2019-cu ildə Azərbaycan iqtisadiyyatı - üç mümkün ssenari


İqtisadçıların gözləntiləri: neft qiymətləri, inflyasiya, islahatlar...

Qarşıdan gələn yeni illə bağlı hər kəsin gözləntiləri, eyni zamanda nigarançılıqları var. Bu sıradan, Azərbaycan cəmiyyətinin ölkə iqtisadiyyatı, sosial vəziyyətlə bağlı gözləntiləri daha əhəmiyyətlidir. 2019-cu ildə iqtisadiyyatımızda hansı proseslər gedəcək, manatın məzənnəsi, inflyasiya səviyyəsi, qiymətlər necə olacaq? Yəqin ki, ölkə vətəndaşlarının əksəriyyətini bu sualların cavabı maraqlandırır.

“Yeni Müsavat” nüfuzlu iqtisadçı ekspertlərin bununla bağlı gözləntilərini təqdim edir.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu:

“2019-cu ildə hökumətin əsas işi makroiqtisadi planda mövcud iqtisadi artım tempinin saxlanması, inflyasiya səviyyəsinin artmasının qarşısının alınması olacaq. Düzdür, gələn il üçün bu ildən daha yüksək inflyasiya proqnozlaşdırılıb, amma hesab edirəm ki, indiki halda baza inflyasiyasının aşağı olması imkan verəcək ki, Azərbaycan Mərkəzi Bankı növbəti il üçün də inflyasiya gözləntilərini idarə etsin.

Çox güman ki, 2019-cu ildə biz manatın dəyərdən düşməsini müşahidə edəcəyik. Neftin dünya bazar qiyməti indiki kimi aşağı səviyyədə olarsa, bununla bağlı Azərbaycanın həm ticarət, həm tədiyə balansında çətinliklər yaranarsa, hökumət böyük ehtimalla, manatın məzənnəsinin dollar qarşısında ucuzlaşmasına gedəcək.

Qubad Ä°badoÄlu: ile ilgili görsel sonucu

Mikrosəviyyədə biz daha çox hesab edirik ki, kiçik və orta biznesin inkişafı qarşısındakı baryerlər aradan qaldırılmalıdır. Hesab edirəm ki, bu, həm də bütövlükdə biznesin inkişafına xüsusi töhfə verə, ölkədə orta təbəqənin formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Söhbət vergi və gömrük rejimlərinin yumşaldılması, valyuta rejiminin asanlaşdırılması, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı üçün mövcud inzibati və hüquqi baryerlərin aradan qaldırılmasından gedir. Amma ölkədə məhkəmə hakimiyyətinin müstəqil olmaması biznesin mülkiyyət və digər iqtisadi hüquqlarının qorunması sahəsində vəziyyətin dəyişməsinə imkan vermədiyi üçün 2019-cu ildə bu sahədə problemlərin aradan qalxacağı gözlənilən deyil.

Bununla yanaşı, hesab edirəm ki, 2019-cu il islahatlar üçün yaxşı  il ola bilər. Əgər Azərbaycan hakimiyyəti həm siyasi, həm də iqtisadi islahatlara gedərsə, bundan həm dövlət, həm də vətəndaşlar qazana bilər".

Æli MÉsimli: ile ilgili görsel sonucu

İqtisadi və Sosial innovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli:

“Azərbaycan çox ciddi və məsuliyyətli bir mərhələyə keçib.Yaxın 4-5 ildə ölkənin bir sıra mühüm oriyentirləri müəyyənləşəcək. Ona görə də 2019-cu il üçün gözləntiləri yalnız çoxfaktorli yanaşma ilə optimist, orta və pessimist varintlarda şərh etməklə daha aydın mənzərə yaratmaq olar: Optimist ssenari: Qlobal miqyasda qeyri-müəyyənliklər və maliyyə sistemində problemlər səngisə, neftin qiymətinin aşağı düşməsi kritik həddəcən dərinləşib, davamlı xarakter almasa, Rusiya, Türkiyə, İranda milli valyutanın dəyər itirməsi prosesi yenidən başlamasa, Azərbaycanda makroiqtisadi sabitlik saxlanılacaq. Bu halda 2019-cu ildə Azərbaycan iqtisadiyyatı 3 faiz ətrafında böyüyəcək, ödəniş balansının müsbət saldosu artacaq, manat nisbi sabitliyini saxlayacaq və inflyasiya birrəqəmli səviyyədə qalacaq, əhalinin gəlirlərinin artım sürəti inflyasiyanın artım sürətini üstələyəcək.

