Azərbaycanın tekstil sənayesi böhrandan çıxırmı - araşdırma


İstehsalçılar dövlətdən dəstək gözləyir; Kimyəvi liflərdən istifadə sürətlə artır

Tekstil sənayesi yüngül sənayenin ən əsas sahələrindən biridir. Dünyanın ən qədim sənaye sahəsi olan tekstildəki dəyişikliklər 18-ci əsrdə İngiltərədə sənaye inqilabına gətirib çıxarıb. Uzun illər boyu tekstil sənayesi Avropa və Asiyanın inkişaf etmiş ölkələrində, həmçinin ABŞ-da iqtisadiyyatın aparıcı sektoru olub. Lakin 20-ci əsrdə onun ÜDM-də və iqtisadiyyatdakı rolu getdikcə azalmağa başlayıb, əsrin ikinci yarısında isə uzunmüddətli durğunluq dövrü yaşayıb. 21-ci əsrin əvvəllərindən isə bu sahədə yenidən canlanma yaranıb, lakin onun əvvəlki rolunu bərpa etməsi mümkün görünmür.

Hazırda ümumdünya tekstil, geyim və geyim aksessuarları istehsalının illik həcmi 4 trilyon dolları ötməkdədir. Bunun böyük bir hissəsi Asiyada istehsal olunur. İstifadə olunan xammala əsasən tekstil sahəsi bir neçə yerə bölünür: pambıq, yun, ipək, kətan, kimyəvi saplardan toxunan və trikotaj. Ötən əsrdən etibarən tekstil sənayesində kimyəvi xammalın rolu artmağa başlayıb. Belə ki, dünya tekstil sənayesi hər il 45 milyon ton civarında əsas xammaldan istifadə edir ki, bunun da təxminən 50 faizi sintetik və süni liflərin, 45 faiz pambığın, 4-5 faiz ipək, yun və digərlərinin payına düşür. Dünyada illik parça istehsalı 100 milyard kvadratmetrdən çox təşkil edir ki, bunun da 50 faizə yaxını Asiya ölkələrində reallaşır. Bu gün inkişaf etmiş ölkələr bahalı brend məhsulların istehsalı üzrə ixtisaslaşıb, Asiyanın inkişaf etməkdə olan ölkələri isə kütləvi tələbat məhsullarının istehsalı üzrə.

Dünya tekstil sənayesində həm də qarışıq liflərdən parça istehsalı sürətlə inkişaf etməkdədir. Söhbət kimyəvi liflərlə təbii liflərin qarışığından hazırlanan parçalardan gedir. Hazırda il ərzində dünyada 35-40 milyard kv.metr sintetik-təbii xammal qarışığı olan parçalar, 30-35 milyard kv.metr pambıq, 3 milyard kv.metr yun, bundan bir qədər az kətan və təmiz ipək parçalar istehsal olunur. Bundan əlavə,  ildə 5-6 milyard kv.metr əl işi olan hind sarisi istehsal edilir.

Yerli tekstil sənayesində vəziyyət

Azərbaycanda tekstil sənayesi müstəqillik dövründə ciddi tənəzzül yaşayan sahələrdən biridir. Halbuki XIX əsrin sonunda Zaqafqaziyada ən böyük pambıq parça fabriki və Azərbaycanda ilk tikiş fabriki Bakı şəhərində yaradılıb. 1913 - cü ildə Azərbaycanda 300 ton xam ipək, 22 min ton pambıq mahlıcı, 4 min ton yun istehsal edilib ki, bu da ümumrusiya istehsalının müvafiq olaraq 79 faiz, 10 faiz və və 2 faizinə bərabər olub.

Sovet dövründə də bu sahə xeyli inkişaf etdirilib.1925-ci ildə Gəncədə mahud fabriki istifadəyə verilib. Tut bağlarının salınması və baramaçılığın inkişafı sayəsində Azərbaycanda ipək sənayesi formalaşıb və ipəkçiliyin mərkəzi iqlim şəraitinə görə Şəki şəhəri seçilib.  1931-ci ildə burada ipək kombinatı fəaliyyətə başlayıb.

Daha sonra “Sumqayıt Toxucu”, H.Z.Tağıyev adına Toxuculuq tikiş kombinatı, “Mingəçevir Toxucu”, “Gəncə Toxucu”, “Şəki-tikiş”, “Bakı Toxuculuq Qalantereya”, “Sumqayıt Xovlu İplik”, “Puta-Əyrici”, “Şəki Toxucu Xırdavat", “Bakı Toxucu”, “Bakı Tekstil Fabriki”, “Bakı Tikiş Evi”, “Bakı Toxucu-Tikiş”, “Bakıxanov Trikotaj kimi müəssisələr yaradılıb. Müstəqillik illərində bu müəssisələrin böyük əksəriyyəti özəlləşdirilib, fəaliyyətini dayandırıb. Hazırda Bakı Tikiş Evi və ”Şəki-ipək" fəaliyyət göstərməkdədir.

