Əkrəm Həsənov: “Bu gün bankirlərimizin çoxu məmnuniyyətlə bankını təhvil verib xaricə getmək istərdi”

Əkrəm Həsənov: “Bu gün bankirlərimizin çoxu məmnuniyyətlə bankını təhvil verib xaricə getmək istərdi” Hazırda bank sektorunda bəzi banklar zərərlə işlədiyindən bank sektorunun cəmi mənfəəti 17 bankın cəmi mənfəətindən azdır. 2017-ci ilin yanvar-sentyabr dövründə bank sektorunun (31 bankın) xalis mənfəəti 479,7 milyon manat təşkil edib. Bu barədə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Diqqəti çəkən Bank sektorunun cəmi mənfəətinin 17 bankın, o cümlədən “Beynəlxalq Bank”ın, “Kapital Bank”ın və “PAŞA Bank”ın cəmi mənfəətlərindən az olmasıdır.
Belə ki, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “PAŞA Bank”, “Bank Silk Way”,”Yapı Kredi Bank Azərbaycan”,”AtaBank”, “NBC Bank”, “Ziraat Bank Azərbaycan” ASC, “Bank Avrasiya”, “Azərbaycan Sənaye Bankı”, “ExpressBank, ”Bank Melli İran” Bakı filialı, “Bank VTB Azərbaycan”, “Rabitəbank”, “GünayBank”, “Naxçıvanbank”, “AzərTürkBank” 2017-ci ilin 9 ayını xalis mənfəətlə başa vurublar. 17 bankın cəmi mənfəəti 616,5 milyon manata bərabər olub.
Bank sektorunun cəmi xalis mənfəətinin 17 bankın xalis mənfəətindən az olması, digər 14 bankda zərərlərin olması deməkdir. Həmin bankların cəmi zərərləri 140 milyon manata yaxındır.
Bəzi banklar ilin 9 ayını mənfəətlə başa vursa da, ekspertlər ümumilikdə bank sektorunun durumunu ağır olaraq qiymətləndirirlər.
Əkrəm Həsənov: “Bu gün bankirlərimizin çoxu məmnuniyyətlə bankını təhvil verib xaricə getmək istərdi”
Uzun illər bank sektorunda rəhbər vəzifələrdə çalışmış və bankların “mətbəxindən” xəbərdar olan mütəxəssis, iqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bank sisteminin vəziyyəti çox ağırdır:“Sadəcə problemləri dondurmağa, həllini təxirə salmağa çalışırlar. Təəssüf ki, maliyyə sistemimizi idarə edənlər müvəqqəti icraçı kimi uzunmüddətli perspektivə işləmirlər, sadəcə cari məsələləri həll edirlər ki, birtəhər vəzifələrində qalsınlar. Bəzilərinin bunun üçün heç kifayət qədər savad və təcrübəsi də yoxdur. Məsələn, elə bank sisteminin sabitliyinə görə cavabdeh olan Maliyyə Bazarlarına Nəzarət Palatasının faktiki rəhbəri İbrahim Alışov buna bariz nümunədir. Bunun ağır nəticələrini yaxın illərdə görəcəyik. Bank sisteminin durumu belədir ki, əmanətlər geri çəkilir. Deməli, etimadı artırmaq lazımdır. Bunun əvəzində isə biz nə görürük. Həmin bu Alışov Əmanətlərin Sığortalanması Fonduna yaxın dostu Vüqar Abdullayevi təyin etdirib. İndi də Abdullayev sələfi Azad Cavadovun belə etmədiyi mənfi əməlləri edir. Nəinki müflis bankların ləğvi prosesi daha da məxfiləşib və kreditorlara heç bir məlumat verilmir, üstəlik sığortalanmış əmanətləri belə qaytarmaqdan yayınır. Məhkəmələrə də təzyiq edirlər. Elə bu yaxınlarda bir əmanətçi sığortalanmış 10 000 dollar məbləğində əmanətini geri ala bilməyib. Məhkəmə də Fondun tərəfini tutub. Əsas nə olub? Fond əvvəlcə dedi ki, onun elektron sistemində əmanətin sığortalanmadığı göstərilib. Halbuki vətəndaşın əlində rəsmi müqaviləsi var. Deməli, müqavilə boş şeydir? Daha sonra Fond deyir ki, müqavilənin müddəti qurtarıb. Bu bisavadlar bilmir ki, əmanətin müddəti bitəndə müddətsiz olur və yenə də sığortalı hesab olunur. İndi belə şəraitdə əhali bank sisteminə necə etimad etsin? Siz banka əmanət qoyacaqsız, ümid edəcəksiz ki, sığortanız var, amma sabah bank müflis olanda Fond pulunuzu verməyəcək və o batacaq”.
