Rusiyada bahalaşma başladı – Səbəb

 Rusiyada vergilərin artırılması büdcənin gəlirlərinin artırılmasına hədəflənib.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, neft ölkələri artıq fiskal gəlirləri diversifikasiya etmək və qeyri-neft mənşəli gəlirlərin büdcədə payını artırmağın vacibliyini hiss edir:
“Bu baxımdan da onlar çalışır ki, hansısa formada alternativ mənbələrdən dövlət büdcəsinə gəlir təmin etsinlər. Vergi Məcəlləsinə edilən dəyişikliklərdə də əsas məqsədlərdən biri məhz bu istiqamətdə qiymətlərin optimallaşdırılması və dövlət büdcəsinə gəlirlərin artırılmasıdır. Əslində biznes mühitinin yaxşılaşdırılması üçün vergi yükünün artırılması doğru yanaşma deyil. Amma Rusiya hökuməti başa düşür ki, əks halda neftdən asılılıq Rusiya üçün çox ciddi fiskal risklər formalaşdırır. Bunun da hansısa formada qarşısının alınması lazımdır. Çünki Rusiya üçün xarici təhdidlər də kifayət qədər yüksəkdir. Büdcə gəlirlərinin 40%-ə yaxın hissəsi neft və qazın satışından formalaşır. 2019-cu il və sonrası üçün də neft və qaz gəlirlərinin proqnozlaşdırılması mümkün deyil. Buna görə də Rusiyada bu addımı atıblar”.
İqtisadçı vurğulayıb ki, bahalaşma bundan sonra da davam edəcək:
“Qiymətlərin artması növbəti dövrlərdə əhalinin alıcılıq gücünün azalmasına gətirib çıxaracaq. Bu proses domino effekti ilə digər sahələrə də öz təsirini göstərəcək. Rusiyanın idxalının azalması müşahidə ediləcək ki, bu da dolayısı ilə tədiyyə balansının müəyyən qədər xarici təhdidlərdən müdafiəsinə ilk dövrdə yönələ bilər. Amma bu, eyni zamanda, Rusiyada əhalinin həyat şəraitinin daha da pisləşməsinə səbəb olacaq bir yanaşmadır”.
İqtisadçının sözlərinə görə, bu addımdan sonra Rusiyanın büdcəsində müəyyən artımlar olacaq:
“Əslində Rusiya növbəti dövrlərdə neftin qiymətindən asılı olaraq, büdcəyə düzəlişlər edə bilər. Bu büdcənin ümumi həcmində, neft mənşəli gəlirlər konteksində müəyyən qədər artıma yox, hətta azalmaya da gətirər. Qeyri-neft mənşəli gəlirlər baxımından isə Rusiya büdcəsində artımlar müşahidə oluna bilər. Əsas hədəflərdən biri məhz büdcədə mövcud olan vəziyyətin qeyri-neft gəlirlərinin xeyrinə dəyişdirilməsi idi”.
Qeyd edək ki, Rusiyada əlavə dəyər vergisi 1 yanvar 2019-cu ildən 20%-ə qədər artıb. Bu isə su, elektrik enerjisi, təbii qaz, benzin, dizel yanacağı, ictimai nəqliyyatda gedişhaqqı, tütün və tütün məmulatları da daxil olmaqla, bütün qiymətlərin bahalaşmasına səbəb olub.
Tarix: 8-01-2019, 09:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}