İslahatlar büdcəyə nə qazandıracaq?


İslahatlar büdcəyə nə qazandıracaq?

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanın imzalanmasında məqsəd Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

Prezidentin digər Fərman ilə “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılıb. Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC yaradılır. Sənədə əsasən, “Azərsilah” ASC “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirəcək.

Bundan əlavə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub. Bu, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

"Güzəştli mənzil” sisteminin "Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etmək səlahiyyəti nazirlikdən alınaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilib.

Maraqlıdır, struktur islahatlarından büdcə nə qədər qazana bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, ləğv olunan dövlət strukturlarının ayrı-ayrı büdcə xərcləmələri var idi: 

“Bu xərcləmələr bəzi qurumda çox idi. Məsələn, Bilik Fondunun illik təqribən 5 milyona yaxın büdcəsi var idi. Bu qurumların vahid büdcəsi yoxdur. Maddi-texniki bazasının yaradılması, həmçinin binaların saxlanılması, təmir-tikinti işləri və həmin qurumların hər hansı bir avadanlıqla təchizatı və.s. məsələlərə ayrılıqda vəsait xərcləndiyi üçün ümumilikdə hesablamaq çətin olur. Burada maraqlı bir nüans da var. Belə ki, ləğv olunmuş qurumların əvəzinə yaradılacaq müəssisələrin ştat cədvəli və digər parametrləri də nəzərə alınmalıdır. Çünki bu dəyişikliklərin əsas fəlsəfəsi odur ki, bəzi sahələrdə paralellik aradan qaldırılır. Bəzi sahələr isə dövlət agentliyi olsa da, özünümaliyyələşdirməyə prinsipi ilə fəaliyyət göstərəcək. 

Bu isə büdcənin üzərinə düşən yükün daha da azalmasına səbəb olacaq. Hesab edirəm ki, burada əsas məsələ budur. Çünki yaradılan yeni qurumların böyük əksəriyyəti özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərməyə başlayacaq ki, bu da gələcəkdə büdcə yükünün xeyli dərəcədə azaldılmasına xidmət edəcək. Yeni yaradılmış və ya birləşdirilmiş qurumların maddi-texniki bazasının yaradılması və ştat cədvəlinin tərtib olunması üçün Nazirlər Kabineti 3 ay müddətində təkliflər verəcək. Əgər həmin qurumlara əlavə vəsaitə ehtiyac olacaqsa, bu zaman öncədən ayrılan vəsaitlə indikini tutuşduraraq son rəqəmlərə çatmaq mümkün olacaq. Hələlik görünən odur ki, dövlət büdcəsinə qənaət olunacaq. Hansı hissədə qənaət olunacağını yeni strukturlara ayrılacaq maliyyə vəsaitindən sonra hesablamaq mümkün olacaq”.

Cebhe.info

Tarix: 16-01-2019, 20:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}