Orta ssenari: Əslində qeyd etdiyimiz kimi, qeyri-adi bir olay baş verməsə, gələn il neftin qiymətinin kəskin surətdə azalıb 2019-cu ilin büdcə proqnozlarının əsasına qoyulan 60 dollardan xeyli aşağı düşmə ehtimalı yoxdur. Bu halda, 2018-ci ildən başlanan müsbət dinamizm, iqtisadi artım və makroiqtisadi sabitlik 2019-cu ildə davam edəcək.

Pessimist ssenari: Neftin qiyməti kritik həddəcən kəskin surətdə ensə və bu enmə nəticəsində aşağı qiymətlər uzun müddət qalsa, onda tədiyə balansında vəziyyət pisləşəcək, manata təzyiq də güclənəcək. Bu hal həm də inflyasiya gözləntilərini artıracaq və 2019-cu ildə inflyasiya rəsmi hökumət proqnozlarında göstərilən 3,8 faizdən xeyli çox olacaq. Amma neftin qiymətinin enməsinin büdcəyə elə bir təsiri olmayacaq.

Bütün bunlarla əlaqədar olaraq müasir risk və çağırışlara dolğun cavab verməkdən ötrü:

Azərbaycan iqtisadiyyatında və cəmiyyət həyatının bütün sahələrində hüququn aliliyinə və iqtisadi azadlıqların artırılmasına yönəlik əsaslı islahatların həyat keçirilməsi işi sürətləndirilməlidir. Bazar mexanizminin səmərəli fəaliyyət göstərməsinin institusional əsasları inkişaf etdirilməli, insan və mülkiyyət hüququnun konstitusion əsaslarla müdafiəsinin tam təmin edilməsi istiqamətində fundamental islahatlar həyata keçirilməlidir.

İqtisadiyyatın idarə edilməsi və tənzimlənməsinin elmiliyinin, innovativlilinin və kreativliyinin artırılması istiqamətində sistemli tədbirlər görülməlidir.

Qlobal təhlükə, risk və çağırışlara operativ cavab verə bilən optimal ölçülü çevik, şəffaf, obyektiv informasiya sisteminə əsaslanan və ayrı-ayrı strukturları bir tam halında sinxronlaşdırılmağı bacaran yeni idarəetmə modelinə keçilməlidir.

Dövlətin iqtisadiyyatdakı rolunun, idarəetmə sisteminin təşkilati strukturu, kadr tərkibi və koordinasiyasının optimallaşdırılması sahəsində atılan addımlar və tədbirlər davam etdirilməlidir.

Korrupsiya, inhisarçılıq, məmur özbaşınalıqlarının və bunlardan doğan talançılığın aradan qaldırılması istiqamətində başlanan işlər genişləndirilməlidir.

Hökumət iqtisadi artımın sürətinin artırılmasına neftdən başqa təsir edən digər amillərə, xüsusən də sahibkarlığın dəstəklənməsi və stimullaşdırılması məsələsinə diqqəti artırmalı, sahibkarlıq qarşında duran maneələrin aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməlidır. Biznesdə məmur sahibkarlığının,məmur himayədarlığının aradan qaldırılması istiqamətində ciddi islahatlar hyata keçirilməlidir.

Manatın məzənnəsinin nisbi sabitliyinin təmin edilməsi, eləcə də süni qiymət artımını güclənməsinə qarşı əlavə tədbirlər görülməlidir. Bütün bu sadalananları və digər məlum neqativlərin aradan qaldırılmasını həyata keçirmək və islahatların dərinləşdirilməsi vasitəsilə dövlətin, cəmiyyətin, biznesin və qabaqcıl texnologiyanın səmərəli kombinasiyasına nail olunmaqla 2020-ci ildən iqtisadiyyatın hökumət proqnozlarındakından 2 dəfə sürətli,yəni 6-7 faiz artıma nail olmaq, davamlı və rəqabətədavamlı tarazlı inkişafı təmin etmək və əhalinin güzəranını nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmaq olar".

AzÉr Mehtiyev ile ilgili görsel sonucu

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev:

“2019-cu ildə bəzi qruplar üçün çətinliklər yaradacaq dəyişikliklərin əsası 2018-ci ildən qoyulub. Belə ki, bu ilin sonlarında Vergi Məcəlləsinə edilən dəyişikliklər müsbət məqamları ilə yanaşı, bir sıra iş adamlarına çətinliklər də yaradacaq. Məsələn, sadələşdirilmiş vergi ödəyicilərinin bir çoxu yeni ildən vergiləri tamam  fərqli sistem üzrə ödəməli olacaqlar. Yeni sistemə alışanadək onlar üçün xeyli çətinliklər yaranacaq. Eyni zamanda vergi sistemindəki dəyişikliklər iaşə xidmətinin təşkilində də bir sıra çalxalanmalara gətirib çıxara bilər.

