Azərbaycan böhranı arxada qoydu? - iki mötəbər iqtisadçı rəyi

Azərbaycan böhranı arxada qoydu? - iki mötəbər iqtisadçı rəyi
Azərbaycan 2017-ci ili cüzi də olsa iqtisadi artımla başa vurdu. Rəsmi məlumatlara görə, ötən il ölkədə Ümumi Daxili Məhsul 0,1 faiz artıb. Bu zaman neft sektorunda istehsal 5 faiz azalıb, qeyri-neft sektorunda isə 2,7 faiz artıb.

ÜDM artımının olması Azərbaycanın böhrandan çıxmasının göstəricisi sayıla bilərmi? Hansı şərtlər daxilində böhran yenidən təkrarlana bilər?


Sualları cavablandıran iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyir ki, ötən il Azərbaycanda pozitiv yekunlaşıb, lakin bütövlükdə böhrandan çıxdığımız qənaətinə gəlmək hələ tezdir: “0,1 faizlik artım çox cüzidir. Artımın bu qədər olması Azərbaycan iqtisadiyyatının staqnasiya dövrünə qədəm qoyduğunu deməyə əsas verir. Çünki bir il əvvəl enişin tempi 3,8 faiz təşkil edib. Yəni növbəti illərdə artım 3-4 faiz təşkil etməlidir ki, böhrandan əvvəlki səviyyəyə çata bilək. Buna canlanma demək çətindir, amma bəzi sahələrdə iqtisadiyyatın böhrandan çıxma meylləri var”.

İqtisadçı-alimə görə, artımı şərtləndirən 2 vacib amil olub: “Birincisi, neftin dünya bazar qiymətinin bahalaşmasıdır. Baxmayaraq ki, ölkədə neft sektorunda istehsal 5 faiz aşağı düşüb, qiymətin yüksək olması artımı şərtləndirib. Əgər qiymət də aşağı düşsəydi, ən azı bir il əvvəlki səviyyədə qalsaydı, yekunlar mənfi olacaqdı. Artıma təsir edən ikinci amil ilin yekununda investisiyaların artmasıdır. Bildiyiniz kimi, əsaslı kapital qoyuluşu xərclərinin böyük bir qismi dekabrda icra olunur. Xüsusilə tikinti sektoruna büdcə investisiyaları dekabrda həyata keçirilir. İlin sonunda həmçinin dövlət istehlakının, ümumilikdə istehlakın həcmi artır. Bütün bunlar artımın formalaşmasına əhəmiyyətli təsir göstərir. Sektorlar arasında artım üçün əhəmiyyətli rol oynayan sənaye və tikintidədir. Əslində kənd təsərrüfatında, ictimai iaşə və turizmdə artım digər sektorlara nisbətən yüksək olub. Amma bu sektorların ÜDM-də payı elə də böyük deyil. Ümumi artıma təsir edən nəqliyyat və tikinti sektorlarındakı artımlardır. Təəssüflər olsun ki, sənaye istehsalında tənəzzül müşahidə olunur. Bu sektorda azalma istehsalat geriliyinin başlanması, iqtisadiyyatın modernləşməsinin ləngidiyini, innovasiyaların cəlb edilməsi probleminin olduğunu göstərir”.

Q.İbadoğlunun sözlərinə görə, bütövlükdə götürəndə hökumətin prioritet elan etdiyi sektorlarda artımın olması qənaətbəxş hesab oluna bilər: “Amma yenə də əgər dünya bazarında neftin qiymətində artım baş verməzsə, ən azı indiki səviyyədə sabitləşməsə, yenə də biz böhranla üzləşə bilərik. Çünki iqtisadiyyat yenə xarici faktorlardan asılıdır. Dünya maliyyə bazarlarında, dünya resurs bazarlarında baş verən şoklar Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərəcək. Xüsusilə də mən neftin qiymətlərini nəzərdə tuturam. Ona görə də hələlik dayanıqlı və davamlı iqtisadi artımdan danışmağa dəymir. Bunun üçün islahatlar aparılmalıdır. Azərbaycan iqtisadiyyatının neft faktorundan, bütövlükdə xarici amillərdən asılılığı minimuma endirilməlidir. Düşünürəm ki, neft erasına son qoymaq, Azərbaycan iqtisadiyyatının daha dayanıqlı, daha stabil, daha davamlı faktorlarla bağlı olan sahələr üzərində qurmaq və inkişaf etdirmək lazımdır. Bu halda biz deyə bilərik ki, iqtisadi artım davamlı olacaq. Beynəlxalq maliyyə-kredit təşkilatları bu il üçün Azərbaycanda iqtisadi artım proqnozlaşdırırlar. Əslində bunu şərtləndirən əsas amillərdən biri də daha çox neft gəlirlərinin artması ilə bağlı dövlət xərcləmələrinin çoxalmasıdır.”

