Məktəb direktorunu təhqir etdi, dayısını su kranı ilə döydü - QƏRAR


Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Katib Həsənovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, protest təmin edilib, Ağsu Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin  cəzaçəkmə müddətinin əvvəli axırıncı hökmün çıxarıldığı vaxtdan, yəni 18 yanvar 2024-cü il tarixdən hesablanıb. 
 
Xatırlatma: Məhkəmənin hökmü ilə Katib Həsənov 4  il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. 
 
İttihama görə, hadisə 24 noyabr 2023-cü il tarixdə, səhər saat 08 radələrində Ağsu rayonunun Nəmirli kəndində yerləşən Nəmirli kənd tam orta məktəbinin kənarında qeydə alınıb.
 
Belə ki, 1983-cü il təvəllüdlü Katib Həsənov sözügedən məktəbin həyətinə gələrək nalayiq ifadələrlə təhsil ocağında gözətçi işləyən dayısı, zərərçəkmiş Qabil Dadaşovu (şərti) çağırıb. Zərərçəkmiş şəxs də bacısı oğluna məktəbin həyətinə kənar şəxslərin daxil olmasına icazə olmadığını, direktorun bununla bağlı qəti tapşırıq verməsini və dərhal ərazini tərk etməsini bildirib. Təqsirləndirilən şəxs isə onun sözlərinə məhəl qoymayaraq məktəb direktorunun və dayısının ünvanına nalayiq ifadələrlə söyüş söyüb. Həmin vaxt onlar qarşılıqlı olaraq bir-birilərini nalayiq söyüşlər söyərək təhqir ediblər. Sonra həmin şəxslərin arasında şəxsi münasibətlər zəminində söz mübahisəsi baş verib. Bu zaman Katib məktəbin çöl həyət qapısı ilə təhsil ocağının həyəti arasında olan yerdə əlində olan küt alətlə - su kranı (“simistitel”) vasitəsilə dayısı Qabilin başının arxa nahiyəsinə və kürək nahiyəsinə zərbə vurmağa başlayıb. Daha sonra o, əl və yumruq zərbələri ilə dayısının sinə nahiyəsindən bir neçə dəfə zərbə vuraraq zərərçəkmişi döyüb. Nəticədə Katib dayısına qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirib.
 
Hadisədən sonra Katib Həsənov cinayət məsuliyyətinə cəlb edilib.
 
Qeyd: Katib Həsənov daha əvvəl digər cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb./Pravda.az/
Tarix: 6-04-2024, 11:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}