2019-cu ildə Azərbaycan üçün əsas amil yenə neftin dünya bazar qiyməti olacaq. Bu məsələ ilə bağlı proqnoz vermək çox çətindir. Hələlik dünya bazarında baş verənlər qiymətin üzüaşağı hərəkətindən xəbər verir. Neftin qiymətinin 50 dollaradək həddi Azərbaycan üçün ciddi problemlər yaratmayacaq. Amma bu proses dönməz xarakter alarsa və neftin qiyməti 40 dollardan aşağı həddə düşərsə, bu, ciddi problemlər yarada bilər. Baxmayaraq ki, bu il neft gəlirlərindən əlavə ehtiyatlar formalaşdırılıb, gələn il qiymət davamlı olaraq aşağı həddə qalarsa, hökumət üçün böyük çətinliklərə yol aça bilər. Amma qeyd edim ki, neftin qiymətinin 40 dollardan aşağı düşməsi ehtimalı demək olar ki, yoxdur.

İnflyasiya gözləntilərinə gəlincə, burada əsas rol manatın məzənnəsinə məxsusdur. Bundan əlavə, dövlət tərəfindən tənzimlənən qiymətlərdəki dəyişikliklər də burada ciddi rol oynayır. Bu qiymətlərin nə zaman dəyişəcəyini söyləmək çətindir, çünki hökumət belə qərarları heç bir ictimai müzakirə aparmadan, qəfildən qəbul edir. Bu baxımdan, hazırda hansı məhsullar üzrə qiymətlərin qaldırılacağı ilə bağlı təkliflər olduğunu, müzakirələr aparıldığını söyləmək qeyri-mümkündür. İdxal inflyasiyası o zaman baş verə bilər ki, manatın məzənnəsi aşağı düşsün. Bu isə neftin aşağı qiymətləri şəraitində valyuta gəlirlərinin azaldığı halda mümkündür. Neftin qiymətində isə bu problemləri yaradacaq həddə enmə hələ ki, gözlənilmir".

Ä°lgili resim

İqtisadçı-ekspert Pərviz Heydərov:

“2019-cu ildə ölkə iqtisadiyyatının yaxın keçmişdə, yəni 2015-2016-cı illər ərzində neftin dünya bazar qiymətlərinin düşməsi ilə əlaqədar üzləşdiyi məlum böhrandan tam çıxa bildiyini şərtləndirən tamamilə yeni modelə transformasiyası uğurla başa çatdırıla bilər. Yəni buna ciddi əsaslar var. Sadəcə olaraq, bundan ötrü islahatlar daha da dərinləşdirilməli, tətbiq ediləcək yeni vergi dəyişiklikləri səmərəli nəticə verməli, qeyri-neft sektorunu lokomotivə çevirmək işləri daha da sürətləndirilməlidir. Ümumiyyətlə, 2019-cu ilin islahatların birinci mərhələsinin uğurlu konkret nəticələrlə dolu bir yekun ili olacağı gözləniləndir. Təəssüf ki, neftin qiymətinin kəskin şəkildə düşəcəyi təqdirdə xarici mənfi təsirlərin yenidən ortaya çıxa biləcəyi də mümkündür. Düzdür, neftin qiyməti düşsə belə, 2019-cu ildə iqtisadiyyatımızda bu, öz mənfi təsirini dərhal göstərməyəcək. Yəni makroiqtisadi sabitlik kifayət qədər sığortalıdır. Ancaq bu, dayanıqlılıq demək deyil. Sadəcə olaraq, islahatlar zəifləyə bilər. Çünki maliyyə resursları yenə ”sıxılmalı" olacaq. Yəni belə bir vəziyyətə hazır olmalıyıq. O ki qaldı sosial istiqamətdə proqnozlara və konkret gözləntilərə, 2019-da əhalinin xüsusən aztəminatlı təbəqəsinin gəlirlərində müəyyən müsbət dəyişikliklərin olacağı, başqa sözlə desəm, hiss olunacağı gözlənilməkdədir. Bunun müqabilində isə müəyyən qiymət artımlarının da olacağı istisna deyil... Lakin inflyasiya, hər halda, yenə birrəqəmli səviyyədə olacaq".


Tarix: 27-12-2018, 08:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}