Nazirdən və baş bankirdən cavabını istədiyimiz suallar


Heydər Əsədov və Elman Rüstəmov sorğularımızı niyə cavablandırmır?

Azərbaycanın bir çox dövlət qurumları var ki, mətbuat orqanları onlardan lazım olan məlumatları əksər hallarda əldə edə bilir. Göndərilən informasiya sorğularına bəzən natamam da olsa, cavab almaq mümkün olur.

“Yeni Müsavat” olaraq, son aylarda dəfələrlə müxtəlif qurumlara informasiya sorğuları göndərmişik, ən uzağı 1 həftə ərzində sorğularımıza cavab almışıq. İki qurum, daha doğrusu, iki məmur istisna olmaqla. Bunlardan biri kənd təsərrüfatı naziri Heydər Əsədov, digəri isə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur.

Kənd təsərrüfatı nazirinə informasiya sorğusu ilə 2017-ci ilin oktyabrında  - düz 5 ay əvvəl müraciət etmişik. Ötən müddət ərzində bir dəfə də olsun Heydər Əsədovun rəhbərlik etdiyi nazirlikdən sorğuya cavab verilib-verilməyəcəyinə dair hər hansı bildiriş almamışıq. Sanki ölkənin ən böyük qəzetlərindən birindən H.Əsədova belə bir sorğu heç getməyibmiş kimi...

Halbuki ölkə qanunvericiliyinə, konkret olaraq “İnformasiya əldə etmək haqqında” qanuna əsasən, cənab nazirə göndərdiyimiz sorğunun cavablandırılma müddəti çoxdan keçib. Belə ki, həmin qanunun 24.1-2-ci bəndlərində qeyd olunur: “İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir”. Yenə həmin qanuna görə,  İnformasiya sahibi informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir.

Ä°lgili resim

Biz H.Əsədovdan nə soruşmuşduq ki, 5 ayda cavablandırılması mümkün olmasın? Suallarımız bunlar idi:

Azərbaycanda otlaq və qışlaq sahələri nə qədərdir? Son 2 ildə bu sahələrin nə qədəri əkin altına salınıb?

İnidyədək ölkəyə nə qədər cins mal-qara gətirilib? Gətirilən heyvanlar arasında itki nə qədərdir? Onların hansı hissəsi fərdi şəxslərə, hansı hissəsi iri fermer təsərrüfatlarına satılıb?

Gətirilən cins mal-qaranın ölkədə süd və ət istehsalına təsirləri hesablanıbmı? Hesablanıbsa, nəticələr, həmçinin yaxın bir neçə il üzrə proqnozlar barədə qəzetimizə məlumat verilməsini xahiş edirik.

Tabeliyinizdə olan “Aqrolizinq” ASC-nin ötən il Traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikaların satın alınması, həmçinin vaksinlərin satın alınması üzrə müqavilə imzaladığı “Networks Europe L.P.” şirkəti necə seçilib: Bu şirkətin kənd təsərrüfatı texnikası və vaksin istehsalı sahəsində təcrübəsi varmı? Məlumatınız üçün bildirək ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş bu şirkətin fəaliyyətinə dair heç bir mənbədə məlumat yer almayıb. Rəhbərlik etdiyiniz nazirlikdə, həmçinin “Aqrolizinq” ASC-də bu barədə olan məlimatları qəzetimizlə bölüşməyinizi xahiş edirik.

Xahiş edirik, “Aqrolizinq” ASC-nin bu il keçirdiyi tender, müsabiqə və kotirovra sorğuları, onların nəticələri, bağlanan alqı-satqı müqavilələrinə dair məlumatların redaksiyamıza təqdim olunmasını təmin edəsiniz.

Qeyd etdiyimiz kimi, daha bir informasiya sorğusunu Mərkəzi Bank rəhbərinə göndərmişik. Bir aydan çox vaxt keçməsinə rəğmən, E.Rüstəmov və onun rəhbərlik etdiyi qurum da sorğumuzu cavablandırmayıb.

E.Rüstəmovun 2013-cü ilin avqustunda öz imzasıyla təsdiq etdiyi “İnformasiya sorğuları ilə bağlı işin təşkilinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının daxili icraat Qaydaları”na görə, informasiya sahibi kimi Mərkəzi Bankın vəzifəsi “informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etmək”dir. Əgər sorğuda istənilən informasiyanın əldə olunmasına hansısa  məhdudiyyət qoyulubsa, Mərkəzi Bank bu barədə sorğuçuya məlumat verməlidir. Biz “Yeni Müsavat” olaraq Mərkəzi Bankdan belə bir məhdudiyyətin olmasına dair hər hansı məlumat almamışıq. Bəs nədən E.Rüstəmov həm ölkə qanunvericiliyini, həm də özünün imzaladığı qaydaları pozaraq informasiya sorğumuzu cavablandırmır?

HeydÉr ÆsÉdov vÉ Elman RüstÉmov ile ilgili görsel sonucu

E.Rüstəmovdan hansı suallara cavab istəmişdik:

Azərbaycan Mərkəzi Bankının bağlanan banklarda cəmi nə qədər vəsaiti var idi?

Bu vəsaitlərin taleyi necə oldu - geri qaytarılanı varmı? Varsa hansı hissəsi geri qaytarılıb?

Mərkəzi Bankın fəaliyyəti dayandırılan “StandardBank”da olan vəsaitləri necə geri qaytarılıb? Bu barədə rəy verən hüquqşünaslar qanunvericiliyin pozulduğunu bildirirlər.

Mərkəzi Bank ölkənin maliyyə-bank sektorunda əsas tənzimləyicilərdən biridir. Bu baxımdan onun rəhbərinin fəaliyyəti daim diqqət mərkəzində olur. Buna görə biz baş bankirsən şəxsi barədə yayılan bəzi məlumatlara da aydınlıq gətirməyini xahiş etmişik:

Sizin birinci devalvasiyadan az əvvəl bəzi Azərbaycan banklarından 750 milyon manat kredit götürdüyünüzə dair mətbuatda məlumatlar yer alıb. Bu, nə qədər həqiqətəuyğundur?

Gürcüstan Respublikasında tikinti biznesinizin olduğu deyilir. Belə bir biznesiniz varmı?

Göründüyü kimi, biz nə H.Əsədovdan, nə də E.Rüstəmovdan dövlət sirri sayıla biləcək məlumat istəməmişik. Bu halda suallarımızın aylarla cavabsız buraxılmasının səbəbini öyrənmək haqqımız var. Bu haqqımıza nail olanadək hər iki məmura göndərdiyimiz sualları müntəzəm olaraq ictimailəşdirəcəyik...

İqtisadiyyat şöbəsi

Tarix: 31-03-2018, 16:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}