İdxal məhsullarının gömrük qiymətində artımın səbəbləri


Natiq Cəfərli: “Gömrükdəki şəffaflaşdırma prosesinin qiymət artımına təsirlərini azaltmaq üçün addımlar atılmalı idi”

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan əksər yeyinti məhsullarının gömrük qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatlarında qeyd olunub.

Belə ki, 2 ay ərzində ölkəyə gətirilən ətin hər tonu 1 500 ABŞ dollarına (hər kiloqramı 1,5 dollara və yaxud 2,55 manata) rəsmiləşdirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur. Südün gömrük qiymətində 1,6%, kərə yağının və süddən hazırlanmış digər yağların gömrük qiymətində 64,4%, meyvə-tərəvəzin gömrük qiymətində 19,6%, çayın gömrük qiymətində 4%, bitki və heyvan mənşəli piy və yağların gömrük qiymətində isə 5,1% artım olub. Əvəzində Komitə Azərbaycana idxalı olunan buğdanın hər tonunu illik müqayisədə 6,4%, şəkərin hər tonunu isə 1,5% aşağı qiymətə rəsmiləşdirib.

Bəs, bu bahalaşma hansı iqtisadi amillərlə bağlıdır? Söhbət dünya bazarındakı bahalaşmadan, yoxsa ölkənin gömrük sistemindəki dəyişikliklərin təsirindən gedir?

Картинки по запросу Natiq Cəfərli canlı yayım

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, beynəlxalq bazarlarda mövsümi xarakterli bahalaşma ola bilər, lakin bu qeyd olunan həddə hiss olunmur: “Təkcə bu səbəbdən belə kəskin fərqlin olması mümkün deyil. Azərbaycan iqtisadiyyatı kifayət qədər təzadlıdır. Gömrükdə rəsmiləşdirmə artdıqca qiymətlər də artır. Əvvəllər gətirilən məhsulun bir hissəsi rəsmiləşdirilirdi, bir hissəsi isə qeyri-rəsmi şəkildə ölkəyə daxil olurdu. İş adamları ilə gömrük orqanları arasında anlaşma baş verirdi. Bu da qiymətlərə müsbət təsir edirdi. Əgər iş adamlarına rüşvət vermək daha əlverişli olmasaydı, elə qanuni şəkildə ölkəyə mal gətirərdilər. Deməli burada qarşılıqlı maraq olub. İndi gömrük prosesi tamamilə rəsmiləşdikdən sonra, bu qarşılıqlı maraq getdikcə azalıb. Bu da öz-özlüyündə pozitiv bir addımdır”.

İqtisadçı hesab edir ki, gömrükdəki şəffaflaşdırma prosesinin qiymət artımına təsirlərini azaltmaq üçün müəyyən addımlar atılmalı idi: “Ölkədə istehsal olunmayan və ya istehsalı az olan məhsulların gömrük rüsumları aşağı çəkilməli idi ki, qiymətlərə ciddi təsir göstərməsin. Çox təəssüf ki, Azərbaycanda gömrük siyasəti gömrüyün fəlsəfəsinə uyğun aparılmır. Dünyanın hər yerində gömrük orqanları daxili bazarın qorunması üçün yaradılmış və daxili istehsalçılara dəstək üçün fəaliyyət göstərən bir orqandır. Azərbaycanda isə daxildə istehsal olunmayan məhsullara belə çox böyük gömrük rüsumları tətbiq olunur. Bu da son nəticədə istehlakçının cibindən çıxır. Ölkədə elə məhsul növləri var ki, daxili istehsal ümumiyyətlə yoxdur və ya çox cüzi həcmdədir. Buna baxmayaraq, gömrük rüsumları yüksək olduğu üçün bazar qiymətlərinə ciddi təsir göstərir. Bu baxımdan qiymət artımının sürətlənməsinin şahidi oluruq”.

Nərgiz LİFTİYEVA

Tarix: 12-03-2018, 08:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}