Vüqar Bayramov: “Gürcüstan tranzit kəmərlərə görə böyük qazanclar əldə edir”


“Bundan məhrum olmaq onlara qətiyyən sərf etmir”

Dağlıq Qarabağda azərbaycanlıların qanını tökən işğalçı erməniyə Axalkalikidə abidə ucaldılmasından sonra Gürcüstan hökuməti Rusiyadan qaz almaq fikrinə düşdüyünü açıqladı. Azərbaycanda qaz istehsalının artdığı və qonşu ölkəni tam təmin etmək imkanının yarandığı bir vaxtda Tiflisin qaz alışını diversifikasiya etmək istəyi Bakıda müzakirələrə səbəb oldu: nə baş verdi ki, gürcülər daha ucuz aldıqları Azərbaycan qazını baha Rusiya qazına dəyişmək fikrinə düşdülər? Aydın məsələdir ki, burada Gürcüstan hökumətinin Azərbaycandan qaz satışında əlavə güzəştlər qoparmaq istəyi əsas rol oynayır. Yaxın tariximiz göstərir ki, onların bu cür davranmaları ilk dəfə deyil.

Qeyd edək ki, Azərbaycanın neft-qazını dünya bazarına çıxaran iki əsas kəmər - Bakı-Tiflis-Ceyhan neft və Cənubi Qafqaz Qaz Boru Kəməri Gürcüstan ərazisindən keçir. Bundan əlavə, Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsi planında əsas həlqələrdən biri də məhz Gürcüstandır. Azərbaycanı Avropa ilə dəmir yolu vasitəsilə birləşdirən Bakı-Tiflis-Qars dəmiryol xətti də bu ölkədən keçir.

Bütün bunlar Azərbaycanı Gürcüstanın təzyiqləri qarşısında zəif duruma salan faktorlar sayıla bilərmi? Bu faktorlar üzündən Bakı Tiflisin qaz oyununda uduzan tərəfə çevriləcək, yoxsa bu ölkəyə təsir göstərmək üçün Azərbaycanın əlində başqa iqtisadi rıçaqlar varmı?

Vüqar Bayramov ile ilgili görsel sonucu

Bu sualları cavablandıran iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Gürcüstan xeyli vaxtdır Rusiyadan özünə sərf edən şərtlərlə qaz almağa çalışır: “Müəyyən mənada Gürcüstanın qaz mənbələrini diversifikasiya etmək cəhdini başa düşmək olur. Onlar mavi qaz idxalında bir mənbədən asılı olmaq istəmirlər. Lakin məsələ burasındadır ki, Azərbaycan Gürcüstanın ən çətin günlərində qaz və elektrik enerjisi verməklə etibarlı tərəfdaş olduğunu isbatlayıb. Buna baxmayaraq, Gürcüstan yenə də qaz mənbələrini diversifikasiya etməyə çalışır”.

Ekspertin fikrincə, Gürcüstanın az qaz alması Azərbaycana heç bir zərər vurmayacaq: “Azərbaycanın Cənub Qaz Dəhlizində qaza ehtiyacı var. Bu dəhlizlə ilkin mərhələdə 20 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Bu həcmi təmin etmək üçün Azərbaycanın daha çox qaza ehtiyacı olacaq. Cənub Qaz Dəhlizi ilə nəql olunacaq qaza isə alıcı tapmaqda ölkəmizin heç bir çətinliyi yoxdur”.

V.Bayramovun sözlərinə görə, kəmərlərin Gürcüstan ərazisindən keçməsi tranzit ölkə kimi ona müəyyən üstünlüklər verir: “Lakin söhbət qlobal əhəmiyyətli layihələrdən, qlobal enerji bazarına təsir göstərən kəmərlərdən gedir. Bu baxımdan, Gürcüstanın onlara hər hansı formada maneçilik yaratması demək olar ki, qeyri-mümkündür. Nəzərə almaq lazımdır ki, Gürcüstan o kəmərlərə görə böyük qazanclar əldə edir. Bu qazancdan məhrum olmaq onlara qətiyyən sərf etmir”.

“Yeni Müsavat”

Tarix: 19-02-2019, 08:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}