Dollar nə vaxt tapılacaq? — Tanınmış iqtisadçılardan vacib açıqlamalar

Dollar nə vaxt tapılacaq? — Tanınmış iqtisadçılardan vacib açıqlamalar Banklar dollar satışını dayandırıb.

Dövlət Neft Fondu hərraclarda banklara dollar satsa da, banklar aldıqları dollarları satışa çıxarmır. Banklar bildirir ki, ölkədə dollar yoxdur. Əgər ölkədə dollar yoxdursa, qara bazarda satılan nədir?

Bir çox ekspert iddia edir ki, qara bazara çıxarılan dollar bankların puludur. Banklar daha çox pul qazanmaq üçün dolları qara bazara ötürür.

Bu vəziyyət nə vaxta qədər davam edəcək?


Bankların dollar siyasəti və vəziyyətdən çıxış yolu barədə iqtisadçı ekspertlər Vüqar Bayramov, Vahid Əhmədov və Samir Əliyev fikirlərini Ölkə.Az-la bölüşüb:

İqtisadçı ekspert Vüqar Bayramov: "Bankların qara bazarla əlaqəsinin kəsilməsinə ehtiyac var. Nə qədər ki, bankların "qara bazarla" əlaqəsi var, nə qədər ki, banklar hərracdan əldə etdiyi pulu "qara bazara" ötürür, banklar dollar satmaqda maraqlı olmayacaq. Əgər bu gün banklar dolları 1.83-1.84-lə satdığını elan edib ancaq reallıqda satmırlarsa, "qara bazarda" həmin dolları 1.91-1.92-ə asanlıqla satmaq mümkündürsə, praktiki olaraq banklarla "qara bazar"ın əlaqəsi də kəsilməyibsə, nəticədə hərraclardan banklara gələn vəsait qeyri-qanuni "qara bazara" ötürülür. Söhbət bütün banklardan getmir. Təəssüf ki, bəzi banklarda bu əlaqə qalmaqdadır.

Bankların dollar satması üçün gündəlik dollar satışını monitorinq etməyə ehtiyac var. Bankların dolları istifadə təyinatı müəyyənləşdirilməlidir. Bankların hərraclarda aldığı dollarla onun satışı arasında fərq varsa, hərracların banklara dollar satışının qadağan edilməsinə ehtiyac var. Dollar alıb-satmayan banklar hərraclara buraxılmamalıdır. Praktiki olaraq bununla da banklarla qara bazarın əlaqəsinin kəsilməsi mümkündür. Qara bazarı ləğv etmək mümkün deyil. Banklar dollar satışı etməlidirlər ki, qara bazar ləğv olunsun.

Qara bazar yeganə səbəb deyil, sözsüz ki, digər səbəblər də var. Digər səbəblərdən biri bankların sifarişlərinin hərraclarda tam ödənilməməsidir. Düzdür, monitorinqlərimiz göstərir ki, banklar bəzi hallarda sifarişləri şişirdirlər. Bəzi hallarda banklar sifarişə 20 milyonla getsə də, 3 milyon alır. Hərraca 20 milyonla ona görə gedirlər ki, 3 milyonu ala bilsinlər. Bütün hallarda bankların tələbinin ödənilməsinə ehtiyac var. Hərraca çıxarılan dolların həcmi də böyük deyil və həmin o dolların bir hissəsi qara bazara yönəldiləndə nəticədə banklar dollar satışı edə bilmir.

Bütün bunların fonunda Mərkəzi Bank əksdollarlaşma prosesinə başlamasına nail olmalıdır. Çünki bazarın da dollar təklifini artırmasına ehtiyac var. Demək olar ki, bu gün Dövlət Neft Fondu dollar satan yeganə qurumdur. Hərracda və bazarda da praktiki olaraq Dövlət Neft Fondu dominantdır. Azərbaycanda dollarlaşma səviyyəsi 90%-ə yaxınlaşır. Həmin o dollarların əksdollarlaşma yolu ilə bazara qaytarılmasına ehtiyac var. Qazaxıstan və Rusiya təcrübəsində bu baş verdi. Qazaxıstan və Rusiya milli valyutaları 2016-cı ilin yekununda dünyada ən çox möhkəmlənən 5 valyutadan biri oldu. Çünki əksdollarlaşma prosesinə vaxtında başlaya bildilər. Bazarın dollar təklifi yarandı. Nəticədə Qazaxıstan təngəsi 2016-cı ildə 15%, Rusiya rublu 20%-ə yaxın dəyər qazandı, Azərbaycan manatı isə təxminən bu qədər dəyər itirdi.

Azərbaycanın da məzənnə siyasətinin dəyişdirməsinə ehtiyac var. Bu gün MDB-nin neft ölkələrində valyutalar stabilləşib, ancaq Azərbaycan manatı stabilləşməyib. Baxmayaraq ki, Azərbaycanın rezervlərinin xarici borclardakı payı xarici ölkələrlə müqayisədə daha yaxşı göstəriciyə malik idi. Düzgün aparılmayan məzənnə siyasəti manatın kursunun stabilləşməsi və bazar məzənnəsinin müəyyənləşdirilməsinə imkan vermir. Ona görə də, məzənnə siyasəti dəyişməlidir ki, bazarda təklif yaransın.

Əksdollarlaşma prosesi başlamalıdır ki, banklar dollar satışını bərpa etsin. Əks halda, banklar dollar satışını bərpa etssələr də, bu, müvəqqəti xarakter daşıyacaq. Bankların dollar satışını bərpa etməsi üçün birmənalı şəkildə əksdollarlaşmanın reallaşmasına ehtiyac var".