İqtisadçının sözlərinə görə, bu cür halların şahidi olan əhali təbii ki, əmanətlərini geri çəkməyə davam edəcək:“Fondda müəyyən qədər vəsaitin qalması üçün və “yuxarı”ya bu qədər vəsaiti qorumuşuq deyə məruzə edə bilmək üçün əhalinin bank sisteminə etimadına ağır zərbə vururlar. Bu, açıq-aşkar dövlətə qarşı düşmənçilik, iqtidara isə xəyanətdir. Bəlkə də korrupsiya maraqları da var. Kim bilir, bəlkə bunun əvəzində sığortalanmamış başqa əmanəti sığortalanmış kimi rüşvət əsasında qaytarırlar?! İndi isə gəlin xatırlayaq görək ki, dünən Milli Məclisdə maliyyə nazirimiz nə deyib. Deyib ki, “qorunan əmanətlər üzrə bütün ödənişlər həyata keçirilib. Bu proses düz həyata keçirilib və yaxud nöqsanlar olubsa, bu, başqa bir mövzudur”. Bu iki cümlə bir-birinə ziddir. Nöqsanlar əlbəttə olub və indi də var. Deməli, bütün ödənişlər həyata keçirilməyib. Kimi aldatmağa çalışırlar axı?!”
Problemli kreditlərə gəlincə, Ə.Həsənov bildirdi ki, onların da miqdarı artan xətlə gedir: “Bu problemin həlli yolunu dəfələrlə bildirmişəm. Problemli kreditlərin əksəriyyəti bank sahiblərinin və rəhbərlərinin öz yaxınlarına verdikləri kreditlərdir. Onları qaytarmaq üçün sadəcə banklarda hərtərəfli və dürüst yoxlama keçirmək lazımdır. Bunun üçün əlbəttə savad da tələb olunur. Lakin bu yoxlamalar aparılmır. Çünki korrupsiya maraqları var və bir-birinə çox bağlıdırlar. Həm də İbrahim Alışov kimiləri qorxur. Nəticədə isə sistem çökməkdə davam edir. Bunun əvəzində İ.Alışov banklara birləşməyi tövsiyə edir. Guya, bir problemin digərinə qatılması ilə hər şey həll olunacaq. Əlbəttə, onun üçün nəzarət etmək asanlaşacaq. Yəni sırf özünə rahatlıq axtarır. Son zamanlar bir neçə bankın birləşməsi söhbətləri gəzir. Reallıqda birləşmə deyil, qoşulma halları ola bilər. Birləşmə odur ki, məsələn, mənin ”A” bankım var, sizin isə “B” bankınız. Onları birləşdirib “C” bankını yaradırıq və ikimiz də onun sahibi oluruq. Bunun üçün xeyli zaman və etimad tələb olunur. Ancaq bank sektorunda, o cümlədən bankirlərin arasında etimad yoxdur. O cümlədən bankirlərin öz arasında. Buna görə də reallıqda sadəcə “A” bankı gedir qoşulur “B” bankına. Bu zaman mən öz bankımı sizə niyə verirəm ki? Ola bilər ki, sizə borcum var və faktiki borcumu bankla bağlayıram. Yaxud da, mənə məsləhət görürlər ki, oyundan çıxım. Mən də ya havayı, ya da cüzi ödəniş müqabilində bankımı sizə verib gedirəm. İstisna deyil ki, yaxında təxmini 3-4 belə qoşulmanın şahidi olacağıq. Amma bu qoşulmalar əlbəttə ki, problemləri kökündən həll etməyəcək. Bəlkə də əksinə kimlərəsə sudan quru çıxmağa imkan verəcək. Axı bu gün