Hökumət islahatları dərinləşdirməsə...

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin üzvü Əli Məsimli bildirir ki, 2015-2016-cı illərlə müqayisədə 2017-ci ildə bir sıra sahələrdə müsbət meyllər özünü göstərib: “2016-cı ildə ÜDM-in 3 faizdən çox enməsinə qarşı 2017-ci ildə 0,1 faiz artım oldu. Manat 2017-ci ilin fevralından sabitləşməyə başladı və bir qədər də bahalaşdı. Sərmayə qoyuluşu sahəsində enmə cəmi 2,6 faiz təşkil etdi. Ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq sərmayə qoyuldu. Ödəniş balansında saldo mənfidən müsbətə doğru dəyişdi. Beləliklə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatında staqnasiya elementləri ilə yanaşı, böhrandan çıxma əlamətləri də özünü göstərmiş oldu. Bu özünü daha çox qeyri-neft sektorunda göstərdi. Qeyri-neft sektorunda 2016-cı ildəki 4,5 faizlik enmədən sonra 2,7 faiz artım oldu. Bütün bunlar göstərir ki, böhranın çətin və ağır mərhələsi arxada qalıb, durğunluqdan dirçəliş mərhələsinə keçid başlayır”.

Millət vəkilinin sözlərinə görə, bank sektoru və bir sıra sosial sahələr hələ də böhrandan çıxmayıb: “Hökumət hansı sahədə böhrana qarşı tədbirləri yetərli səviyyədə təşkil edə bilibsə, həmin sahə böhrandan çıxıb və ya çıxır. Məsələn, qeyri-neft sektoru. Hansı sahədə böhrana qarşı tədbirləri yetərli səviyyədə olmayıbsa, bu sahədə vəziyyət hələ də sabitləşməyib. Misal üçün bank sektoru və problemli kreditlər sahəsində vəziyyət acınacaqlıdır. 2017-ci ildə bu istiqamətdə müəyyən addımlar atılsa da, bank sisteminin sağlamlaşmasına geniş yol aça bilən əsas problemin həlli istiqamətdə iş görülmədiyindən, vaxtı keçmiş kreditlərin həcmi təhlükəli həddi aşaraq 1,9 milyard manata çatıb”.

İnstitut rəhbəri deyir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı son illər bir qədər azaldılsa da, hələ normal hesab edilən səviyyəyə enmədiyindən, onun durumu xeyli dərəcədə dünya bazarında neftin qiymətindən və qismən də qlobal iqtisadi və maliyyə durumundan asılı olacaq: “Yəni neftin qiyməti bu il elə ehtimal az olsa da, 40 dollardan aşağı düşərsə, Azərbaycanın iqtisadi və sosial durumuna mənfi təsir edəcək, 70 dollardan yuxarı olanda -durum yaxşılaşacaq, ara qiymətlər şəraitində isə vəziyyət indiki kimi olacaq. Amma bunlar məsələnin yalnız bir tərəfidir. Azərbaycan iqtisadiyyatına neftin qiyməti ilə yanaşı, daxili amillər daha ciddi təsir edir. Həmin amillər içərisində islahatların əhatə dairəsi və templərinin iqtisadiyyatımızın yaşadığı yeni mərhələnin tələblərinə uyğun olmaması xüsusi aktuallıq kəsb edir”.

