YENİ BAHALAŞMA VƏ İNFLYASİYA DALĞASI GÖZLƏNİLİR

 Rövşən Ağayev: "Maaş və pensiya artımı nəticəsində pul kütləsinin fiziki artımı hələ baş verməsə də, lakin onun küləyi öz işini görür"
Qadir İbrahimli: "Böyük bir qrupun ziyanına olsa belə, aztəminatlı təbəqənin gəlirlərinin artımı təmin edilməlidir"
Natiq Cəfərli: "Minimum əməkhaqqının artımı DSMF-yə əlavə vəsait cəlb olunmasına səbəb olacaq, amma kiçik biznesin üzərinə də əlavə yük gətirəcək"
Məhəmməd Talıblı: "Dövlət qurumları özləri də bilmədən ölkədə yoxsulluğun real mənzərəsini etiraf etmiş oldular"
Məlum olduğu kimi, ölkə başçısı fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqının məbləğini 50 manat artıraraq 180 manat müəyyən edib. Qeyd edək ki, bu ilin mart ayının 1-dən qüvvəyə minəcək sərəncamda, həmçinin Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu sərəncama uyğunlaşdırmaq tapşırılır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edəcək. Belə ki, onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olacaq. Eyni zamanda, o da bildirilir ki, minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.
"Hökumət büdcədən maaş-pensiya-təqaüd artımına yönəltdiyi vəsaitləri əhalidən dolayı vergilər formasında geri alacaqsa, o zaman..."

Nəzərinizə çatdıraq ki, minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam ümumilikdə təqdirəlayiq hal kimi qarşılansa da, iqtisadçı ekspertlərin bir qismi bunun ölkədə bahalaşmaya və inflyasiyaya səbəb olacağını iddia edirlər. "Hürriyyət" xəbər verir ki, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, maaş və pensiya artımı nəticəsində pul kütləsinin fiziki artımı hələ baş verməsə də, lakin onun küləyi öz işini görür: "İnsanlarda inflyasiya gözləntisi var - maaş, pensiya və təqaüd artımından dolayı dövriyyəyə daxil olacaq izafi pul kütləsinin təsiri kimi. Əmtəə bazarlarında sağlam rəqabətin olduğu, mal təklifi kanallarının tam açıq olduğu, monopol təsirlərin olmadığı, gömrükdə qiymətyüksəldici addımların baş vermədiyi şəraitdə pul kütləsinin 3-5 faizlik artımı ciddi inflyasiya təzyiqi yaratmamalıdır. Amma belə görünür ki, yuxarıda sadaladığım neqativ faktorların hamısı birlikdə, ya da ayrı-ayrılıqda Azərbaycan iqtisadiyyatında mövcuddur. Əks halda monetazisasiyanın son dərəcə aşağı olduğu iqtisadiyatın inflyasiyaya həssaslığı da çox aşağı olardı. Amma indi nə baş verir? Maaş-pensiya artımı nəticəsində pul kütləsinin fiziki artımı hələ baş verməyib, amma sanki küləyi öz işini görür". Cəmi 1 həftə öncə 16.5 manata olan 5 kq-lıq yuyucu tozun artıq vitrinlərdə 18.5 manat, 0.89 manatlıq sabunların isə 0.92 manata peyda olduğunu qeyd edən iqtisadçı ekspertin fikrincə, əgər qiymətlər artacaqsa, hökumət büdcədən maaş-pensiya-təqaüd artımına yönəltdiyi vəsaitləri əhalidən dolayı vergilər formasında geri alacaqsa, o zaman əhalinin real gəlirləri və sosial müdafiəsi klassik əməkhaqqı-qiymət spiralının təkərləri altında qalacaq.
"Fərdi sahibkarlar bu məsələdə cari ziyana düşür, prespektivdə isə böyük hesabla qazanır"

