DÇ-2018: Ruslar, fironlar, bir də Məhəmməd...


Dünya çempionatındakı ilk qrup: Rusiya zəif, ərəblər iddialıdırlar...

İyunun 15-də Moskva vaxtı ilə saat 16.00-da (Bakı vaxtı ilə saat 17.00) Rusiyada futbol üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçiriləcək. Bundan iki saat sonra - Bakı vaxtı ilə saat 19.00-da çempionatın ilk oyununa - Rusiya - Səudiyyə Ərəbistanı matçına start veriləcək.

Qeyd edək ki, açılış Moskvadakı “Lujniki” stadionunda keçiriləcək.

“Yeni Müsavat” DÇ başlayanədək  bütün qruplar haqqında ətraflı məlumat verəcək. Beləliklə, ilk olaraq A qrupundakı komandalar haqda. 

A qrupu

Rusiya

Səudiyyə Ərəbistanı

Misir

Uruqvay

Ev sahibidir, amma...

Rusiya yığması məlum, DÇ ev sahibi kimi seçmə mərhələdə iştirak etmədən vəsiqə qazanıb. Bu yığma bu heyət və oyunla böyük ehtimalla heç bir qrupdan DÇ-yə vəsiqə qazana bilməzdi.  İtaliyalı mütəxəssis Fabio Kapello Rusiya millisinə 2012-ci il iyul ayından başçılıq etsə də, “konveyrdən konfet çıxara” bilmədi və 2015-ci ilin iyulunda  millidən ayrıldı. Kapello millidə əsas problem kimi gənc rusiyalı futbolçuların olmamasını göstərirdi. Kapello bildirirdi ki, gənc futbolçular nəsli yetişdirmək lazımdır. Bunlarsız Rusiya futbolunun gələcəyi yoxdur.

Fransada keçirilən Avropa çempionatındakı uğursuzluqdan sonra Leonid Slutski ilə yollarını ayıran milli komanda bu dəfə  2016-cı ilin avqustundan Stanislav Çerçesova tapşırıldı. Anlaşmaya əsasən, Çerçesov DÇ-2018-in sonuna qədər Rusiya millisinin “sükanı arxası”nda olacaq.

Ötənlərin məşhur qapıçısı olan Şerçesov millidə heç bir irəliləyiş edə bilməyib. Yoldaşlıq görüşlərindən də bu bəlli olur. Rusiya dünya çempionatında 4-cü dəfədir iştirak edir. Rusiya hər 3 cəhddə qrup mərhələsini keçə bilməyib. FİFA sıralamasında Rusiya  66-cı yerdə qərarlaşıb.

447244.jpg (75 KB)

Stanislav Çerçesov 23 nəfərlik siyahı cəmi 2 legioner- qapıçı Vladimir Qabulovla yarımmüdafiəçi Denis Çerışevi daxil edib. 

Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov (“Brügge”, Belçika), Andrey Lunyov (“Zenit”)

Müdafiəçilər: Vladimir Qranat (“Rubin”), Sergey İqnaşeviç (MOİK), Fyodor Kudryaşov (“Rubin”), İlya Kutepov (“Spartak”), Andrey Semyonov (“Axmat”), İqor Smolnikov (“Zenit”), Mario Fernandes (MOİK)

Yarımmüdafiəçilər: Yuri Qazinski (“Krasnodar”), Aleksandr Qolovin (MOİK), Alan Zaqoyev (MOİK), Aleksandr Yeroxin (“Zenit”), Yuri Jirkov (“Zenit”), Roman Zobnin (“Spartak”), Daler Kuzyayev (“Zenit”), Anton Mirançuk (“Lokomotiv”), Aleksandr Səmədov (“Spartak”), Denis Çerışev (“Vilyarreal”, İspaniya)

Hücumçular: Artyom Dzyuba (Arsenal" Tula), Aleksey Mirançuk (“Lokomotiv”), Fyodor Smolov (“Krasnodar”)

***

1032281139.jpg (172 KB)

Səudiyyə Ərəbistanı: pullu ərəb şeyxləri, “Şeyx” ətri, bir də...

