Banklar investorları ölkədən qaçırır: PUL HƏRİSLİYİ



Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları investorların diqqətini cəlb etmir.Əslində səbəbi məlumdur.Manatın  ardıcıl 2 devalvasiyasından sonra demək olar ki, bank sektoru hələ də düşdüyü müflis vəziyyətdən çıxa bilmir. 2 il ərzində 11 bank bazarı tərk etsə də, digər banklarda vəziyyət olduqca ağırdır. Bu, kommersiya banklarının apardığı yanlış pul-kredit siyasətinin nəticəsidir.Sağlam olmayan banklar isə investor şirkətlərinin diqqətini cəlb edə bilməz.

Bu günlərdə Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) hələlik Azərbaycanda müəssisə və bankların yeni səhmlərini almağı planlaşdırmadığını açıqlayıb. Qeyd edək ki, QDTİB “AccessBank”ın səhmlərinin 20 faizini, eləcə də Azərbaycanda layihələri kreditləşdirən “SEAF Caucasus Growth Fund” şirkətinin səhmlərinin 21,39 faizinə sahibdir. Ümumilikdə QDTİB müxtəlif ölkələrdə 10-a yaxın şirkət və bankda pay sahibidir.Azərbaycan banklarının etibarsızlığı niyə bu qədər artıb?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində investorların bu cür açıqlamalarına bank sektorunda olan inamsızlığın səbəb olduğunu deyib:

“Azərbaycanda bank sistemi artıq 3 ildir ki, çox ciddi problemlər içindədir. Həm verilmiş kreditlərin geri dönüşündə, həm də yeni kredit xətlərinin açılmasında ciddi problemlər var. Yəni, problemli kreditlərin həcmi sürətlə artır.İqtisadi aktivlikdə bankların rolu xeyli dərəcədə azalıb. Qara Dəniz Ticarət və İnkişaf Bankı vaxtilə  çox baha alınan səhmlərini indi ucuz satmaq istəmir. Əgər imkan olsaydı, bir çox səhmdarlar banklarda olan səhmlərini satıb bazardan ümumiyyətlə, çıxardılar.Sadəcə, səhmləri vaxtı ilə baha əldə ediblər və indi xeyli ucuzlaşıb deyə satmaq istəmirlər.Təbii olaraq da yeni səhmləri almaqda maraqlı deyillər.Bank sektorunun indiki durumunda səhm almaq çox riskli kapital yatırımı olar.Ona görə Azərbaycanda bank sektorunun sağlamlaşdırılması üçün ciddi addımlar atılmasa, istər xarici investorlar, istərsə də yerli vətəndaşların banklara olan inamı bərpa olunmayacaq.Bankların sağlamlaşdırılması məsələsi isə artıq 3 ildir ki, uzadılır”.

Ekspert hesab edir ki, hökumət və Azərbaycan Mərkəzi Bankı tərəfindən bankların sağlamlaşdırılması üçün heç bir addım atılmır:

“11 bank bağlandı və bunu sağlamlaşdırma addımları kimi təqdim etdilər. Amma bu sağlamlaşma prosesinin ilkin mərhələsidir. Bir çox addımlar atmaq lazımdır ki, bank sektorunda bir proses başa çatsın. Bunun üçün də ilk növbədə problemli kreditlər məsələsi həll olunmalıdır, kredit faizləri ciddi dərəcədə aşağı çəkilməlidir və bütün bunların baş verməsi üçün isə rəqabətli mühit yaranmalıdır.Biznesin uzunmüddətli kreditlərə çıxış imkanı olmalıdır.Ona görə də xarici investorların bu cür açıqlama verməsi təbii haldır”.

Natiq Cəfərli sonda investorların bankların səhmlərindən imtina etməsinin ziyanlı tərəflərinə toxunub. N.Cəfərli hesab edir ki, bunun ən böyük zərəri Azərbaycan Beynəlxalq Bankına dəyəcək:

“Bunun ən böyük ziyanlarından biri isə Beynəlxalq Bankla bağlı olacaq. Ümumiyyətlə, Beynəlxalq Bankla bağlı proseslər bank sektoruna çox ciddi zərbə vurdu.Amma hökumət bu bankı özəlləşdirmək istəyir.Ancaq indiki şəraitdə hansısa ciddi xarici investorun Beynəlxalq Bankı özəlləşdirməyə maraq göstərsin.Ən azından maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın 2018-ci ilin sonunda özəlləşməyə çıxarılacağını demişdi.Artıq bu inandırıcı gəlmir.

Hətta deyərdim ki, 2020-ci ilə qədər bank sektorunda sağlamlaşma olmasa, Beynəlxalq Bankın özəlləşdirilməsi mümkün olmayacaq.Hökumət artıq daxili ekspertlərə inanmırsa, xaricdən gələn bu siqnallara qulaq verməlidir.Və sağlamlaşdırma prosesini sürətləndirməlidir.Axır-əvvəl problemli kreditlərin yükü dövlətin çiyninə düşəcək.Nə qədər bunu tez anlasalar, bu problemi o, qədər ucuz həll etmək mümkün olar”.(Cebhe.info)


Tarix: 4-04-2018, 22:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}