Minimum əməkhaqqının 180 manata çatmasının 842 min fərdi sahibkarın və 1 milyon 750 min nəfər torpaq mülkiyyətçisinin sosial sığorta ayırmalarını artıracağını deyən "Güzəran" Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı-ekspert Qadir İbrahimli isə bildirib ki, iddialara görə, minimum əməkhaqqının artımından ən yaxşı yalda 600 min nəfər udur, 2 milyon 592 min nəfər isə uduzur: "Əslində bu cür yanaşma düzgün deyil. Birincisi, minimum əməkhaqqının artması nəticəsində sosial sığorta ödənişlərin artımı həmin şəxslərin pensiya kapitalına yönəldilir ki, bu da gələcəkdə təyin olunan pensiya məbləğlərinin daha yüksək rəqəmlə ifadə olunması və daha erkən minimum pensiya təminatının formalaşmasına imkan yaradır. Yəni cari baxımdan uduzsa da, prespektivdə daha təminatlı və yüksək gəlir əldə edir. Əvvəlki qanunvericiliklə pensiya kapitalına yönəldilən illik məbləğ 702 manat təşkil edirdi ki, bu halda minimum pensiya təminatını əldə etmək üçün 25 il işləmək lazım gəlirdi. Artımdan sonra isə pensiya kapitalına yönəldilən illik məbləğ 972 manat təşkil edir ki, bu halda minimum pensiya təminatı hüququ 18 ilə yəni, 7 il tez yaranır. İkincisi, Vergi Məcəlləsində edilmiş dəyişiklikdə bütün ölkə üzrə sadələşdirilmiş verginin dərəcəsi 2 faiz müəyyən edilməsi, kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normalarının (ikiqat) tətbiqi, gəlirin və xərcin uçotunu qanunla müəyyən olunmuş qaydada aparan kiçik sahibkarlıq subyektinin təsisçisinin dividend gəlirlərinin vergidən azad olması, mikro sahibkarlıq subyektlərinin 5 faiz dərəcə ilə (mənfəətin 75 faizi) mənfəət və ya gəlir vergisinə cəlb olunması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatına yaralı torpaq mülkiyyətçiləri olan şəxslər üzrə isə artımdan sonra belə onlar tərəfindən sığorta haqlarının məbləği çüzi təşkil edir. Belə ki, pensiya kapitalına yönəldilən illik məbləğ 117 manat təşkil edir ki, bu da minimum pensiya təminatının formalaşdırılmasına imkan vermir və dövlət həmin şəxslərin minimum pensiya təminatına çatdırılmasını öz vəsaiti hesabına təmin edir. Bununla yanaşı qeyd edilməlidir ki, Vergi Məcəlləsində edilmiş dəyişiklikdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılmışdır". Qadir İbrahimli hesab edir ki, minimum əməkhaqqının artımı vergi gəlirlərin yenidən bölüşdürülməsində ən effektiv vasitələrdən biridir: "Hətta, böyük bir qrupun ziyanına olsa belə, aztəminatlı təbəqənin gəlirlərinin artımı təmin edilməlidir. Sadə dildə desək, gəliri 1000-2000 manat olan fərdi sahibkarın gəlirindən 15-20 manat yoxsul təbəqənin gəlirinə əlavə etmək daha ədalətlidir, nəinki yoxsulların gəlirini sabit saxlamaqla çoxluğun maraqlarını güdmək. O məntiqlə minimum əməkhaqqı anlayışını ləğv edib, yoxsulları Allahın ümidinə buraxmaq lazımdır. Bir daha təkrar edirəm ki, fərdi sahibkarlar bu məsələdə cari ziyana düşür, prespektivdə isə böyük hesabla qazanır".
"Minimum əməkhaqqının əslində işə götürənlər və işçilər üçün ciddi əhəmiyyəti yox idi"

Yeri gəlmişkən, "Hürriyyət" xəbər verir ki, minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılmasını müsbət addım kimi dəyərləndirən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, burada bəzi başqa nüanslar var. Onun fikrincə, minimum əməkhaqqının əslində işə götürənlər və işçilər üçün ciddi əhəmiyyəti yox idi: "Yeganə olaraq biznes rəsmi müqavilədə minimum əməkhaqqından az maaş göstərə bilməzdi, zatən ölkədə heç kim özəl sektorda aylıq 130 manata çalışmırdı. "Qara maaş" çox olurdu, sadəcə rəsmiləşdirəndə 130 manat civarında müqavilə bağlayırdılar. Dövlət sektorunda isə bütün müqavilələr rəsmi idi və maaşlar 130 manatdan çox idi, indi 180 manatdan çox olacaq, yəni bunun dövlət sektorunda çalışanlara daha çox xeyri dəyəcək".Məsələyə bir qədər dərindən baxmağın vacibliyini vurğulayan ekspert bildirib ki, Vergi Məcəlləsinə və İcbari Sosial Müdafiə ödənişləri qaydalarına edilən yeni dəyişikliklərə əsasən VÖEN-lə və ya xidməti müqavilə ilə çalışanlar, fərdi sahibkarlar DSMF-yə minimum əməkhaqqının 20 faizdən 50 faizə qədər (fəaliyyət növünə və yaşayış yerinə görə, formula uyğun) ödəməlidirlər: "Minimum əməkhaqqının ciddi artırılması yaxşı xəbər olsa da, DSMF-yə ödənişləri də artıracaq. Əslində DSMF çoxdan özünümaliyyələşməyə keçməli idi, yeyib-bitirdilər Fondu, buna imkan olmadı. Prezidentin verdiyi fərman Fonda əlavə vəsait cəlb olunmasına səbəb olacaq, amma kiçik biznesin üzərinə də əlavə yük gətirəcək. Qərarın daha bir əhəmiyyəti odur ki, başqa ölkələrlə müqayisəli statistikada vəziyyətimiz bir az yaxşılaşacaq, daha 100 dollardan az minimum əməkhaqqı olan ölkələrin siyahasından çıxacağıq".
"Orta statistik Azərbaycan ailəsinin bir aylıq kommunal xərclərinin məbləği həddində olacaq bu artıma görə sevinməli deyilik"