Səudiyyə Ərəbistanı dedikdə futbolla maraqlanmayan adam pullu ərəb şeyxlərini xatırlayar, “Şeyx” brend ətrini yada salar. Amma bu ölkədə futbol o qədər populyardır ki, hətta yeni şahzadənin ilk acılımı qadınların tarixdə ilk dəfə stadiona buraxılması barədə oldu.  FİFA sıralamasında  70-ci yerdə olan Səudiyyə millisi artıq 5-ci dəfədir dünya çempionatlarına qatılır. 1994, 1998, 2002, 2006-cı illərdə dalbadal DÇ iştirakçı olan milli komanda uzun fasilədən sonra yenidən DÇ-yə iştirak hüququ qazanıb. Yaponiyanı 1:0 hesabı ilə yenərək, B qrupunda 2-ci pillənin sahibi kimi mundiala yüksələn milli komandanı səxavətli vəliəhd Məhəmməd ibn Salman əl-Səud  mükafatlandırdı. Futbolçuların  hərəsinə 5 milyon rial (1,1 milyon avro) mükafat verildi. 

Onlara bu sevinci yaşatmış baş məşqçi Bert van Marveykin isə artıq komandanın sükanı arxasında deyil. Maraqlıdır ki, Marveykin indi DÇ-yə yarışacaq başqa bir milinin-Avstraliyanın baş məşqçisidir. 2015-ci ildə ərəblərin yığmasına rəhbərlik edən hollandiyalının müqavilə müddəti bitdiyi üçün komandadan ayrılmağa qərar verdi. Yəqin ortada həm də pul söhbəti də vardı... Hər halda, o, bu ilin 24 yanvarından Avstraliya millisinə rəhbərlik edir. Onun yerinə gətirilən argentinalı Edqardo Bausa da çox duruş gətirmədi. 3 ayda iki baş məşqçi dəyişən Səudiyyə Ərəbistanı millisi argentinalı kökənli  Xuan Antonio Piççi ilə anlaşdı.  Piççi məşqçilik karyerası ərzində “Kolon”, “Universidad San Martin”, “Santiaqo Morninq”,  “Valensiya”, “Leon” və Çili yığmasında işləyib. 2 il Çili yığmasında  işləyən mütəxəssis komandaya 2016-cı ildə Amerika Kubokunu qazandırıb. 2017- Konfederasiyalar kubokunda isə Çili yalnız finalda Almaniyaya 0:1 uduzmuşdu. Yığmanın 2018-ci il dünya çempionatından kənarda qalması isə Piççinin istefası ilə nəticələndi. İndi o da “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” deyimi ilə mundiala başqa bir komanda aparır...  

1135314826.jpg (324 KB)

Səudiyyə Ərəbistanının heyəti belədir:  

Qapıçılar: Məhəmməd əl-Ovays (“Əl-Əhli”, Ciddə), Abdulla əl-Mayyuf (“Əl-Hilal”), Yasser əl-Mosaylem (“Əl-Əhli”)

Müdafiəçilər: Osama Xavsavi, Yasser əl-Şahrani, Məhəmməd əl-Burayk, Əli əl-Bulaihi (hamısı “Əl-Hilal”), Mansur əl-Hərbi, Motaz Xavsavi (hər ikisi “Əl-Əhli”), Ömər Xavsavi (“Əl-Nəsr”)

Yarımmüdafiəçilər: Salman əl-Fərəc, Abdulla Otaif, Abdulmalik əl-Haibri (hamısı “Əl-Hilal”), Salem əl-Dosari (“Vilyarreal”, İspaniya), Hattan Bahebri, Hüseyn əl-Mafhavi, Abdulla əl-Haybari, Məhəmməd Kano (hamısı “Əl-Şabab”), Yəhya əl-Şeri (“Leganes”, İspaniya), Taysir əl-Cassim (“Əl-Əhli”)

