“Azərenerji”nin yükünü dövlətin üzərindən necə qaldırmalı

“Azərenerji”nin yükünü dövlətin üzərindən necə qaldırmalı Azərbaycanda müxtəlif dövlət təşkilatlarının dövlət zəmanəti ilə aldıqları kreditlərin qaytarılması sahəsində vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə kommunal sektorda, enerji istehsalı və təchizatı sahəsində çalışan iri təşkilatların müxtəlif xarici mənbələrdən aldıqları kreditləri qaytarmaqla bağlı ciddi problemləri var. Belə qurumlardan biri də “Azərenerji” ASC-dir.

Bu günlərdə “Fitch” beynəxalq reytinq agentliyi “Azərenerji” ASC-nin emitentin uzunmüddətli defolt reytinqini “BB+”, qısamüddətli defolt reytinqini isə “B” səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz stabildir.

Agentliyin bununla bağlı məlumatında bildirilir ki, “Azərenerji” dövlət şirkətidir və onun borclarının böyük hissəsinə dövlət tərəfindən zəmanət verilib: “Görürük ki, dövlət ”Azərnerji"yə bütün əməliyyatlar üzrə güclü dəstək verməkdə davam edir. Çünki son bir neçə il ərzində dövlət tərəfindən şirkətə investisiya proqramı çərçivəsində kapital inyeksiyası baş tutub. 2015-ci ilin sonunda imzalan sərəncama əsasən, dövlət 2016-2025-ci illər ərzində şirkətə öz xarici öhdəliklərini yerinə yetirməyə yardım məqsədilə kapital ayırmaqda davam edəcək"(APA).

Agentliyin bundan əvvəl yaydığı məlumatda isə bildirilirdi ki hökumət “Azərenerji”nin likvdiliyini təmin etmək üçün ona dəstəyini davam etdirib. Bura əsas borcların və faizlərinin ödənməsi daxildir: “Gözləyirik ki, bu dəstək davam edəcək, amma həm də görürük ki, həmin dəstək getdikcə zəifləyir. Şirkətin genişlənmiş investisiya proqramının icrasına dair qeyri-müəyyənlik var. Digər tərəfdən qurumun yığımlarının əsas hissəsi ”Azərişıq" ASC-dən gəlir. Nəhayət, hökumətə nisbətən “Azərenerji”nin xarici borcları daha yüksəkdir".

“Fitch”in hesablamarına əsasən 2016-2025-ci illər ərzində dövlət şirkəti müvafiq olaraq 172 milyon dollar və 204 milyon avro məbləğində xarici borcunu ödəməlidir. Lakin hazırda şirkətin mailiyyə vəziyyəti bu borcun dövlət dəstəyi olmadan ödənilməsini qeyri-mümkün edir.

Bundan əlavə, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün dövlət “Azərenerji” ASC-yə aşağı faiz dərəcəsi ilə 360 milyon manat məbləğində uzunmüddətli kredit də ayırıb. Habelə hökumət “Azərenerji”-nin investisiya proqramının qismən maliyyələşdirilməsi üçün 2009-2015-ci illərdə büdcədən 970 milyon manat həcmində investisiya yatırıb.

Hesabata əsasən 2015-ci ilin sonuna “Azərenerji” ASC-nin xarici borcu 1,5 milyard manatdan 2,4 milyard manata yüksəlib. Bunun əsas səbəbi manatın devalvasiyaya uğramasıdır.

Onu da qeyd edək ki, ASC prezidenti Etibar Pirverdiyev dəfələrlə bəyan edib ki, qurum xarici borclarını özü ödəyir. Amma yuxarıda qeyd olunanlar göstərir ki, əslində ağırlıq yenə dövlətin üzərindədir.

