirləndirilən Orxan Əliyev isə özünü təqsirli bilməyib və sadəcə lombarda basqına getdiyini, həmin zaman da heç bir cinayət əməli törətmədiyini qeyd edib: "Orada da heç kimə, heç nə etməmişəm. Çöldə gözləmişəm".

Məhkəmə iclası aprelin 9-da davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib, seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib, hadisə yerindən qaçıblar. Bundan başqa, adıçəkilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.

Kamil Əliyev deyib ki, özünü qismən təqsirli bilir. O, quldurluq törətdiyini, soyuq silah gəzdirdiyini etiraf edib. Amma heç kimin sağlamlığına xəsarət yetirmədiyini söyləyib. Asib Kambarov və Kamran Süleymanov özlərini tam təqsirli bildiklərini deyiblər. Rəşad Əhmədzadə və Orxan Əliyev isə özlərini qətiyyən təqsirli bilmədiklərini söyləyiblər.


Tarix: 6-04-2018, 17:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}