“Amerikanın neft oyunu” - dirijor çubuğu


Neftin qiymətinin dünya bazarında gah qəfildən bahalaşması, gah da gözlənilmədən ucuzlaşması oturub-durub hər şeyi “Amerikanın oyunu” kimi təqdim edənləri haqlı çıxarır.

Gerçəkdən də iqtisadçılar, maliyyəçilər bu durumu necə izah etsələr də, neftin kəskin bahalaşması və ucuzlaşmasını hansı amillərlə əlaqələndirsələr də, ortada siyasi faktorun həlledici olduğunu danmaq mümkün deyil.

Bu, neftdir, illərdir rəvan tempdə, hasilatında kənar problemlər olmadan istehsal olunur, stabil şəkildə dünya bazarına çıxarılır, daimi alıcılarıı həmişə başının üstündədir, necə olur ki, belə bir əmtəə yağışın yağıb-yağmamasından, hava şəraitinin əlverişli olub-olmamasından asılı olan badımcan-xiyara dönür?

Demək, bu işdə bir iş var, neftin qiymətinin artırılması da, qəfildən azaldılması da süni şəkildə, dirijor çubuğu ilə həll olunur. Zatən, bu artıb-azalmanı bazar özü tənzimləsəydi, qiymətlərin kotirovkası (tərəddüdü) bu şəkildə kəskin olmazdı, hər dəfə 1-2 dollar həcmində o yan-bu yan olardı.

Belə görünür ki, bu, beynəlxalq səviyyəli və irimiqyaslı möhtəkirlikdir.

11-12 il öncə neftin qiyməti 1 barel/100 dollar həddini keçəndə dünyada böyük böhran başlamışdı. Elə o zaman da iqtisadçılar, siyasətçilər neftin qiymətinin artıq “psixoloji həddi” keçdiyini deyirdilər. Bu “psixoloji hədd”i keçmə tendensiyası o yerə qədər irəlilədi ki, neftin bir bareli 120 dollardan satıldı.

Nəticədə neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan öncədən nəzərdə tutulmayan, gözlənilməyən milyardlar əldə etdilər.

Neft milyardları əldə etmiş ölkələrin hərəsi bir cür davrandı. Azərbaycan tikinti-quruculuq işlərinə, müdafiə xərclərinə, ölkənin reklamına böyük vəsaitlər ayırdı (bu vəsaitlərin nə dərəcədə səmərəli xərcləndiyi başqa söhbətdir).

Rusiyada neoimperiya ambisiyası yenidən kükrədi, Kreml özünü o qədər güclü hiss etməyə başladı ki, əski sovet imperiyasını bu və ya digər adla bərpa etmək, SSRİ-nin xarici siyasətdəki aqressiv tutumunu dirçəltmək fikrinə düşdü.

İran nüvə silahı yaratmaq layihəsi üzərində fəaliyyətini intensivləşdirdi.

Səudiyyə Ərəbistanı və Qətər əli çatan regionlarda sələfiliyin güclənməsi üçün milyardlar ayırdı.

Venesuela, Liviya, Suriya, İraq neft milyardlarıyla özlərini dünya divi sandılar, ABŞ-la sözlü savaşmaq, hər fürsətdə bu dövlətə hörmətsizlik etmək eşqinə düşdülər.

Dünyada iqtisadi böhranla yanaşı siyasi böhran da yaşanmağa başladı.

Bu böhran pik nöqtəsinə çatanda neftin qiyməti gözlənilmədən düşməyə doğru üz qoydu.

Liviya qarışdı, Qəzzafi öldürüldü.

Səddam Hüseynin devrilmiş İraqı parçalanmaya məruz qaldı.

Suriya çilik-çilik oldu, 5 yerə bölündü, hələ də toparlanmayıb.

Venesuelada böyük iqtisadi böhran əmələ gəldi, xalq küçələrə çıxdı, inflyasiya, kasıblıq ifrat həddə çatdı.

Ölkəyə axan milyardların nəqlində azalma başlasa da, Rusiya özünü dəvədən yıxılan, amma “höt-höt” deməkdə davam edən bədəvilər kimi aparmaqdan əl çəkmədi, xarici ölkələrdə “casus ovu”na başladı, yaxın ölkələrə - Gürcüstana, Ukraynaya hərbi müdaxilə etdi, digər ölkələrə siyasi və diplomatik təzyiqi gücləndirdi.

İran neft gəlirlərinin azalmasına baxmayaraq, nəyin bahasına olursa-olsun, nüvə proqramını həyata keçirməkdən vaz keçmək fikrinə düşmədi, yalnız vaxt qazanmaq, diplomatik manevrlərlə rəqiblərini aldatmaq yolu tutdu.

Neft milyardlarının bir qədər azalması Səudiyyə Ərəbistanına, Qətərə, BƏƏ-yə, Omana, Küveytə qətiyyən təsir göstərmədi, onlar regionu, əlləri çatan yerləri sələfiləşdirmək kursunu davam etdirdilər.

Zatən bu layihənin ABŞ-a elə bir isti-soyuğu yox idi, Vaşinqtonun dərdi Rusiya və İranın ram edilməsidir.

Neftin qiymətinin bir neçə ay öncədən başlayan artımından elə çıxırdı ki, bu, geridönməz xarakter alacaq. Amma neft yenidən ucuzlaşdı, hətta “psixoloji həddi”də aşıb aşağı düşdü.

Belə olandan sonra əvvəldə dediyimiz kimi, neftin qiyməti məsələsinin “Amerikanın oyunu” olması versiyası güclənir. Neftin qiymətinə təsir edən ən güclü rıçaq məhz ABŞ-n əlindədir. Ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı ABŞ-ın vassalıdır.

Xalid KAZIMLI
Tarix: 26-12-2018, 10:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}