Onu da qeyd edək ki, 2017-ci ildə “Azərenerji” ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) olan borcun ödənməsi təmin edilib.Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunur ki, “Azərişıq” ASC-nin də “Azərenerji”yə borcu tam həcmdə ödənilib. Buna əsas səbəbi kimi, ötən il martın 14-də Nazirlər Kabinetinin 91 saylı qərarı ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi göstərilir.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyir ki, borclara xidmətlə bağlı vəziyyəti dəyərləndirsək, “Azərenerji” ən zəif həlqədir: “Bu təşkilatda borc yükü və ona xidmət edilməsi səviyyəsi heç zaman məqbul sayılmayıb. Eyni zamanda borc vəsaitləri kifayət qədər deyərdim ki, səmərəsiz idarə olunub. 2015-ci ilə aid olan son məlumata görə, ”Azərenerji"nin borclarının 91,5 faizinə dövlət zəmanəti verilib, 8,5 faizinə isə Maliyyə Nazirliyi tərəfindən zamin durulmuşdu. Yəni bu quruma dövlət təminatı olmadan bundan sonra borc alınması mümkün deyil. Bu o deməkdir ki, o borcların qaytarılması məsuliyyəti dövlətin üzərindədir. Elə bu kimi borclara görə büdcədə dövlət borcuna xidmət xərcləri yüksək həddə çatıb. 2018-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri ümumi xərclərin 10,8 faizini təşkil edir. Bu, 2 milyard 262,8 milyon manat vəsait deməkdir. Ötən illə müqayisədə 621 milyon manat, və ya 37,8 faiz yüksək bir rəqəmdir. Bunu şərtlərindirən amillərdən biri də “Azərenerji” kimi qurumların dövlət zəmanəti ilə götürdükləri borcları qaytara bilməməsi, nəticədə bu yükün büdcənin üzərinə qoyulmasıdır".

İqtisadçı-ekspertin sözlərinə görə, “Azərenerji”nin borcların qaytarılmasında yaşadığı problemlərin obyektiv səbəbləri də var: “2015-ci il devalvasiyasından sonra ”Azərenerji"nin borclara xidmət sahəsində çox ciddi problemləri yarandı. Nəzərə alaq ki, “Azərenerji”nin əsas gəlirləri daxili bazardakı satışlardan formalaşır. Düzdür, enerji xaricə də ixrac olunur - ildə ortalama 50 milyon dollarlıq. Lakin dediyim kimi, əsas bazar daxildədir, buradan gəlirlər də manatla ifadə olunur. Borclar isə xarici valyutada olduğuna görə “Azərenerji”nin obyektiv çətinlikləri meydana çıxdı. Bu səbəb həm də borclara dövlət zəmanəti verilməsi zərurətini izah edir".

Q.İbadoğlu hesab edir ki, yaranmış vəziyyətdən çıxış yollarından biri paylayıcı şəbəkələrin özəl idarəetməyə verilməsi ola bilər: “İndiki borc yükü vəziyyətində istehsal obyektləri üçün investor tapmaq çox çətin məsələdir. Ümumiyyətlə, dünya təcrübəsində də iri enerji istehsal güclərinin özəlləşdirilməsinə az-az rast gəlinir. Bu baxımdan, hesab edirəm ki, diqqət paylayıcı şəbəkələrin özəlləşdirilməsinə yönəlməlidir. Bildiyiniz kimi, son illərdə ”Azərişıq" da sürətlə borclanmaya gedir, bu borcların əksəriyyəti dövlət zəmanəti ilə alınır. Bu yaxınlarda elə Asiya İnkişaf Bankından “Azərişıq”a 750 milyon dollarlıq borc ayrıldı. Hazırda ən aktual məsələ vəsaitlərdən səmərəli istifadə olunmasıdır. Bütün ölkə boyu “Azərişıq”ın dəbdəbəli ofisləri inşa olunur. Bu tikinti işlərinə külli miqdarda vəsait sərf edilir. Halbuki daha az dəbdəbəli ofislərlə də keçinmək mümkündür. Yəni vəsaitlərdən səmərəli istifadə sahəsində ciddi problemlərin olduğu ortadadır".

İqtisadçı-alimə görə, mövcud qiymətlər şəraitində alınan borcların qaytarılmasında ciddi problemlər qalacaq: “Görünür, vəziyyətdən çıxış yollarından biri kimi tariflərin artırılması seçiləcək. Yaxın dövrdə olmasa da, müəyyən müddətdən sonra tariflərə yenidən baxılması gündəmə gətirilə bilər. Çünki ”Azərenerji"nin aldığı kreditlər xarici valyutadadır, çoxusu qaytarılmayıb. Onun satdığı məhsulun indiki qiymətləri ilə bu borcların qaytarılması ciddi çətinlik yaradacaq".

Müsahibimiz deyir ki, “Azərenerji” ilə yanaşı, Xəzər Dəniz Gəmiçiliyi, “Azərsu” ASC kimi qurumların da xarici borc öhdəliklərinin icrası sahəsində problemlər mövcuddur: “Yalnız dövlət dəstəyi ilə bu problemləri həll etmək mümkün olmayacaq. Buna görə də mümkün olan bütün sahələrdə dövlətsizləşdirməyə gedilməli, idarəetmə optimallaşdırılmalıdır. Sağlam investorlar cəlb etməklə bu sahələri vəziyyətdən çıxarmaq mümkündür”.
“Yeni Müsavat”
Tarix: 10-03-2018, 10:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}