bankirlərimizin çoxu məmnuniyyətlə bankını təhvil verib xaricə getmək istərdi. Çünki bütün real əmlakları çoxdan xaricdədir. Ümumiyyətlə, məmur-sahibkarlarımızın əksəriyyəti bu durumdadır. Bütün yerli aktivlərini təhvil verib getmək istəyirlər. İki gün öncə Prezident Azərbaycan Sənaye Korporasiyasını yaratdı. Bu Korporasiya “Beynəlxalq Bank”ın problemli kreditləri müqabilində borclulardan alınmış müəssisə və obyektləri idarə edəcək. Yəni real pul qayıtmadı. Borclular əmlaklarını verib aradan çıxır. Vaxtilə bu obyektlərin çoxu elə dövlətin olub, ya da elə dövlət kreditləri ilə tikilib. Fərq odur ki, kreditləri alanda obyektlər baha idi, indi ucuzlaşıb. Aradakı fərq haradadır? Bankirlərin və məmur-oliqarxların xarici əmlakında. Hökumət də özəlləşdirmə əvəzinə sovet dönəmindəki kimi əmlak idarəetməsini həyata keçirir”.
Əkrəm Həsənovun sözlərinə görə, bank sisteminin 9 ay ərzindəki mənfəətini də müvəffəqiyyət adlandırmaq olmaz:“Bu günlərdə Palata deyib ki, 9 ay ərzində bank sistemi 500 mln. manata yaxın xalis mənfəət götürüb. İndi bunu müvəffəqiyyət kimi göstərmək istəyirlər. Əslində isə vəziyyət belədir. Hamının yadındadır ki, dövlət bizim hesabımıza bu il təkcə Beynəlxalq Banka 3 mlrd. manat hədiyyə edib (borclarını ödəyib). Xatırladıram ki, Beynəlxalq Bankın 1 mlrd. manat zərəri var idi. Deməli, elə tək Beynəlxalq Bank nəticədə 2 mlrd. manat xalis mənfəətə çıxmalı idi. Bəs necə olur ki, bütün bank sektorunun xalis mənfəəti heç 500 mln. manat da təşkil etmir? Deməli, bank sektorumuz böyük zərərlə işləyir və yalnız biz vergi ödəyicilərinin hesabına guya mənfəətlə işləməsi mifini yaradırlar. Bax, bu qədər sadə… Yalnız gözdən pərdə asmaqla məşğuldurlar. Real iş görən yoxdur”.
Qeyd edək ki, əmanətlərin qaytarılması məsələsində problem yaşandığını deputat Vahid Əhmədov da önə çəkib. O, parlamentin komitə iclasında bildirib ki, Hesablama Palatası dövlət büdcəsindən Əmanətlərin Sığortalanmsı Fonduna ayrılan vəsaitin necə xərclənməsini yoxlamalıdır: “Bank sistemində sağlamlaşmanı görmürük. Kreditlər yenə də 30%-ə yaxın dərəcə ilə verilir, likvidlik və s. problemlər həllini tapmayıb. ”Bank Standard”ın bağlanması ilə 43 min insan problemlə üzləşib, insanlar vəsaitlərini geri ala bilmirlər. İnsanların vəsaitlərini alması üçün Əmanətlərin Sığortalanması Fonduna büdcədən 500 mln. manat ayrıldı. Hesablama Palatasından xahiş edirəm ki, bu pulun necə xərclənməsini yoxlasınlar. Niyə insanların əmanətləri qaytarılmır? Gündə yüzlərlə şikayətlər alırıq”.
Nərgiz LİFTİYEVA
Tarix: 9-11-2017, 09:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}