Sözügedən mövzuya aydınlıq gətirən "İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəriMəhəmməd Talıblı isə bu qənaətdədir ki, minimum əməkhaqqının 130 manatdan 180 manatadək artırılmasının yalnış təqdimatı gedir. Belə ki, minimum əməkhaqqının sadə vətəndaşların aylıq gəlirlərinin artımı olmadığını deyən ekspert qeyd edib ki, bundan sonra ayda ən aşağı səviyyədə rəsmi gəlir əldə edənlərin minimal həddi 180 manatdan az ola bilməyəcək: "Bu əslində dövlət və özəl sektorun işəgötürdüyü işçiyə ən aşağı səviyyədə verməli olduğu minimum əməkhaqqının həddini ifadə edir. Orta statistik Azərbaycan ailəsinin bir ay ərzində aylıq kommunal xərclərinin məbləği həddində olacaq bu artıma görə sevinməli deyilik. Bayram ovqatını ifadə edən rəsmi məlumatlardan sonra bəlli oldu ki, minimum əməkhaqqının artımı 600 min insanı əhatə edəcək. Bunun 450 min nəfəri dövlət sektorunda, 150 min nəfəri isə özəl sektorda işləyənlərin əməkhaqqısında özünü göstərəcək. Deməli, büdcədən maliyyələşən 900 min işçinin tən yarısı 450 mini minimum əməkhaqqı alan vətəndaşdır. Bu açıqlamanı verən dövlət qurumları özləri də bilmədən ölkədə yoxsulluğun real mənzərəsini etiraf etmiş oldular ki, ölkədə işləməyənlərdən kənarda aylıq gəliri 130 manat (76 dollar) səviyyəsində olan 600 min insan var. Bu isə o deməkdir ki, ölkədə 100 minlərlə vətəndaşın gündəlik gəliri 2,5 dollar imiş. Məlumat üçün bildirim ki, hazırda dünyada 2 ölkə yoxsulluğun mərkəzi hesab edilir. Konqo Demokratik Respublikası və Madaqaskar əhalisinin 77 faizi bir günə 2 dollardan az bir məbləğdə gəlir əldə edir. Bizdə minimum əməkhaqqı alanların gündəlik gəlirləri bu ölkələrdəki kritik yoxsulluq həddinə yaxındır".
İki səbəbdən minimum əməkhaqqının artırılmasının qaçılmaz olduğunu iddia edən "İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri hesab edir ki, ilk növbədə 600 min insanın rəsmi yoxsulluq zolağına düşməməsi üçün buna gedilməli idi: "Çünki bizim ölkədə rəsmi yoxsul insanlar o insanlar sayılır ki, onun aylıq gəliri 168 manatdan az olmasın. Bu baxımdan, yanaşanda 600 min insan avtomatik olaraq yoxsul əhali qrupuna daxil edilmiş olacaqdı. İkincisi, yaşayış minimumu və minimum əməkhaqqı arasında uyğunsuzluq baxımından bu mümkün ola bilməzdi. Belə ki, yeni büdcə ilindən ölkədə yaşayış minimumu 183 manat müəyyənləşdirilib ki, bu zaman onun qarşılığında ötən ilki səviyyədə və ya ondan bir az da artıq, məsələn 170 manat həcmində minimum əməkhaqqının müəyyənləşməsi mümkün ola bilməzdi. Ona yaxın və ondan yuxarı məbləğ müəyyənləşdirilməli idi. Bu isə Azərbaycanın sahib çıxdığı beynəlxalq konvensiyalara və sosial xartiyanın tələbləri baxımından qaçılmaz idi".
Tarix: 19-02-2019, 21:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}