“Bəs deyirdilər yağ ucuzlaşır, hanı?”

“Bəs deyirdilər yağ ucuzlaşır, hanı?” Hökumətin qərarının qüvvəyə minəcəyi günü gözləyir

Son zamanların ən çox müzakirə edilən mövzularından biri də kərə yağında gözlənilən ucuzlaşma oldu. Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması ilə bağlı qərar müzakirələrə yol açdı. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik etməsiylə iqtisadçılar qiymətlərdə gözlənilən ucuzlaşmadan danışdılar. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək və 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq. Bu hesabla kərə yağındakı ucuzlaşmanın dekabrın 7-dən, yəni qərarın dərc edildiyi gündən bir ay sonra üçün gözləyənlər var.

50 qəpikdən 2 manata qədər...

İndi hər kəsi düşündürən məsələ hökumətin qərarının marketlərdəki əks-sədasıdır. Ucuzlaşma gözləniləndir, əksər ekpertlər bu fikirdədir. Fikir ayrılığı ancaq qiymətlərdə nə qədər ucuzlaşma olacağıdır. Təxminlər 50 qəpikdən- 2 manata qədərdir. İqtisadçı-ekspert Qubad İbadoğlunun sözlərinə görə, ölkəyə 1 kq Yeni Zelandiya yağı 5 manat 34 qəpiyə ixdal olunur. Rüsum endirildikdən sonra 1 kq kərə yağının qiyməti orta hesabla 63 qəpik ucuzlaşa bilər.

Ekspert qeyd edib ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur. Onlar arasında Yeni Zelandiya, Almaniya, Belarus, Finlandiya və Fransadan daha çox kərə yağı gətirilir. Azərbaycana gələn kərə yağının miqdarca 85 faizi Yeni Zelandiyanın, yerdə qalan 15 faizi isə 14 ölkənin payına düşür: “Azərbaycana ən ucuz yağ Estoniyadan (1 kq qiyməti - 2,62 dollar), ən bahalı yağ isə Lüksemburqdan (1 kq qiyməti 10,18 dollar) idxal olunur. Yeni Zelandiya yağının 1 kq-nın idxal qiyməti 3 dollar 14 sent, hazırkı məzənnə ilə 5 manat 33 qəpik təşkil edir. Statistik xətaları korrektə etmək üçün cədvəldəki ən yüksək qiyməti və ən aşağı qiyməti kənarlaşdırıb, orta qiyməti hesablayarkən məlum olur ki, ölkəyə 1 kq kərə yağı orta hesabla 4 dollara və ya 6 manat 80 qəpiyə idxal olunur. Hətta ən aşağı və ən yuxarı qiymətləri kənarlaşdırmayanda belə 1 kq kərə yağının idxal qiyməti 4,32 dollara və ya 7 manat 34 qəpikdən baha olmur.

Ekspert hesab edir ki, gömrük rüsumu 15 faizdən 5 faiz endirildikdən sonra isə qiymətdə aşağıdakı dəyişiklik baş verə bilər. Malın rüsumla birlikdə dəyəri 5 manat 60 qəpik, ƏDV hesablandıqdan sonra gömrükdən çıxış dəyəri 6 manat 61 qəpik olur. Göründüyü kimi rüsumun 3 dəfə aşağı salınması hesabına 1 kq kərə yağı digər şərtlər nəzərə alınmadığı halda orta hesabla 63 qəpik ucuzlaşa bilər: “Bu isə kərə yağının satışına qədər də böyük endirimə gətirib çıxarmayacaq”.

Ekspert hesab edir ki, dekbarın ilk on günlüyündən etibarən başlayacaq 50-60 qəpiklik ucuzlaşma qısa müddət keçərli olacaq: “Çox keçmədən qiymətlər yenə də əvvəlki səviyyəsinə qayıdacaq”.

Alaq, yoxsa gözləyək?

Hələlik isə alıcılar gözləyir. Mətbuatda yazılanların, aparılan müzakirələrin qiymətlərin ucuzlaşmasına ciddi təsir edəcəyini düşünən orta statistik alıcı müəyyən qədər endirim alacağına ümid edir. Marketlərdə aparılan müşahidələr də bunu göstərir. Son günləri ətin qiymətində bəzi yerlərdə 1 manata, bəzən isə hətta 1,5 manata qədər ucuzlaşma yağın da qiymətində bu tendensiyanın təkrarlanacağı qənaətinin formalaşmasında az rol oynamır. Marketlərdəki müşahidələr göstərir ki, Azərbaycan alıcısı iki yerə bölünüb: ucuzlaşmaya ümid edənlər və etməyənlər. Birinci qrup alıcılar dekabra qədər gözləməyi və kərə yağını daha ucuz almağı düşünür. İkinci qrup isə belə hesab edir ki, qiymətlər dəyişməyəcək və buna görə də dekabra qədər də olsa, gözləməyə dəyməz.

