Avro-dollar savaşının manata təsiri: NƏ OLACAQ?


Avro-dollar savaşının manata təsiri: NƏ OLACAQ?

Son günlərdə beynəlxalq maliyyə bazarlarında avro-dollar məzənnəsi birincinin xeyrinə dəyişməkdədir.

Bir sıra beynəlxalq ekspertlər prosesin hələ davam edəcəyini düşünürlər.Hesab edilir ki, beynəlxalq maliyyə bazarlarında avronun qiymətində aktivlik artarsa, bu, digər bazarlara da öz təsirini göstərə bilər.Son məlumatlara görə, beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.1336$-a ticarət edilməkdədir.

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1370 $-ı keçərsə, 1.1436$-a kimi, yəni, 0.6% bahalaşa bilər.  Qeyd etmək lazımdır ki, avronun qiymətində dalğalanma, digər maliyyə alətlərində də güclü aktivliyə səbəb ola bilər. Bəs, ABŞ dollarının avro qarşısında dəyər itirməsi nə ilə bağlıdır?Məlum olduğu kimi, ölkə hakimiyyətində gərginlik yaranıb.ABŞ federal hökumətinin 35 gün bağlı qalmasına səbəb olan Meksika divarı üçün fondun ayrılması məsələsi isə hələ ki, həllini tapmayıb.Buna görə də hökumətin yenidən bağlanması ehtimalı qalmaqdadır.

Ölkədə baş verən siyasi proseslər, dolların qiymətinin ucuzlaşmasına səbəb ola bilərmi?  

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, son 20 il ərzində dollarla avro məzənnəsinin vaxtaşırı dəyişilməsi müşahidə olunur: 

“Bu dünya maliyyə birjalarında gedən proseslə bağlıdır. İstənilən vaxt vəziyyət dəyişə bilər.Burada hansısa iqtisadi təlatümdən söhbət getmir.  2014-ci ilin sentyabrdan başlayaraq dolların avroya qarşı möhkəmlənmə prosesi başladı, 2015, 2016 və 2017-ci illərdə də müəyyən dalğavari sıçrayışlarla proses gedirdi, indi yenidən avronun möhkəmlənməsi, dolların ucuzlaşması prosesi gedir. Bu da daha çox birjalarda gedən ticarət əməliyyatlarının həcmindən asılı olan bir prosesdir.ABŞ-da açıqlanan mühüm iqtisadi göstəricilərinin mənfi olması dolların ucuzlaşmasına səbəb olub.Amma bu da elə də fundamental problem deyil ki, uzunmüddətli davam etsin.Avronun digər dünya valyutalarına qarşı möhkəmlənməsi baş verməyib.İstər Yaponiya yeni, istəsə Avstraliya və ya Yeni Zellandiya dolları qarşı fundamental möhkəmlənmə baş verməyib”.

Fuad İbrahimovun sözlərinə görə, ABŞ-da hökumət böhranının dolların dəyərinə təsiri də danılmazdır: 

“Həmin böhrandan irəli gələn proseslərdən mənfi indekslər əmələ gəlir. Maliyyə birjaları dərhal siyasi proseslərə reaksiya verir. Eyni zamanda, Federal Ehtiyatlar Sisteminin  rəhbərinin gələcəkdə uçot dərəcələrinin yenidən baxılaraq artırılması barədə açıqlamaları da gedən proseslərdə fon yaradır”.

Proseslərin milli valyutaya təsirinin olub-olmamasına gəlincə, iqtisadçı inzibati üsulla tənzimlənən manata bu kimi faktorların təsirinin olmadığını deyir: 

“Avro ilə dollar arasında məzənnə fərqi dəyişə bilər, manatın isə hər iki valyutaya qarşı öz məzənnəsi var.  Azərbaycanda mərkəzləşdirilmiş idarə üsulundan istifadə olunduğu üçün nə dollara, nə də avroya qarşı kəskin reaksiya vermir.Öz dəhlizində 1-2 qəpiklik dəyişikliklə üfüqi dalğalanır.Bu nöqteyi-nəzərdən avronun dollar qarşısında bahalaşmasının bizim iqtisadiyyatımıza nə xeyiri, nə də ziyanı yoxdur.Bununla belə, bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatının daha çox dollara bağlılığı var, nəinki avroya”.//Cebhe.info//



Tarix: 24-02-2019, 13:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}