2015-ci ildən bəri Azərbaycanda tekstil sahəsinin inkişafına yönəlik addımlar atılmaqdadır. Belə ki, tekstil sənayesinin təbii xammal bazası olan pambıq istehsalının artırılması üçün genişmiqyaslı tədbirlər görülür. 2018-ci ildə sahələrdən 230 min tona yaxın pambıq yığılıb. Azərbaycanda əsasən yüksək keyfiyyəti ilə seçilən pambıq növləri becərilsə də, bu sahədə məhsuldarlıq kifayət qədər aşağıdır. Ötən il hər hektardan orta məhsuldarlıq 17 sentner təşkil edib ki, bu da dünya üzrə orta göstəricidən iki dəfə aşağıdır. Kənd Təsərrüfatı Nazirliyinin  yeni rəhbərliyi məhsuldarlığın elmi əsaslarla yüksəldilməsi sahəsində çoxsaylı tədbirlər planlaşdırır.

KTN Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzovun dediyinə görə, pambıqdan son məhsulun əldə olunması üçün ölkədə müvafiq infrastruktur hələ qurulmayıb. Belə ki, Azərbaycanda 23 pambıq emalı zavodu fəaliyyət göstərir ki, onların da illik istehsal gücü  465 min tondur: “Yəni istehsal olunan pambığın hamısını emal etməyə güc var. Amma mahlıcın ipliyə çevrilməsi üçün ölkədə potensial azdır. Mingəçevirdə 2 iplik istehsalı zavodu fəaliyyətə başlayıb. Lakin bu sahədə də əlavə güclərin yaradılmasına ehtiyac var. Əldə olunan ipliyi parçaya, parçanı paltara çevirmək potensialı da çox məhduddur”.

Keyfiyyətli xammal problemi

2017-ci ildə yaradılan Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mehriban Axundovanın “Yeni Müsavat”a bildirdiyinə görə, son illərdə tekstil sənayesində müsbət impulslar getdikcə artır: “Əvvəllər xammal problemi vardı - pambıq və ipliklə bağlı. İndi pambıq istehsalı artır. Eyni zamanda iplik istehsalında çətinliklər vardı. İndi həm mahlıc, həm də iplik istehsalında böyük irəliləyişlər var. Növbəti mərhələdə İqtisadiyyat Nazirliyi tərəfindən strateji yol xəritəsi hazırlanacaq. Onun üzərində işlər başlanıb. Hansı sahədə dövlət dəstəyi və hansı formada zəruridir. Bu sahədə Türkiyə təcrübəsini əsas götürürük. Orada dövlət tərəfindən tekstil sənayesinə ciddi güzəştlər edilir. Eyni zamanda Özbəkistanda da bu yolla getməyə başlayıblar. Bizdə də belə güzəştlərin tətbiq olunması zəruridir. Düşünürəm ki, növbəti mərhələ toxuculuq sənayesinin inkişaf etdirilməsi olmalıdır. Burada məqsəd əldə olunan ipliyin parça, daha sonra geyim halında ixracına nail olmaqdır. Tekstil sənayesi aşağı rentabelli sənaye hesab olunur. Buna görə də bu sahəyə dövlət dəstəyi mütləqdir”.

Azərbaycanda istehsal olunan pambıq yüksək keyfiyyətli geyim istehsalı üçün uyğun deyil: “İki-üç il əvvəl istehsal olunan pambığın keyfiyyəti qənaətbəxş deyildi: pambığın orta lif uzunluğu, qalınlığı, təmizliyi və sair göstəricilər baxımından. İndi bu sahədə yaxşı nəticələr əldə olunur. Əgər söhbət yüksək keyfiyyətli, brend geyim istehsalından gedirsə, bizim pambıq onun üçün uyğun deyil. Heç Özbəkistan pambığı da uyğun deyil. Amma söhbət Azərbaycanda əvvəllər olmuş toxuculuq sənayesinin bərpasından gedirsə - yataq dəstləri, bez məhsulları və sair istehsalından, onda biz buna nail ola bilərik. Bunun  üçün openend ipliyi lazımdır, belə iplik üçün əldə olunan mahlıcın keyfiyyəti tam uyğundur”.

Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda Azərbaycanda trikotaj məhsulları müəssisələri işləyir: “Şəki tekstil, Şəki-İpəkdə, Gilan Tekstil parkında toxuculuq fabrikləri mövcuddur. Onların istehsal gücü daxili tələbatı tam qarşılamaq, həmçinin xaricə də məhsul ixrac etmək imkanındadır. Sadəcə, hazırda Azərbaycana Çindən, Pakistandan aşağı keyfiyyətli, ucuz məhsullar idxal olunur deyə daxili istehsalı genişləndirmək mümkün olmur. İdxal edilən məhsulların çoxu heç bir keyfiyyət standartına cavab vermir, bir çox hallarda isə insan orqanizmi üçün zərərlidir. Onlar poliester tullantılarından əldə olunan iplikdən hazırlanır, boyanmada orqanizm üçün təhlükəli olan boya maddələrindən istifadə edilir. Amma Azərbaycandakı fabriklər Avropa standartlarına uyğun, ekoloji təmiz boyalardan istifadə edirlər. Toxuculuq fabriklərinin inkişafı üçün keyfiyyətsiz məhsulların idxalının qarşısını almaq üçün dövlət tərəfindən zəruri addımlar atılmalıdır. Bu problem yalnız Azərbaycanda deyil, Rusiya, Ukrayna, Belarusda da var. Buna görə də kompleks tədbirlər proqramlarının həyata keçirilməsinə ehtiyac var”.

AzÉrbaycanda tekstil ile ilgili görsel sonucu

Tekstil sənayesinin digər xammal bazası olan ipəkçiliyin inkişafı üzrə də Azərbaycanda ciddi tədbirlər görülür. 2017-ci ildə prezident tərəfindən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün dövlət proqramı” qəbul edilib. Görülən tədbirlər nəticəsində 2016-cı ildə 70,7 ton, 2017-ci ildə 245,2 ton, 2018-ci ildə isə 514 ton yaş barama istehsal edilib. Ölkəyə Çindən baramaçılıq üçün yetişdirilmiş tut tingləri gətirilir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, indiyədək  3,5 milyon tut tingi gətirilib. Barama istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi verilir. Eyni zamanda baramadan son məhsulun əldə olunması üçün infrastrukturun yaradılması üçün addımlar atılır.

Bu sahədə daha bir xammal olan yun istehsalına gəlincə, Azərbaycanda istehsal olunan yunun keyfiyyəti xeyli aşağıdır. M.Axundovanın dediyinə görə, yerli yunun keyfiyyəti geyim məhsullarının istehsalına imkan vermir: “Ondan yalnız xalçaçılıqda istifadə olunur. Əvvəllər Azərbaycanda merinos qoyunları saxlanılırdı, indi bu, yoxdur. Heyvandarlıqda daha çox ətlik məqsədlər güdülür, yuna diqqət yetirilmir. Bu səbəbdən də geyim istehsalı üçün yunu keyfiyyətli olan qoyun cinslərinin saxlanmasına ehtiyac var. Yundan xalça istehsalının təşkili sahəsində xeyli işlər görülür”.

Qeyd edək ki, Azərbaycanda ildə 17-18 min ton yun istehsal olunur ki, bunun da xeyli hissəsi xaricə ixrac edilir. Son illərdə ölkədə xalçaçılığın inkişafı ilə bağlı yunun xammal olaraq daxildə emala yönəldilməsi sahəsində müəyyən işlər görülür.

AzÉrbaycanda tekstil ile ilgili görsel sonucu

Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkədə geyim istehsalını təşkil etmək üçün məşhur xarici şirkətləri cəlb etmək niyyətindədir. M.Axundovanın sözlərinə görə, bu, istehsal olunan məhsulun maya dəyərinin azaldılması məsələsinin həll olunmasından sonra həyata keçirilə bilər: “Bu gün Azərbaycanda tekstil istehsalının maya dəyərinin azaldılması, hazır məhsulun ortalama dünya səviyyəsinə çatdırılması məsələsi aktualdır. Söhbət istənilən növ geyimdən, xüsusilə trikotaj və uşaq geyimlərindən gedir. Bunu düymə, yapışqan kimi materialların idxalına gömrük rüsumlarının azaldılması hesabına etmək olar. Rüsumların azaldılması tikiş istehsalının inkişafına gətirib çıxaracaq”.

Bu gün Azərbaycan tekstil məhsulları üzrə 85-90 faiz xarici idxaldan asılıdır. Ölkəyə hər il yüz milyonlarla dollar dəyərində tekstil məhsulları idxal olunur. Dövlətin bu sahəni dirçəltmək üçün atdığı addımların real nəticələri yəqin ki, yaxın 2-3 il ərzində hiss olunacaq. Bunun  üçünsə tekstil sənayesi üzrə dəyər zəncirinin bütün mərhələlərinin inkişafına nail olunmalıdır.

“Yeni Müsavat”

Tarix: 5-01-2019, 09:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}