Hücumçular: Mohannad Asseri (“Əl-Əhli”), Məhəmməd əs-Saxlavi (“Əl-Nəsr”), Fahad əl-Muvallad (“Levante”, İspaniya)

****

Misir “fironları”nın qol ümidi- Salah

FİFA sıralamasında  43-cü yerdə qərarlaşan Misir yığmasına bu mundialda maraq böyük olacaq. Buna səbəb yığmanın dünya çempionatındakı əsas silahı- Məhəmməd Salahdır. 2017-2018 mövsümündə “Liverpul”un heyətində parlayan ulduza ümid böyükdür.  25 yaşlı futbolçu Premyer Liqada 31 qol, 9 məhsuldar ötürmə, Çempionlar Liqasında isə 10 qol, 4 məhsuldar ötürmə ilə tarixə düşüb. Salah “Qızıl top”a da  əsas iddiaçılar sırasındadır. Çempionlar Liqasının finalında “Real”la oyunda çiynindən zədələnərək meydanı ağlayaraq tərk edən Salah bu çempionatda azarkeşlərinin üzünü güldürməyə çalışacaq.

Misir dünya çempionatlarında cəmi 2 dəfə iştirak edib: 1934-cü il dünya çempionatında, bir də 1990-cı ildə.  Misir milli komandası 2010-cu ildə DÇ-nın final mərhələsinə  yaxınlaşdı və Əlcəzair komandası ilə eyni sayda xal topladı. İştirakçıları müəyyən etmək üçün əlavə matç təyin edildi, Misir bu sensasiyalı matçda 0:1 hesabı ilə məğlub oldu. DÇ-2018-in seçmə mərhələsinin matçında Konqo millisini 2:1 hesabı ilə məğlub edərək mundiala vəsiqə qazandı. Məhəmməd Salah matçda dubla imza atdı. Afrika zonasındakı  “E” qrupunda 12 xalla ilk yeri təmin edən Misir yığması 1990-cu ildən sonra ilk dəfə mundiala vəsiqə qazandı.

Misirin yığma komandasına başçılıq edən Ektor Kuper Afrikada ilin ən yaxşı məşqçisi hesab edilib. Ektor Kuper 2015-ci ilin martından Misir yığmasında çalışır. Karyerası ərzində argentinalı mütəxəssis “Malyorka” və “Valensiya”ya  İspaniya Superkubokunu qazandırıb. 2000-ci ildə isə UEFA tərəfindən “ilin ən yaxşı klub məşqçisi” mükafatları ilə təltif olunub.

Qapıçılar: Essam əl-Hadari (“Əl-Taavun”), Əhməd əl-Şənavi, Şərif Əkrəmi (hər ikisi “Əl-Əhli”)

Müdafiəçilər: Əhməd Fəthi, Ayman Əşrəf, Saad Samir (hamısı “Əl-Əhli”), Mahmud Həmdi (“Zamalek”), Məhəmməd Əbdül-Şəfi (“Əl-Fateh”), Əli Qabr, Əhməd Heqazi (hər ikisi “Vest Bromviç”, İngiltərə), Əhməd əl-Məhəmmədi (“Aston Villa”, İngiltərə), Ömər Qaber (“Los-Anceles”, ABŞ)

Yarımmüdafiəçilər: Tarek Hamed (“Zamelek”), Şikabala (Əl-Riyad"), Abdulla Səid (KuPS, Finlandiya), Sem Morsi (“Uiqan”, İngiltərə), Məhəmməd əl-Nenni (“Arsenal”, İngiltərə), Mahmud Kəhrəba (“Əl-İttihad”), Ramadan Sobhi (“Stok Siti”, İngiltərə), Mahmud Hassan “Trezege” (“Kasımpaşa”, Türkiyə), Amr Varda (“Atromitos”, Kipr)

Hücumçular: Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Maruan Möhsün ( “Əl-Əhli”)

45 yaşlı qapıçı Essam əl-Hadari dünya çempionatında forma geyinəcək ən yaşlı futbolçu olacaq. Misir milli komandasının qapıçısı 27 yaşlı Əhməd əl-Şenavi dizindəki zədə səbəbindən  ı mundialdan kənarda qalıb.

