“Binamız keyfiyyətsiz təmir olunub, hər gün kimsə liftdə qalır...”

“Binamız keyfiyyətsiz təmir olunub, hər gün kimsə liftdə qalır...”
“Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Saray-H” MTK-ya məxsus yaşayış kompleksində ciddi problemlər var. Binalar keyfiyyətsiz şəkildə təmir olunub, yanğın təhlükəsizliyinə cavab vermir. Ərazidə mühafizə olmadığı üçün yay aylarında qarajlardan narkomanlar istifadə edirlər. İllərdir yığılıb qalan problemlərimizi heç kim həll etmək istəmir”.

Bu iddia ilə “Qafqazinfo”ya həmin binada yaşayan bir qrup sakin müraciət edib.

Onların sözlərinə görə, bir neçə gün əvvəl sözügedən binada qaz sızmasından partlayış baş verib və sakin xəsarət alıb. Belə hadisələrin təkrarlanmayağına isə heç kim zəmanət vermir: “Binanın təmir işlərində həddən artıq “qənaət”ə yol verərək keyfiyyətsiz məhsul və tikinti-təmir materiallarından istifadə ediblər. Hər şey o qədər keyfiyyətsizdir ki, sözlə ifadə etmək mümkün deyil. Bir neçə gün əvvəl yaşadığımız binada qazsızmadan partlayış baş verdi və 18 yaşlı bir qız 2-3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparıldı. Binaların bloklarının heç birində yanğın əleyhinə şitin su şlanqları, siqnalizasiyası, qum, vedrə, mismarçıxaran yoxdur. Digər məsələ, sakinlərdən əlavə ödəniş alaraq qaz xətlərinin nəzərdə tutulmuş yerlərdən digər istiqamətlərə çəkilməsini təmin edərək normativləri pozublar və bu kimi qəzalar qaçılmaz olub”.

Şikayətçilər mənzilləri İpoteka və Kredit Zəmanət Fondundan aldıqlarını bildirirlər. Onlar MTK-nın binanın və həyətin saxlanmasına lazımi qədər diqqət yetirmədiyini deyirlər: “Qarajlar, həyət, hər yer zibildir və sahibsiz itlər o qədərdir ki, zibilləri hər yerə daşıyırlar. İrəlidən gələn yaz-yay aylarında həyət lap üfunətli və xəstəliklərlə dolu olacaq. Binada mühafizə yoxdur, liftlər də o qədər keyfiyyətsizdir ki, qapıları bağlanmır, ya da açılmır, içində hər gün kimsə qalır. Amma buna baxmayaraq, MTK sakinlərdən mühafizə və lift pulu adı ilə hər kvadrat metrə görə 30 qəpikdən pul yığır. Binaların bloklarının qapıları köpük yapışqanla yapışdırılıb, hər gecə külək olanda biri çıxıb çərçivədən düşür. Həyətdə işıqlar yanır-sönür, sayrışan diskotekaya oxşayır.

Kommunal sayğacların heç biri təzə deyil, işlənmiş sayğacları sıfırlayıb gətirib binaya qoyublar, o da gündə bir nəfərdə problem yaradır. Gah normadan çox ödəniş yazır, gah xarab olur. Məsələn, qonşulardan biri iki ay rayonda olub, 30 manat supulu gəlib. Mənzilinin eyvanını bağlatmaq istəyən hər kəsdən 500 AZN pul istəyirlər.

Mənzil satılanda bizə deyilmişdi ki, həyətdə uşaqlar üçün oyun yerləri, böyüklər üçün idman yerləri fəaliyyət göstərir. Lakin heç nə yoxdur, yalnız mini sahə var ki, o da betondur. Komendantdan aylıq toplanan vəsaitin hesabatını istəsək də, heç bir məlumat vermir”.

Sakinlər bildirirlər ki, sadalanan problemlərlə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, tədbir görülməyib: “MTK-nın direktor müavini Vüsal Əsədov şikayətə gedənlərə “gedin, hara istəyirsiniz şikayət edin, mən evi sizə yox, İpoteka və Kredit Zəmanət Fonduna satmışam” deyir”.

Problemlə əlaqədar “Saray-H” MTK-nın rəhbərliyi ilə əlaqə saxladıq. Şirkətin direktor müavini Vüsal Əsədov saytımıza açıqlamasında deyilənlərin yalan olduğunu bildirdi: “Mən hər ay sakinlərin əvəzinə 15 min manat əlavə pul verirəm. Onların yığdığı kommunal haqqı azdır, heç xərcləri ödəmir. Zibil günaşırı daşınır. Ayda 10 min manat binanın mühafizəsinə pul ödənir. Binada mühafizəçi var. Kimsə 11-ci mərtəbədə yaşayırsa, oranı mən gedib mühafizə etməli deyiləm axı!? Mən aşağını mühafizə edirəm”.

Eyvanı bağlatmaq istəyəndən 500 manat istənməsinə gəlincə, V. Əsədov bu təcrübənin hər yerdə olduğunu bildirdi: “Təkcə bizdə deyil, bütün dünyada var. Digər deyilənlərin hamısı yalandır, iftiradır. İstəsəniz, gəlib baxa da bilərsiniz. Bura axşamlar işıqlanma, çilçıraq baxımından Parisdir. Bakı şəhərində heç belə kompleks yoxdur. Hazırda yaşayış kompleksinin girişinə şlaqbaum düzəltdirirəm. 30 min manat xərcim çıxacaq. Burada elə bir parkım nəyə desən, dəyər…

Binada sayğaclar da təzədir. Təzə olmasa, onu təhvil almazdılar. İşıq ola bilər ki, ayda bir dəfə sönər. O barədə bir şey deyə bilmərəm”.

Komendantın aylıq hesabat verməməsinə gəlincə isə, MTK rəsmisi bildirdi ki, hazırda həmin hesabatları çıxartdırır və sakinlərə göstərmək üçün komendanta verəcək.

“Qarajlarda narkomanların olmasını deyirlər, mən heç qarajı istifadəyə verməmişəm. Çünki 20-30 manata sakinlər “baha” deyir, halbuki, Bakıda qarajların aylığı 70 manatdır. Bir neçə gün əvvəl qazsızmadan partlayış da ona görə olub ki, həmin mənzilin sahibi mənzildə mətbəxin yerini dəyişib, qazı zaldan çəkib. Orada sızma olub və mənzil partlayıb. MTK-nın liftlərinin hamısını xarab edib, mənə də 5 min manat ziyan dəyib. Fondun bütün mənzillərində sakinlər mətbəxin yerini dəyişiblər, qaz zaldan, yataq otağından çəkilib. Ona MTK icazə verməyib, bizlik deyil…”, - MTK rəsmisi əlavə edib.
Tarix: 12-03-2024, 14:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}