Neft bazarında sanksiya təlatümü


Neft bazarında sanksiya təlatümü

"IHS Markit"in neft analitiki Spenser Velç, ABŞ-ın İran və Venesuelaya tətbiq etdiyi sanksiyaları və OPEC-in hasilatı azaltmasına görə, neft qiymətlərinin 70 dollar ola biləcəyini söyləyib. 

ABŞ-ın Venesuela neft sektoruna tətbiq etdiyi sanksiyalarının qlobal enerji bazarlarına təsirləri, ilk növbədə məhdud oldu. Sanksiyaların elan edilməsi ilə, beynəlxalq bazarda xam neftin spot qiyməti olaraq qəbul edilən Brent, təxminən 5 faiz artdı. Yaşanan böhrandan ciddi şəkildə təsirlənən Brent həftəni 62 dollar səviyyəsində tamamlamışdı.

Dünyanın qabaqcıl neft ölkəsi olan Venesuelada yaşanan siyasi qeyri-sabitlik, neft sənayesində maliyyə və texniki infrastrukturun olmaması, ölkənin qlobal bazardakı tədarük əhəmiyyətini də azaltdı. Bu gün Venesuelanın bazara gündəlik xam neft ixracı 1 milyon bareldir, bu isə, gündəlik qlobal neft istehsalının təxminən 1 faizdən çoxunu təşkil edir. Ötən il Venesuelanın xam neft istehsalı, bazarın əhəmiyyətli oyunçu olaraq görülməyən Nigeriya və Anqoladan sonra, Əl-Cəzair və Böyük Britaniya səviyyəsində idi. Müqayisə üçün qeyd edək ki, ötən il ABŞ-da Qərbi Texasın Permiyen hövzəsində istehsal edilən xam neft 2018-ci ildə Venesuela tərəfindən istehsal edilən məhsulun üçqat səviyyədə artıb. Bu, OPEC qurucularından olan bir ölkənin qlobal ixracın azalan təsirini açıqlamağa kömək edə bilər.

Bazarın ABŞ sanksiyalarına məhdud reaksiya verməsinin digər bir səbəbi isə, Venesuelanın xam neftinin texniki strukturudur. Qeyd etmək lazımdır ki, hər bir xam neft növü istənilən emalda işlənə bilməz. Neft məhsullarının yaranmasına imkan verən obyektlər yalnız müəyyən texniki xüsusiyyətə malik müəyyən məhsullar istehsal edə bilər. Bu kontekstdə, Venesuela xam neftində kükürd faizi yüksək olduğu üçün, reaktiv yanacaq və benzin kimi bazar dəyəri yüksək olan məhsulların istehsalı üçün uyğun deyil. Venesuelanın xam neftinin texniki xüsusiyyətlərinə görə, bazarının da məhdud olduğu deyilə bilər. Ölkə ixracının 41 faizi ABŞ-ın cənub-şərqində emal müəssisələrində həyata keçirilir. Sanksiyaların tətbiqi ilə Venesuelanın xam neftinin əsas bazarı ABŞ-ın “Körfəz Sahili” (Gulf Coast) bölgəsindəki emal müəssisələri oxşar xüsusiyyətdə İraq, Latın Amerikası (Kolumbiya, Meksika) və Kanada neftinə yönəldi. Buna görə də bazarda əhəmiyyətli çatışmazlıq yaranmadı.

Venesuela sanksiyalarının  İran sanksiyalarından fərqi

İrana qarşı ABŞ sanksiyalarından fərqli olaraq, Venesuela neftinin Amerika Birləşmiş Ştatları xaricində emal zavodlarına getməsinə hələlik heç bir maneə yoxdur. Digər tərəfdən, dünyanın ən aparıcı əmtəə ticarət şirkətləri, əsasən Cenevrədə və Londonda ABŞ maliyyə qurumlarına olan bağlılıq səbəbiylə Venesueladan alışları hələlik  dayandırıb. Sanksiyalar nəticəsində alıcıları tapa bilməyən Venesuela təchizatının bir hissəsini ölkənin ən böyük ikinci və üçüncü xam neft idxalçısı olan Hindistan və Çin emal zavodlarının qarşılayacağı gözlənilir.

ABŞ-ın 2019-cu ilin may ayında bəzi ölkələr üçün İranın neft ixracına dair istisnaların yenilənməsi gözləntiləri də, hələlik qiymət artımına mane olur.

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, Venesuelada baş verən proseslər neftin dünya bazar qiymətinə birbaşa təsir göstərir: 

“Nəzərə almaq lazımdır ki, dünyanın aparıcı dövlətləri, başda ABŞ olmaqla, Venesuela müxalifətinin lideri Xuan Quaidonu ölkə başçısı kimi tanıyır. Çox az sayda dövlətlər isə, hazırkı prezident Nikolas Maduronu ölkə başçısı kimi tanıyır. Təbii ki, ikili liderlik neftin dünya bazar qiymətlərini artıran səbəbdir. Amma hakimiyyət dəyişikliyi neftin dünya bazar qiymətinin azalmasına gətirib çıxarda bilər”.

Ekspert onu da qeyd edib ki, hələlik İrana sanksiyaların genişləndirilməsi razılaşdırılsa belə, İranın neft ixracatında hər hansı bir məhdudiyyətlər yoxdur: 

“ABŞ altı ölkəyə yumşaq desək, yaşıl işıq yandırıb, nəticə etibarilə bu da, İranın ixracatına imkan verir. Əgər İran neft ixracatında çətinliklə üzləşərsə, Venesuela azalmaqda olan neft ixracatını daha da azaldarsa, bu, OPEC-in hasilatın azaldılması ilə bağlı qəbul etdiyi qərar fonunda neftin dünya bazar qiymətinin artmasına gətirib çıxara bilər. Baxmayaraq ki, son günlər qiymət artımları müşahidə olunur, amma nəticə etibarilə neftin dünya bazar qiymətinin uzunmüddətli dövr üçün yüksək olacağı proqnozlaşdırılmır. Qiymət artımları olsa da belə, BP başda olmaqla, aparıcı neft şirkətləri və OPEC-in özü də bir barel üçün 65 dollar qiymət intervalını hədəfləyir. Qiymətin 65 dollar ətrafında dəyişməsi istehsalçı ölkələr üçün məqbul hesab olunur. Bu baxımdan, indiki məqamda neftin bir barelinin 65 dollar olması daha real qiymət olaraq görünür”.

Vüqar Bayramovun sözlərinə görə, sanksiyalar fonunda neftin dünya bazar qiymətinin yenidən 70 dollara çatması mümkündür: 

“Sanksiyaların yumşaldılması yenidən qiymət azalmalarına gətirib çıxara bilər. Ona görə də qiymət artımları baş versə belə, bu, müvəqqəti xarakterli olacaq.Davamlı şəkildə neftin dünya bazar qiymətinin artacağı proqnozlaşdırılmır. Əksinə, güman olunur ki, OPEC-in hasilatın azaldılması ilə bağlı qərarına baxmayaraq, xüsusən də Venesueladakı proseslər qısamüddətli dövrdə neftin dünya bazar qiymətini artırsa belə, orta və uzunmüddətli dövrdə qiymətlərin yenidən azalacağından xəbər verir”.//Cebhe.info//


Tarix: 18-02-2019, 13:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}