Bahalaşmanı nə yaradır?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi 2018-ci ildə 168,4 bənd təşkil edib

Bu da 2017-ci ilin göstəricisindən 3,5 faiz azdır və 2011-ci ildə qeydə alınmış rekord səviyyədən (230 bənd) təqribən 27 faiz aşağıdır. Ötən il ən çox şəkərin qiymətləri düşüb, bitki yağları, ət və süd məhsulları ucuzlaşıb, lakin taxıl məhsullarının qiymətləri bahalaşıb. 2018-ci ilin dekabrında indeks 161,7 bənd təşkil edib və noyabr göstəricisi ilə müqayisədə, demək olar, dəyişməyib.

Dekabr ayında taxıl məhsullarının qiymətlər indeksi 167,1 bənd təşkil edib ki, bu da noyabrın göstəricisindən 3 bənd (1,8 faiz), 2017-ci ilin dekabrının göstəricisindən 9,6 faiz yüksəkdir. 

Argentinada yağıntının vaxtsız düşməsi nəticəsində məhsula görə yaranan narahatlıq fonunda, habelə Rusiyadan idxalın azalması səbəbindən dekabrda buğdanın qiymətləri artıb. Lakin ixrac bazarlarında kəskin rəqabət qiymətlərin artmasının qarşısını alıb.

2018-ci ildə taxıl məhsullarının qiymətlər indeksi 165 bənddən bir qədər çox olub ki, bu da 2017-ci ildəkindən 9 faiz çoxdur, lakin 2011-ci ildə qeydə alınmış pik qiymətlərdən 31 faiz aşağıdır. 

Dünyada buğda və qarğıdalının istehsal həcminin azalması 2018-ci ildə onların qiymətlərinin artmasına səbəb olub. Lakin bütün əsas taxıl məhsulları üçün təkliflərin ümumi həcmi çox yüksək olub. FAO ekspertləri bildirirlər ki, onların ehtiyatı əvvəlki qədər böyükdür. Dekabr ayında bitki yağlarının qiymətlər indeksi 125,8 bənd təşkil edib ki, bu da noyabrdakı göstəricidən 0,5 bənd (0,4 faiz) yüksəkdir. Dekabrda ətin qiymətlər indeksi 163,6 bəndə bərabər olub, noyabrdakı göstəricidən 1,3 bənd (0,8 faiz) yüksək olub. Dekabrda quş əti və mal ətinin qiymətləri cüzi dəyişib, dünyada qoyun əti üçün təyin olunan qiymətlər bir qədər düşüb. Bu da əsasən Okeaniya ölkələrindən ixracın artması nəticəsində baş verib. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ərzaq məhsulları 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz bahalaşıb.

2018-ci ildə dünyada ərzağın qiymətləri 3,5 faiz ucuzlaşdığı deyilsə də, Azərbaycanda bunun əksi baş verib. Ekspertlər bildirir ki, Azərbaycanda ərzaq məhsullarının qiymətinin xeyli baha olmasının bir neçə səbəbi var. Birinci səbəb bostan bitkilərinin əkin sahəsinin azaldılmasıdır. İkincisi, yay mövsümündə havaların isti keçməsi suvarma suyuna ehtiyacı artırdığı halda əksər sahələrə su verilməyib, nəticədə bostan məhsulları susuzluqdan məhv olub. Üçüncü isə, ildən ilə müqayisədə təsərrüfat sahiblərinin istehsal xərclərinin artmasıdır. Toxumun qiymətlərində də artım var.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə Azərbaycanda ucuzlaşmanın əksinə gedən prosesləri şərh edib. O, ərzaqdan ümumi danışmağın düzgün olmadığını deyib: 

“Ərzaq məhsullarını çeşidləmək lazımdır. Ərzaq buğdası ötən il də, bu ilin ilk günlərində də dünya birjalarında bahalaşıb. Çünki 2018-ci ildə dünyada ərzaq buğdasının məhsuldarlığı aşağı olub. 2017-ci illə müqayisədə 2018-ci ildə dünyada 900 milyon ton az ərzaq buğdası istehsal edilib. Bu səbəbdən də dünyada ərzaq buğdasının qiyməti ötən ilin 6 ayından sonra bahalaşmağa başladı. Yəqin ki, qarşıdakı məhsul mövsümünə qədər bahalaşma davam edəcək. Nə qədər deyilsə də ki, Azərbaycanda ərzaq buğdasına olan tələbat yerli istehsal hesabına ödənilir, amma ölkəyə xaricdən təxminən 200 min ton ərzaq buğdası idxal edir. Yəni, tələbatın 60-70 faizi xaricdən təmin olunur. Un və un məhsullarının qiymətinin artması konkret bununla bağlıdır”.

“2019-cu ildə ərzaq məhsullarının idxalı 15 milyard dollara çatacaq”

Ərzaq məhsullarına gəlincə, ekspert son illər Azərbaycanda istehsalın azaldığını deyib:


“Ölkədə heyvandarlıq və bostan bitkilərinə aid olan əkin sahələri azaldılıb. Hətta 2017-2018-ci ildə dənli bitkilərin sahələri də azaldıldı. Buna görə dəölkədə ərzaq istehsalının səviyyəsi aşağı düşüb. Təbii ki, bu azalma da bazarda qiymətlərin artımına səbəb olacaq. Azərbaycana idxal olunan hər bir ərzaq çeşidini yalnız bir sahibkar gətirir. Bu, ya həmin sahibkarın monopoliyasıdır, ya da ki, süni yaradılmış oliqopoliyadı. Oliqopoliya - bazarın elə bir növüdür ki, bu cür bazarlarda sadəcə bir neçə dominant firma fəaliyyət göstərir. Bu firmaların hər biri bazarda xeyli yer tutur və qiymətin yaranması prosesinə təsir edə bilir. Azərbaycandakı oliqopoliya sünidir. Yəni, həmin məhsulu bir sahibkar gətir, amma öz şirkətini 3 yerə bölür. Nəticədə bir sahibkar 3 şirkətə nəzarət edir. Son illər Azərbaycanda süni oliqopolik bölünmə müşahidə edilir. Bu da ölkədə rəqabət mühitini əhəmiyyətli dərəcədə aşağı salır. Buna görə də Azərbaycanda qiymətəmələgəlmə prosesi getmir. Sadəcə sahibkarın ədalətindən asılı olaraq qiymət qoyulur. Nə qədər ki, bu qayda davam edəcək, ərzaq məhsullarının gündən-günə bahalaşması da müşahidə ediləcək. Əgər rəqabət mühiti yoxdursa, sahibkar istədiyi qiyməti təyin edəcək. Təbii ki, bu, iqtisadiyyatın digər sahələrinə də təsir edir, iqtisadi fəallığı aşağı salır, yeni sahibkarların yaranmasını əngəlləyir, xaricdən asılılıq meyilləri güclənir. 2017-ci ildə Azərbaycana 10 milyard dollarlıq ərzaq məhsulu idxal edilmişdisə, 2018-ci ildə 12 milyard dollarlıq ərzaq idxal edilib. Ehtimal ki, ərzaq məhsullarının idxalı 2019-cu ildə 15 milyard dollara çatacaq. Xaricdən idxal artdıqca yerli məhsulların istehsalına maraq azalır. Hesab edirəm ki, hökumət bu məsələlərdə fəallıq göstərməli, qeyri-neft sektorunun inkişafına təkan verən tədbirlər görməlidir”.