Azərbaycanda futbol çempionatı 5-6 klub arasında keçdiyi üçün məhəllə futbolunu xatırladır.

Bu və bu kimi digər səbəblərdən maraqlı oyun izləmək istəyənlər qardaş dövlət olan Türkiyə klublarına azarkeşlik edirlər. Məsələn, Türkiyədə liqaya hegemonluq edən bir neçə klub var: “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”…

Bu klublar arasında baş tutan “derbi” matçları çox maraq doğurur. Mübarizə, bol qollar, azarkeş dəstəyi və davalar… Elə bir neçə gün öncə baş tutan “Beşiktaş-Fənərbağça” matçı dava ilə yadda qaldı.

Matç ərzində gərgin anlar çox oldu. Bir neçə futbolçu qırmızı vərəqə qaldı, sarı vərəqələrin də sayə az deyildi. Yumruq atanlar futbolçu olduqlarını unutmuşdular.

Bu məsələyə boş yerə toxunmadıq. Bu bol qırmızı kartlı və yumruqlu oyundan sonra stadionun müharibə meydanına dönüşdüyü digər oyunlar da yada düşür.

Elə ilk olaraq Türkiyədən başlayaq. Volkan meydançadakı zərbələri ilə məşhurdur. “Qalatasaray”ın futbolçusu Linkolnu diz zərbəsi ilə yerə yıxan Volkanı uzun müddət sakitləşdirmək mümkün olmamışdı.

“Barcelona” və “Atletic Bilbao” matçında Andoni Maradonaya sataşanda, Maradona təpiyini işə salır.

Futbol tarixinin ən maraqlı hadisələrdindən biri 1995-ci ildə “Selhurst” stadionunda baş verib. “Mançester Yunayted” futbolçusu Erik Kantonanın rəqib komandanın azarkeşinə kung-fu ustalarına bənzər ayaq zərbəsi yetirməsi hər kəsi şok edib.

Braziliyada həvəskar liqanın oyununda baş verən hadisələr isə, yəqin ki, futbol tarixinin ən dəhşətli hadisəsidir. Oktavio Silva adlı hakimlə Santos adlı futbolçu arasında dava başlayıb, daha sonra hakim cibindən çıxardığı bıçaqla oyunçunu yaralayıb. Hakimi daşlamağa başlayan azarkeşlərin hirsi soyumayanda, onun başını kəsiblər. Hətta daha irəli gedən azarkeşlər kəsilmiş başı dirəyə keçirdərək, meydanda nümayiş etdiriblər.

Burak Yılmaz və Volkan Şenin davası Braziliyadakı kimi dəhşətli olmasa da, bir idmançıya yaraşmayan hərəkətlər sərgiləyiblər.

Təbii ki, saydıqlarımız futbol matçlarında baş verən davaların hamısı deyil. Gərgin keçən matçlarda davalar tez-tez olur. Bundan sonra da olacaq.

Dəniz

Minval.İnfo