“Hökumət bir şey bilir ki, deyir də”

Alıcı Sərvinaz Ağayevanın sözlərinə görə, kərə yağının ucuzlaşması xəbərini mətbuatdan eşidib: “Dedilər ki, hökumət qərar verib. Amma nə qədər ucuzlaşacağını demədilər. Heç olmasa hökumət konkret qiymət qoyaydı, biz də bilərdik ki, yağ neçəyə satılacaq. İndi hər market öz istədiyi qiymətə satacaqsa, bunun harası qərar oldu?” Sözlərindən görünür ki, S.Ağayeva söhbətin gömrük rüsumunun azaldılmasından yox, konkrret olaraq hökumətin kərə yağının qiymətini ucuzlaşdırmasından getdiyini düşünür. Oxuduğu, eşitdiyi xəbərlər onda bu qənaəti yaradıb. Buna görə də gözləməyə üstünlük verir: “Deyirlər ki, ucuzlaşacaq. Azərbaycanda bahalaşan qiymətlər heç vaxt düşmür. Amma bu dəfə hökumət qərar verib. Yəqin ki, bir şey bilirlər ki, qərar veriblər. Gözləyək, ucuzlaşsın. Hələ ki, gözləmək olar. Evdə yağa o qədər də ehtiyac yoxdu, almaq üçün ucuzlaşmasını gözləyirəm”.

Nə qədər ucuzlaşma gözlədiyinə gəlincə isə, həmsöhbətimiz deyir ki, ümidi böyükdür: “Hər halda bir neçə manat ucuzlaşacaq. Yoxsa qərar verməzdilər ki? Son aylar kərə yağını 17-18 manata almışam. Ondan da bahalısı var. Onları ala bilmirəm. Amma keyfiyyət baxımından onlar yaxşıdır. Mən 17 manatlıq yağı alıram. Axırıncı dəfə həmin yağı 18 manatdan aldım. Qorxdum ki, daha da bahalaşar, 3 kilo aldım. Heç olmasa, həmin yağ 12-13 manat olsun ki, biz də deyək ucuzlaşdı”.

Alıcılar yağ alımır, gözləyir

Ekspertlərin proqnozlarından danışıb birdən-birə 5 manat ucuzlaşma gözləyən alıcının ümidini qırmaq istəmirəm. Onsuz da bir neçə gün sonra ümidinin doğrulmadığını öz gözləriylə görəcək. Buna görə də başqa satıcı və alıcıların yağla bağlı fikirlərilə maraqlanıram. Satıcılarla söhbətdən ayıdın olur ki, ucuzlaşacağı barədə xəbərlərdən sonra alıcı sayında müəyyən qədər azalma olub. Bu da təbii ki, gözləmə mövqeyində olan alıcıların hesabınadır. Amma ucuzlaşma xəbərinə inanmayıb əksini düşünənlər də var. “Bir alıcımız var, marketin yaxınlığında yaşayır. Xəbərlər çıxandan sonra gəlib 5 kiloqram kərə yağı aldı, kiloqramı 22 manatdan. Dedi ki, burda çox şey tərsinə olur. Əgər ucuzlaşma deyiblərsə, daha da bahalaşacaq. Bununla öz ehtiyatını görürdü”,- deyə satıcı xanım bildirir.

Anbardakı mallar qurtarmayınca, ucuzluq olmayacaq

Satıcı xanım bildirir ki, qiymətlərin çox ucuzlaşmasını gözləmək tezdir. Əsas məsələ anbarlarda köhnə qiymətlə ölkəyə idxal edilən malın varlığıdır: “Yağ elə şey deyil ki, gündəlik alınsın. Yağı ölkəyə gətirənlər də onu az-az yox, tonlarla gətirir. Biz çox ət, yağ işlədən millətik, amma bahalaşdıqca, alıcı sayı azalır. Əvvəl 3 kiloqram alan indi 2 kiloqram alır. Yaxud da daha ucuz yağları alırlar. Anbarlarda köhnə mal bitmədən ölkəyə yəqin ki, yeni qiymətlə yağ gətirilməyəcək. Marketlər də əvvəldən aldıqları malı satmadan yeni mal sifariş vermirlər. Buna görə də dekabrın 7-dən yağın ucuzlaşmasını gözləmək lazım deyil. Çünki televizorda da dedilər ki, marketlərdə yanvar ayında ucuzlaşma gözləmək olar”,- deyə satıcı bildirir. Bəzi alıcılar isə nəinki yanvar, heç dekbara qədər də gözləmək istəmirlər. Mətbuatda yağın ucuzlaşması barədə xəbəri dərhal kassa qəbzində əksini görmək istəyənlər marketdən deyinərək, narazı halda çıxır: “Bəs deyirdilər yağ ucuzlaşır, hanı?”

Palitika.Az
Tarix: 19-11-2017, 13:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}