Ə.Məsimli hesab edir ki, yaxın perspektivdə Azərbaycan iqtisadiyyatında 2015-2016-cı illərdəki dərinlikdə böhran gözlənilmir: “Azərbaycan hökuməti ilə yanaşı, beynəlxalq iqtisadi qurumlar da sonrakı illərdə də iqtisadiyyatımızda artım proqnozlaşdır. Son illər Azərbaycan əhalisi hər il orta hesabla 100 min nfər və ya 1-1,3 faiz arası artır. Proqnozlaşdırılan səviyyədə iqtisadi artımın yaratdığı yeni dəyər olsa-olsa artan əhalinin tələbatını dolğun ödəməyə yetər. Amma bizə dünya iqtisadiyyatının artım templərindən 2 dəfə yüksək - 6 faizdən yuxarı artım templəri lazımdır. Ona görə də artımın templərinin yüksəldilməsi və keyfiyyətinin yaxşılaşdırılması məsələsi yenə problem olaraq qalacaq. Mövcud imkan və şanslardan lazımınca istifadə edilməsə, bank sahəsində və sosial sahədəki problemlər, gərginliklər və risklər davam edəcək. Nə qədər ki, hökumət fikirdə, sözdə və işdə neft amilinin aparıcı roluna əsaslanan və dayanıqlılığını artıq çoxdan itirmiş köhnə modeldən insan amilinin aparıcı roluna üstünlük verən yeni modelə keçidi lazımı templərlə təmin etməyəcək, monopoliyaya, korrupsiyaya və məmur özbaşınalıqlarına qarşı lazımı səviyyədə mübarizə aparılmayacaq, sənaye parkları və sair bu kimi strukturlar istisna olaraq, qalan sahələrdə Azərbaycanın qeyri-neft sektoru, neft sektoru qədər investisiyalar üçün cəlbedici olmayacaq. Azərbaycanın potensialı imkan verir ki, bir neçə il ərzində qeyri-neft sahəsində, maliyyə sektorunda və sosial sahədə ciddi müsbət nəticələr əldə olunsun. Əslində neft sahəsində də vəziyyət pis deyil. Dünya bazarında neftin qiyməti aşağı düşsə də hazırda Azərbaycan öz neftini maya dəyərindən 2,5- 3 dəfə baha qiymətə satır. Hasilat azalsa da, Azərbaycanın neft gəlirləri artıb. Digər tərəfdən, manat ifadəsində neftin qiymətində artım var. 2014-cü ilin iyun ayında neftin qiyməti 115 dollardan baha olanda Azərbaycan öz neftini 70 manata satırdı. İndi neftimizin qiyməti 60 dollar ətrafında hərəkət edir, bəzən 70 dollar nöqtəsini də vurur. Bu o deməkdir ki, indi biz neftimizi 100-120 manat arasındakı qiymətlə satırıq və bu, neftimizi 115 dollara satdığımız vaxtdakı qiymətdən 10-30 manat bahadır. Neft gəlirlərindən istifadənin obyektiv təhlilini aparıb, həmin vəsaitlərdən istifadənin səmərəliliyini artırmağa, neft gəlirlərinin insan kapitalına çevrilməsi üçün əlavə tədbirlər görməyə ehtiyac var. Ona görə də hökumət islahatlara daha geniş əhatəlik və sistemlilik xarakteri verməklə həm də islahatları daha da dərinləşdirməlidir. Qanunla qadağan olunmayan bütün fəaliyyət növləri üzrə sərbəst hərəkət imkanları yaransa, hökumət konkret sahibkara real kömək edə bilmirsə, heç olmasa ona mane olan hökumət strukturlarının əl-ayağını yığışdırsa (təkcə onu xatırlatmaq kifayətdir ki, yoxlamar məhdudlaşdırılandan sonra yoxlamaların sayı min dəfə azalıb və deməli, yoxlamalar zamanı itirilən pullar sahibkarlara qalır), idarəetmənin çevikliyini və səmərəliliyini artırıb, inhisarçılığa, korrupsiyaya və məmur özbaşınalıqlarına qarşı mübarizəni gücləndirsə, müqayisəli üstünlüklərimiz imkan verir ki, Sumqayıtda olduğu kimi, bütünlükdə Azərbaycan regionlarında da qeyri-neft sektoru investisiyalar üçün cəlbedici olsun. Bu əsasda əlavə sərmayə qoyuluşları hesabına sürətlə inkişaf etsin, yüksək rəqabətə davamlı istehsalat sahələri yaradılsın, həm daxili bazarı yetərincə təmin etsin, həm də xaricə indikindən qat-qat artıq mal çıxara bilsin. İslahatları dərinləşdirməklə iqtisadi azadlıqları genişləndirmək, iqtisadi proseslərin liberallaşdırılmasını davam etdirmək, dövlət və özəl sektorun münasibətlərini sivil bazar iqtisadiyyatı prinsiplərinə uyğun təkmilləşdirmək gərəkir. Sahibkarlar qarşısında duran problemlərin və maneələrin aradan qaldırılması istiqamətdə görülən işləri daha da genişləndirmək hesabına perspektivli yerli istehsal sahələrinin yaradılmasında və ixrac potensialının əhəmiyyətli dərəcədə artırılmasında uğurlu nəticələri davamlı olaraq daim artırmaq olar”.
“Yeni Müsavat”
Tarix: 22-01-2018, 09:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}