Dövlətin mediaya ayırdığı pullar restoranlar vasitəsilə "əridilib"



Vüqar SəfərliVüqar Səfərli

Bu ilin yanvarında ləğv olunan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli daha 10 nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsində, Azər Paşayevin sədrlik etdiyi, İradə Həsənzadə və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyası tərəfindən mühakimə olunurlar.

Bizimyol.info xəbər verir ki, Vüqar Səfərli də daxil olmaqla, 11 nəfərin işi üzrə iyulun 23-də məhkəmənin hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, dövlət büdcəsindən medianın inkişafı üçün ayrılmış vəsaitlərin yeyintisinə görə cinayət məsuliyyətinə cəlb olunanlar arasında Bakıdakı məşhur restoranların inzibatçıları, rəhbər şəxsləri də var. Məsələn, “Altun” restoranının keçmiş direktor müavini Təmkin Xəlilov, həmin restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının keçmiş icarədarları Bəxtiyar Fətullayev və Valeh Orucov.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi bir çox tədbirlər bu restoranlarda keçirilirdi. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı məlum olub ki, Fond rəhbərliyilə adıçəkilən restoranların idarəçiləri arasında razılaşma olub. Razılaşmaya əsasən, qiymətlər, qonaq sayı və s. rəqəmlər sənədləşmələrdə şişirdilib. Bu yolla büdcə vəsaitlərinin mənimsənilməsi və israf olunması hallarına yol verilib.
Təqsirləndirilən şəxslər sırasında həmçinin Səbail rayonu, Bibiheybət qəsəbəsində media nümayəndələri üçün binanı inşa etmiş “Portos” MMC-nin rəhbəri Nadir Məmmədov, “Jurnalist evi” MMC-nin direktoru, jurnalistlər binasının keçmiş komendantı Bünyamin İsmayılov, KİVDF-nin mühasibi olmuş Təhminə Yaqubova, Ədalət Vəliyev, Telman Tahirov və Namiq Hacıyev də var.
Məhkəmədə Vüqar Səfərliyə dövlət hesabına ona təyin edilmiş vəkildən imtina edib. O bildirib ki, ailə üzvlərinin müqavilə bağladığı vəkil var və bu ona kifayət edir.
Təqsirləndirilən şəxslərdən Şahin İbrahimovun vəkili məhkəmədə iştirak etmədiyinə görə hakim prosesi davam etdirməyin mümkünsüz olduğunu deyib. Bu üzdən məhkəmənin hazırlıq iclası iyulun 30-na qədər təxirə salınıb.
Vüqar Səfərli dövlət satınalmalarıyla bağlı qanunvericiliyin tələblərinin pozulması, tender keçirmədən işlərin istədiyi şirkətlərə həvalə edilməsi, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, jurnalistlər üçün binaların tikintisi zamanı milyonlarla vəsaitin yeyintisi və s. əməllərdə ittiham olunur. Keçmiş Fond rəhbərinə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Vüqar Səfərli həbsindən əvvəl verdiyi müsahibələrdə rəhbərlik etdiyi Fondla bağlı aparılan istintaq araşdırmalarına münasibət bildirərkən mənimsəmə ittihamlarını qəbul etməmişdi.
Prokurorluğun yaydığı məlumata görə, mənimsəmə və başqa əməllər nəticəsində vurulmuş maddi ziyanın bir hissəsi istintaq dövründə ödənilib. Amma söhbətin konkret nə qədər məbləğdən getdiyi açıqlanmayıb.
1959-cu il təvəllüdlü Vüqar Səfərli 2009-cu ildə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu təsis olunandan 2020-ci ilədək bu bu quruma rəhbərlik edib. 2021-ci il yanvarın 12-də prezidentin fərmanı ilə Fond ləğv olunub, onun bazasında Medianın İnkişafı Agentliyi yaradılıb.
Vüqar Səfərli və digərləri haqqında cinayət işi üzrə Medianın İnkişafı Agentliyi zərərçəkmiş qismində tanınıb. Məhkəmədə Agentliyin nümayəndəsi qismində Abbas Quliyev iştirak edib.
Tarix: 24-07-2021, 10:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}