Bayramdan sonrakı “bayram”: Nisyə dəftərləri “qabardı”

Bayramdan sonrakı “bayram”: Nisyə dəftərləri “qabardı” Ciblər də boşalıb, mağazalar da

5 günlük bayram tətili arxada qaldı. Bayramı cibinə və əhvalına uyğun qeyd edən həmvətənlərimiz üçün adi iş günlərindən biri artıq başlayıb. Yenidən qiymətlərin bahalığı, dolların məzənnəsinin artması, böhran, işsizlik kimi mövzular müzakirə mövzusuna çevriləcək. Üstəlik də yanvarın 1-dən etibarən qüvvəyə minən yeni qaz qiymətləri...

Bayram bitdi, yaşasın problemlər

Bayramdan çıxan insanları indi yenidən ölkənin problemləri, dünyanın dərdi, terror kimi qlobal məsələlər düşündürəcək. Bayramdan çıxan xalqımızın əsl “bayramı” 2017-ci ildə başlayacaq. Ekspertlərin gəldiyi və xalqla bölüşdüyü ümumi qənaət belədir. 2017-ci il asan il olmayacaq, iqtisadi böhran ölkəni daha çox ağuşuna alacaq. İşsizlik səviyyəsi, inflyasiya artacaq. Əhalinin yaşam şərtləri ağırlaşacaq. Dünyanın əksər ölkələrində müşahidə olunan iqtsadi böhranın neft bazarındakı ucuzlaşma ilə birləşərək ölkəmizə daha çox təsir edəcəyi də ekspertlərin ümumi rəyidir. Belə “sürprizlərlə” dolu ölkəmizdə yaşamaq 2017-ci ildə asan olmayacaq. Hələlik isə bayramdan sonra ilk iş günləridir və əhali bayramın təsirindən ayılıb real həyata qayıdır. Real həyatda isə onları əsəb, stress, gərginlik gözləyir.

Nisyə dəftərləri “qabardı”


Bayramdan sonrakı “bayram”: Nisyə dəftərləri “qabardı”

Bayramdan sonrakı günlərdə əziyyət çəkənlər arasında mağaza sahibləri xüsusi yer tutur. Bayram günləri qabaran nisyə dəftərləri bayramdan sonrakı ilk həftədə demək olar ki, açılmır. Bunu biz demirik. Mağaza sahibləri deyir. Bildirirlər ki, bayram günləri alış-veriş adi günlərə nisbətən çox olsa da, nisyələr də həddən artıqdır. “İnsanlar daha çox böyük marketlərdən alver etməyə üstünlük verirlər. Çünki orda bayram qabağı kampaniyalar olur, nəyisə daha ucuz almaq, ya da hədiyyə qazanmaq imkanı var. Marketər indi bonus kartı da tətbiq edirlər, müəyyən qədər bonus toplandıqdan sonra nəsə hədiyyə verilir. Bizim insanlar belə şeylərə maraq göstərir. Amma marketlər məsələn, bir çayniki 100 bonusa verirlər.

100 bonusu toplamaq üçün isə az qala 1 il davamlı həmin marketdən alış-veriş eləmək lazım gəlir. Amma alıcılar çox vaxt bu tərəfini düşünmürlər. Məhəllələrdəki mağazalar əsasən ayın ortalarından sonra yada düşür. Nisyə almaq zamanı gələndə. Əllərində pul olanda marketə, pul olmayanda isə bizə gəlirlər. Mən bəzən üzlərinə deyirəm, heç çəkinmirəm. Əvvəl demirdim, amma bu bayramda daha çox gördüm. Qonşulardan biri bayram bazarlığını gedib marketdən etdi, bayramdan sonra qonaqlar gəlməyə başlayanda uşağı nisyə mal üçün mənim mağazama göndərdi. Uşaq gəlməsəydi, heç nə verməyəcəkdim. Uşağı siyahı ilə göndərdi, xeyli bazarlıq etdirdi, nisyə yazdırdı ki, gələn ayın əvvəlində maaş alanda verəcək. Sonra özünü görəndə dedim ki, nə yaxşı pulun olanda marketə gedirsən, nisyə alınanda mənim mağazama? Heç nə demədi”- həmsöhbətim, mağaza sahibi Eldar İsayev belə deyir.

“Borcu qaytaran ancaq pensiyaçılardır”


Eldar İsayevin dediyinə görə, mağazasında nisyə dəftəri çox qabarıqdır. Adlarını çəkməsə də (sanki adları çəkilənləri tanıyırıq- S.A) qonşuların az qala hamısının mağazaya borcu var. Dəfələrlə nisyə verməyəcəyinə dair özünə söz verib, amma sonra sözünün üstündə dayana bilməyib: “Elə olur ki, evin qadını uşağın əlinə siyahı yazıb verir ki, bunları verin, axşam əri işdən gələndə pulunu verəcək. O da, mən də bilirəm ki, kişi işdən axşam gələndə pulu verməyəcək. Ən tezi ayın axırında maaş alanda, ya da əlinə hardansa pul düşəndə verəcək. Amma uşaqdan keçmək olmur. Ya da görürsən yaşlı qadındır gəlir ki, nisyə mal verim. Uşaqları gələndə pulunu ödəyəcək, ya da pensiya alanda verəcək. Ən etibarlı qrup pensiya alanlardır. Onlar sözlərinin üstündə möhkəm dayanırlar. Pensiya alan kimi birinci mağazanın borcunu verirlər. Cavanlar onlar qədər sözlərinə sadiq deyillər. 5 gün deyirlər, ay olur, zorla alırıq pulumuzu”.

