İnqilab eyforiyası bitdi: Paşinyan eniş yolunda


İnqilab eyforiyası bitdi: Paşinyan eniş yolunda

Ermənistanda siyasi sistem yenilənə bilər.

İddia edilir ki, yeni sistem tətbiq olunacaq və prezidentlə baş nazirin səlahiyyətləri eyniləşdiriləcək.Prezident postuna isə sabiq prezident Levon Ter-Petrosyanın gələcəyi gözlənilir. Bu fonda Ermənistan parlamentində “Mənim addımım” blokunu təmsil edən deputat Varazdat Karapetyan erməni mətbuatına belə bir açıqlama verib ki, xalq Paşinyandan gözlədiyini almadı. 

“Erməni xalqına söz verilən iqtisadi inqilabın reallaşması istiqamətində iş görülmür. Bundan əvvəl olduğu kimi, yenə də ermənilər sosial vəziyyətlərinin düzələcəyini ümidlə gözləyirlər. Nikol Paşinyanın bəyan etdiyi iqtisadi inqilab isə Ermənistan vətəndaşlarının qulağında hələ ki, xoş bir arzu kimi səslənir”, - deyə erməni deputat bildirib.

Varazdat Karapetyan bunu yeni hökumətin ilk uğursuzluğu kimi səciyyələndirib.

Siyasi şərhçilər hesab edir ki, Ter-Petrosyanın prezident postuna gətirilməsi ilə bağlı səslənən iddialar məhz Paşinyanı qorumaq məqsədi daşıyır.Maraqlıdır, Ter-Petrosyan Paşinyanı nə qədər qoruya biləcək?

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Ermənistanda baş verən siyasi proseslər əsasən Paşinyanın öz hakimiyyətinin güclənməsinə hesablanıb: 

“Hazırda ölkə daxilində “Qarabağ klanı” Paşinyana qarşı siyasi təzyiqlər edir. Bu təzyiqlər fonunda Paşinyanın bir qədər siyasi mövqeyi zəifləyib. Baxmayaraq ki, onun xalq arasında müəyyən qədər siyasi nüfuzu var. Hesab edirəm ki, Paşinyanın “Qarabağ klanı”na bağlı olan partiyaları  və siyasətçiləri meydandan kənarlaşdırmaqla digər siyasi qüvvələrlə ittifaqa girib, mövcud siyasi proseslər fonunda gücünü artıracaq. Hesab edirəm ki, Levon Ter-Petrosyanla onun siyasi müzakirələr aparması, ondan məsləhətlər alması mümkündür. Amma hakimiyyəti onunla bölüşəcəyi  gözlənilmir. Düzdür, Paşinyan onun kadrlarından isifadə edə bilər.Prezidentliyin Ter-Petrosyana verilməsi ölkə daxilində müsbət qarşılanmaz, həmçinin sabiq prezidentin səhhəti də buna imkan vermir. Hesab edirəm ki, belə bir plan Milli Konqres Partiyası tərəfindən hazırlana bilər. Qeyd edim ki, prezidentin səlahiyyətlərinin artırılması və baş nazirlə bölüşdürülməsi mümkün deyil.Baş nazir Paşinyan özünün mütləq hakimiyyətini qurmağa çalışır. Dövlət strukturlarında “Qarabağ klanı”nın üzvləri olsa da, əsasən bunlar siyasətçilər deyil, sadəcə bürokratik şəxslərdir. Bundan Paşinyana təhlükə yoxdur.Ter-Petrosyan və Paşinyan siyasi ittifaqı mümkündür, amma hakimiyyətin bölüşdürülməsi, prezidentliyi verilməsi qeyri-realdır.Ermənistanda Paşinyan yalnız konkret öz komandasını möhkəmlətməklə siyasi hakimiyyəti digər siyasi partiyalara verməyəcək.Çünki konkret inqilabla hakimiyyətə gələn güc birbaşa xalqdan siyasi dəstək alır, nəinki keçmiş prezidentdən”.

Politoloq Əhəd Məmmədli isə hesab edir ki, Paşinyan xalq arasında kifayət qədər populyardır: 

“Ermənistanda prezident səlahiyyətlərinin artırılması üçün yeni referendum keçirilməlidir. Düşünmürəm ki, indi halda yeni iqtidar buna getsin.Digər tərəfdən, populyarlığının zirvə nöqtəsində olan Paşinyan niyə axı Ter-Petrosyanla hakimiyyətini bölüşsün?Ona görə bu açıqlamanı ən azı indiki halda real hesab etmirəm.Levon Ter-Petrosyan zatən Paşinyanın yanındadır.Xalq da hələlik Paşinyana dəstək verir.Deyilənlər yalnız o vaxt baş verə bilər ki, Ermənistanda yeni siyasi təlatümlər başlasın.Prezidentin yenidən səlahiyyətlərinin artırılması cəhdi belə yeni siyasi etirazlara təkan verə bilər.İndiki incə dövrdə düşünmürəm ki, Paşinyan xalq arasında qeyri-populyar olan addımlar atsın”.//Cebhe.info//


Tarix: 22-02-2019, 08:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}