Vay-vay, aman Uruqvay...

“Barselona”, “Real”, “Bavariya” və sair kimi klub komandalarının heyətini əzbər bilən indiki gənc nəsil üçün Uruqvay adı bəlkə də çox şey demir. Çoxları bilmir ki, ilk dünya çempionatı 1930-cu ildə məhz Uruqvayda keçirilib və  Argentina ilə final oyununda 4:2 hesabı ilə qalib gələn meydan sahibləri dünya kubokunun ilk sahibi olublar. İkinci Dünya müharibəsi səbəbindən 12 illik fasilədən sonra 1950-ci ildə Braziliya mundialında da Uruqvay meydan sahiblərinin arzularını gözündə qoyub. Bu qarşılaşmada Uruqvay 2:1 hesabı ilə qalib gələrək ikinci dəfə “futbol ilahəsini” vətənlərinə aparıblar. 1930-1950-ci illərdən başqa 1954, 1962, 1966, 1970, 1974, 1986, 1990, 2002, 2010, 2014-də də DÇ final mərhələsində iştirakçı olublar.

Uruqvay meydanda olanda diqqətli azarkeş bu komandanın futbolçularının sanki sərhəd qonşuları olan Argentina və  Braziliyanı “yamsıladıqlarını” görərlər. Həm meydandakı sürət, həm futbol texnikası baxımından bu “yamsılama” tamaşaçıda rişxənd yaratmır, bəlkə də əksinə, rəğbət oyadır. Cənubi Amerikada Braziliyanın və Argentinanın  kölgəsində qalmayan yeganə komanda da məhz Uruqvaydır.

Oskar Tabares 2006-cı ildən bəri Uruqvay yığmasına rəhbərlik edir. Bu, onun millidəki ikinci dövrüdür. Daha öncə 71 yaşlı mütəxəssis 1988-1990-cı illərdə də “mavilər”i çalışdırıb. Tabaresin rəhbərliyi altında Uruqvay 2011-ci ildə Amerika Kubokunun qalibi olub. O, 2010 və 2011-ci illərdə ardıcıl iki dəfə ən yaxşı cənubi amerikalı baş məşqçi seçilib. FİFA sıralamasında  bu milli komanda 17-ci yeri tuturlar.

Uruqvay millisi Rusiyaya bu heyətlə gəlir:

Qapıçılar: Fernando Muslera (“Qalatasaray”), Martin Silva (“Vasko da Qama”), Martin Kampana (“İndependyente”);

Müdafiəçilər: Dieqo Qodin, Xose Mariya Ximenes (“Atletiko”, Madrid), Sebastyan Koates (“Sportinq”, Lissabon), Maksimiliano Pereyra (“Portu”), Qaston Silva (“İndependyente”), Martin Kaseres (“Latsio”), Gilyermo Varela (“Penyarol”);

Yarımmüdafiəçilər: Nahitan Nandes (“Boka Xuniors”), Lukas Torreyra, Matias Vesino (hər ikisi “İnter”), Rodriqo Bentankur (“Yuventus”), Karlos Sançes, Giorgian De Arraskaeta (“Kruzeyro”), Dieqo Laksalt (“Cenoa”), Kristian Rodriqes (“Penyarol”);

Hücumçular: Kristian Stuani (“Jirona”), Maksimiliano Qomes (“Selta”), Conatan Urretaviskaya (“Monterrey”), Edinson Kavani (PSJ), Luis Suares (“Barselona”).(“Yeni Müsavat”)


Tarix: 6-06-2018, 10:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}