“Ən bahalı siqareti çəkir, amma mağazadan borc istəyir”

Amma mağaza sahibi deyir ki, əgər nisyə mal verməsə, işləyə bilməz: “Bizim kimi mağazalarda nisyə olmadan işləmək mümkün deyil. Həmişə nağd imkanı olan gedib marketdən alır, onsuz da qiymətlər eynidir, marketlər hələ bir az bəzi şeyləri ucuz verirlər, çünki çox aldıqlarına görə onlara topdan satışda da endirim olur.

Ya da şirkətlər onlarla kampaniyalar edir, bizə isə kampaniya malı verilmir. Buna görə də biz kampaniya edə bilmirik. Nisyə verməyə məcbur qalırıq ki, dükanı saxlaya bilək. 10 dəfə nağd alanda 5 dəfə də nsiyə alırlar”. Amma bu mağaza sahiblərindən təkcə nisyə mal yox, həm də borc istəyənlərə rast gəlinir. Təəccüblənməyin, belələri də olur. Hər halda həmsöhbətimin bəxtinə beləsi çıxıb: “Niyə mal alırdı, günlərlə pulunu vermirdi. Hərdən böyük qardaşı qonaq gələndə gəlib soruşurdu, borcunu az -çox ödəyirdi. Amma indi o da gəlmir, borc da yığılıb qalıb. Adam uşağa görə keçə bimir. O uşağın nə günahı var? Nisyə aldıqlarını pulunu aylarla ödəmədiyi bir tərəfə, hələ gəlib nağd pul da istəyir. Amma ən bahalı siqareti çəkir”.

Uşaqlar hədiyyəsiz qaldı



Marketlərdə aparılan müşahidələr göstərir ki, bayramdan sonra alış-veriş kəskin azalıb. Bayram günü xərclənən pulların yerini doldurmaq üçün yəqin ki, ayın sonuna qədər gözləmək lazım gələcək. Market satıcıları deyir ki, ümumilikdə bayramdan sonrakı ilk bir həftə-on gün alış-verişin ən az olduğu müddətdir. Bu, bütün bayramlarda belədir. Xüsusilə Yeni il və Novruzda bayrama bir neçə gün qalan, eləcə də bayram günü canlanan alış-veriş bayramdan sonrakı ilk gündən etibarən kəskin azalmağa başlayır. “Görünür, hamı bayramda olan-qalanını xərcləyir. Bayramdan sonra pul qalmır. Bayram günlərində süfrəsindən kəsən adam az olur. Hamı istəyir ki, sürfəsi bol olsun. Buna görə də digər zamanlarda 1 aydakı dövriyyə qədər bayrama 3 gün qalandan bayram günü də daxil olmaqla mağazalarda pul dövriyyəsi olur. Bayramdan sonra isə ən azı 10 gün alver azalır”,- deyə market satıcısı bildirir. Onun sözlərinə görə, alveri az da olsa dirçəltmək məqsədilə kampaniyalar edilsə də, istənilən nəticəni almaq mümkün olmur:

“Bu il yeni il hədiyyələrinin qiyməti ötən illə müqayisədə daha sərfəli idi. 3,5 manatdan başlayan qiymətlərlə uşaqlar üçün yeni il hədiyyələri satılırdı. Amma satış gözlədiyimiz kimi olmadı. Doğrudur, satıldı, amma qiymətin münasibıliyi ilə müqayisədə gözlənidiyi qədər satış olmadı. Bu hədiyyələr də ancaq bayram günü uşaqlara alınır. Bayramdan sonra demək olar ki, yeni il hədiyyə paketləri satılmayıb. Yanvarn 13-ə qədər həmin paketlər satışda qalacaq, qiymətlərin 20-30, bəzən 50 qəpik ucuzlaşdırılması da gözlənilir.

Amma alan olacaq, yoxsa yox, bunu demək olmaz. Hər halda bayramdan sonrakı günlərdə alan olmayıb. Bəlkə köhnə Yeni ilin qeyd ediləcəyi tarixlərdə alınar deyə satışdan yığışdırmamışıq”.

Qiymətlər “bayram edir”

Yeni ilin ilk günlərində qiymətlərlə də maraqlanırıq. Məlum olur ki, qiymətlərdə kəskin dəyişiklik yoxdur. Alıcılar isə onsuz da bütün məhsulların qiymətinin bayramdan əvvəl artdığına işarə edərək narazılıqlarını bildirirlər. Ərzaq məhsullarının, xüsusilə də yağ, düyü kimi məhsulların bahalığı daha ucuz mal axtarışına sövq edir.

Bazarda nisbətən daha ucuz qiymətə satılan yağların əslində kərə yox, palma yağı olduğunu bildirən məlumatların yayılması alıcıları daha ehtiyatlı davranmağa, bu ehtiyat isə onlara Zellandiya yağı üçün hər kiloqramına 12 manata verməyə vadar edir. Düyülərin isə plastik olması barədə yaıylan materillar alıcıları qorxuya salsa da, daha yaxşısını tapmadıqları və tapdıqlarının da çox baha olması çoxlarını bu xəbərləri qulaqardına vurmaq məcburiyyəti qarşısında qoyur. Beləliklə hər kəs daha ucuzunu və daha keyfiyyətlisini axtara -axtara növbəti bayramlara qədər yaşamağın yolunu fikirləşir...(Cebhe.info)

Siam.az
Tarix: 8-01-2017, 10:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}