İqtisadçı ekspert, millət vəkili Vahid Əhmədov: "2016-cı ildə dollar-manat ajiotajı çox kəskinləşdi. Faktiki olaraq insanlar da öz əmanətlərinin 80%-ə qədərini dollara çevirdilər, manata etibar etmədilər. Manatın 2 dəfə devalvasiyaya uğraması insanların manata etibarını azaltdı. İnsanlar öz ehtiyatlarını dollara çevirməyə məcbur oldular. Qara bazar 2016-cı ildə Azərbaycanda fəallaşmağa başladı. Bu gün də bu davam edir. Çünki insanlar manata etibar etmirlər. Əsas vəsaitlərini dollarla saxlayırlar.

Ölkədə dollar olmasa qara bazarda dollar satışı olmaz. Bu məsələyə Milli Məclisdə də toxunmuşuq. Yəqin ki, qara bazara dollar banklar vasitəsi ilə çıxardılır. Mərkəzi Bank, Dövlət Neft Fondu hərraca dollar çıxardıb satırsa, banklar bunu alıb satmırsa, demək ki, bu dollarlar qara bazara ötürülür. Burada hüquq-mühafizə orqanları yaxşı işlədilər, müəyyən qrupları zərərsizləşdirdilər. Ancaq vəziyyət davam etdiyinə görə, görünür zərərsizləşdirmə tam əhatə olunmayıb.

Azərbaycan iqtisadiyyatı üçün ən ciddi məsələ bank sisteminin sağlamlaşdırılması, milli valyutanın etibarının qaytarılmasıdır.

Banklar istədiyi vaxt dollar satışı edə bilər. Əgər onlar hərracdan dollar alırsa, banklarda dolların satışını təmin etməlidir. Qara bazarı maksimum bağlamaq lazımdır. Manatın ucuzlaşması prosesi davam edir. Bunun qarşısını tam almaq mümkün olmasa da, manat öz dəyərini maliyyə bazarında tutana qədər vəziyyəti inzibati yollarla tənzimləmək lazımdır".

İqtisadçı ekspert Samir Əliyev: "Mövcud problemi bir cümlə ilə ifadə etsək, deməliyik ki, ölkədə dollar yoxdur. Ölkədən çıxan dollar ölkəyə gələn dollardan çoxdur. Bir neçə il öncə vəziyyət fərqli idi. O vaxt daha çox dollar gəlirdi.

Dollar qıtlığı və kəsir olduğuna görə bunu nə iləsə ört-basdır etməlidirlər. Bu kəsir müəyyən qədər məzənnə hesabına, ya da ki, Mərkəzi Bank öz valyuta ehtiyatlarını xərcləməklə həll edilməlidir. Ötən il Mərkəzi Bank 1 milyard, ondan öncə isə 10 milyarda yaxın xarici valyutasını xərclədi. Mərkəzi bank artıq kəsiri aradan qaldırmaq üçün öz valyutasını ya xərcləmir, ya da az xərcləyir.

Təxmini hesablamalarımıza görə ay ərzində ölkədə 300-400 milyon dollar kəsir yaranır. Kəsir ona görə yaranır ki, ölkədən çox böyük kapital axını var. Ölkəyə idxal var, bəzi sahibkarlar ölkədən çıxıb gedir, biznesini xaricə köçürənlər var, məmurlar var ki əlinə keçən pulu dollara çevirib xaricə göndərir. Bunlar hamısı kapital axınıdır. Bundan başqa insanlar da əlinə düşən pulu dollara çevirib balıncının altına qoyur. İnsanlarımızı qınamaq lazım deyil, onlar öz pulunu qoruyur. Əslində bunun özü də kapital axınının bir formasıdır.

Dövlət Neft Fondu ölkəyə il ərzində 4 milyarddan çox pul gətirir. Mərkəzi Bankın valyuta ehtiyatları var. SOCAR da müəyyən qədər ölkəyə valyuta gətirir, ancaq onu bazara buraxmır. Bir də ölkəyə xarici kreditlər gəlir. Ölkəyə gələn dollarlar bunlardır. Bu isə çox azdır.

Bu gün bankların dollar tələbatı ödənilmir. Banklar əvvəllər xaricdən kredit alırdı. Ancaq indi kütləvi şəkildə bundan imtina edirlər. Ona görə ki, gedib xaricdən 7-8%-lik kredit götürməkdənsə, 2-3%-lə əmanətləri götürürlər. Banklar, dövlət, SOCAR və digər qurumlar borclarını ölkədəki dollarla qaytarır.

Bu vəziyyət kəsir aradan qalxana kimi davam edəcək. Bunun yolu dollar bolluğu yaratmaqdır. Bu isə mümkün deyil. İkinci variant olaraq üzən məzənnəyə keçmək lazımdır. Onun da ağır fəsadları var. İndi istəyirlər ki, məhdudlaşdırıcı addımlarla məzənnəyə nəzarət etsinlər. Bu isə çətindir. Bu elə bil bir xəstəlikdir. Hesab edin ki, xəstə əməliyyat edilməlidir, ancaq onu iynə-dərmanla yatağa salırlar. İqtisadiyyatımız bu vəziyyətdədir.

İxracı artırmaq lazımdır ki, ölkəyə dollar gəlsin, bu isə bu günün işi deyil, çoxdan görülməli idi. Yerli istehsalın və ixracın artırılması 2-3 ildə öz bəhrəsini verəcək, ancaq bugün bu mümkün deyil. Vəziyyətdən çıxış yolu neftin qiymətinin dünya bazarında 60-70 dollara qalxması ola bilər. Ancaq bu bir çıxış yolu deyil. Ona görə ki, Mərkəzi Bank loru dillə desək "yola verdi" siyasəti tətbiq edir".

Səxavət Məmməd
Tarix: 6-01-2017, 23:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}