“Diplomat böhranı” pulu da “vurur”


Natiq Cəfərli: “Rublun dəyərdən düşməsi ətraf ölkələrəciddi psixoloji basqılar yaradır”

“Diplomat böhranı”nın ardından rus rublu ucuzlaşmağa başlayıb. Qeyd edək ki,  İngiltərədə keçmiş bir Rusiya agentinin zəhərlənməsi hadisəsi Mokvanın sui-qəsd cəhdində günahlandırılması ilə nəticələnib. Bu səbəbdən başda ABŞ olmaqla Qərb ölkələri Rusiya diplomatlarını deportasiya etmək qərarı veriblər. Elə bu qərardan sonra da Rusiya rublu ucuzlaşamağa və Moskva Birjası düşməyə başlayıb. Nəticədə, dollar rus rublu qarşısında 0,1% bahalaşaraq 57,50 səviyyəsinə qalxıb.

Məlumat üçün bildirək ki, ABŞ rəhbərliyi, Rusiyanın ABŞ-da akkreditə olunmuş 60 diplomatını deportasiya etmək və Sietldən Rusiya konsulluğunu bağlamaq qərarı verib. Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk da 14 Aİ ölkəsinin Rus diplomatları deportasiya etmək qərarı verdiyini bildirib.

Sözügedən böhrandan sonra rus rublunun məzənnəsinin sürətlə aşağı düşəcəyi və bunun region valyutalarına da təsir edəcəyi bildirilir. 

Məsələ ilə bağlı “Cümhuriyət” qəzetnə şərh verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əsasən region ölkələri ilə, xüsusən də Cənubi Qafqazla Rusiyanın iqtisadi əlaqələri kifayət qədər genişdir. Təbii ki, Azərbaycanla Rusiyanın da iqtisadi əlaqələri var və genişdir. Qeyri-neft sektorunda, əsasən də kənd təsərrüfatı məhsullarında ixracat etdiyimiz ölkə Rusiyadır. Orada yüz minlərlə soydaşımız yaşayır hansı ki, əldə etdikləri qazancın bir hissəsini də Azərbaycana göndərirlər. Birbaşa və  dolayı yollarla Rusiyada gedən iqtisadi proses regiona, o cümlədən də Azərbaycana təsir edir. Bu böhranın hansı səviyyəyə qədər gedib çatacağını və rublun buna görə nə qədər ucuzlaşacağını indidən demək çətindir. Çünki neft qiymətləri hələki yüksəkdir. Diplomatlarla bağlı və Rusiya- Qərb arasında olan münasibətlərdə gərginliyə baxmayaraq, neft qiymətləri rubla ən çox dəstək verən amillərdən biridir. Yəni bu günkü baş verən böhran neftin ucuz qiymətlərində baş versəydi, neft 50 dollar civarında olsaydı, indi rubl 20-30 faiz dəyər itirmiş olardı. Eyni zamanda rubl dollar qarşısında ucuzlaşa bilərdi. Hələlik neftin qiymətləri müəyyən dərəcədə rubla dəstək verir. Amma bu keçici ola bilər və daimi olmaya bilər. Böhran dərinləşdikcə, həmçinin neft qiymətləri müəyyən qədər aşağı düşdükcə,  rublun daha da dəyərdən düşməsi ehtimalı böyüyür. Görünən isə odur ki, bu Rusiya- Qərb münasibətlərində məsələni daha dərin böhrana və uçuruma apara bilər. Belə olduqda isə təbii ki, proses bütün regiona, eləcə də Azərbayaca təsirsiz ötüşməyəcək. Eləcə də ölkəyə Rusiyadan gələn valyuta həcminə kifayət qədər təsir göstərə bilər. Rusiyadan gələn vəsait həm azərbaycanlı ailələrə, həm də Azərbaycan ixracatına mənfi təsir göstərə bilər. Rusiyada alıcılıq qabiliyyəti aşağı düşdükcə, Azərbaycan kənd təsərrüfatı məhsulları və digər məhsul növlərinin ixracatında azalmalar müşahidə oluna bilər. Bu məsələnin iqtisadi tərəfidir. Amma prosesin psixoloji məqamları da var”. 

Ekspertin sözlərinə görə, Rusiya Azərbaycan arasında iqtisadi bağların geniş, sistemlərin bənzər, eləcə də idarəetmə metodların və iqtisadi modelin oxşar olması hər iki ölkəni enerji daşıyıcılarından ciddi asılılığını yaradır:

“Rublun dəyərdən düşməsi Azərbaycan da daxil olmaqla ətraf ölkələrə, o cümlədən Qazaxıstana, Belarusa, Ukraynaya ciddi psixoloji basqılar yaradır. Bu nöqteyi-nəzərdən manata və Azərbaycan iqtisadiyyatına bunun iqtisadi təsirlərindən əlavə, həm də psixoloji təsirləri də mövcuddur”.(Cebhe.info)


Tarix: 29-03-2018, 08:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}