Dövlət niyə borclanır - Azərbaycanın gəliri borcunu ödəyir?


Dövlət niyə borclanır - Azərbaycanın gəliri borcunu ödəyir?

ABŞ ştatlarından birinin satılması təklif olunub.ABŞ-da dövlət borcunu azaltmaq məqsədilə Montana ştatını 1 trilyon ABŞ dollarına Kanadaya satmaq təklifi irəli sürülüb. 

Yerli mətbuat xəbər verir ki, Yan Hammond adlı şəxsin təklifi əsasında hazırlanan və “ifrat diqqət cəlb edən” müraciətdə deyilir: “Bizim borclarımız xeyli çoxalıb. Montana isə lazımsız bir yerdir.Sadəcə orada qunduz-filan yaşadığını onlara deyərsiniz, vəssalam”.

Hazırda müraciətin altında toplanan 12 minədək imzanın xeyli hissəsinin Montana sakinlərindən gəldiyi diqqət çəkir.Bu məsələnin Montana hakimiyyət qurumlarının narahatlığına səbəb olduğu, artıq ştatın satışına qadağa qoyan qanun layihəsinin də müvafiq şəkildə hazırlandığı bildirilir. Qeyd edək ki, hazırda ABŞ-ın dövlət borcu 22,01 trilyon dollardır. Təhlilçilər böhranın əsas səbəbi kimi prezident Donald Trampın iqtisadi siyasətini göstərir. Donald Tramp ABŞ-ın dövlət borclarının və büdcə kəsrinin artmasına səbəb olan siyasət yürütdüyünə görə tənqid edilir. Donald Trampın prezidentlik etdiyi iki il ərzində ABŞ-ın dövlət borcu 2 trilyon dollar artaraq 22 trilyon dollara yaxınlaşıb. Başqa sözlə, dövlət borcu Trampın prezidentliyi dövründə 10 faiz çoxalıb. Bunun da 1,36 trilyon dollarlıq hissəsi 2018-ci ilin payına düşüb. Qeyd edilən göstərici dövlət borcunun cari ilin əvvəli ilə müqayisədə 6,36 faiz artması deməkdir. Proqnozlara görə, Donald Trampın prezidentliyi dövründə, yəni 2020-ci ilə qədər ABŞ-ın dövlət borclarının həcmi 4,4 trilyon dollar artacaq.

Qeyd edək ki, ABŞ-ın dövlət borcu ilə bağlı həyəcan təbilini hələ 2018-ci ilin oktyabr ayında “The Washington Examiner” saytı çalmışdı. Həmin məlumata görə, 2018-ci ilin 9 ayı ərzində ABŞ-ın dövlət borcları 2018-ci maliyyə ilində 1,2 trilyon artaraq 21, 516 trilyon dollara çatıb. Bu, ABŞ-ın tarixində dövlət borcları ilə bağlı ən yüksək göstəricidir.Borcların həcminin 2019-cu ilin mart ayına qədər artacağı proqnozlaşdırılır.ABŞ Konqresinin məlumatına görə, 2018-ci ilin 11 ayı ərzində federal hökumətin buraxdığı istiqrazların miqdarı 895 milyard dollar təşkil edib.Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 222 milyard dollar çoxdur.ABŞ-ın borclarının artması dövlət büdcəsində kəsirlərin artması ilə izah edilir. Aparılan təhlillərə görə, ABŞ hökuməti dövlət borcunun həcmini 2019-cu il martın 1-ə qədər qeyri-müəyyən şəkildə artıra bilər.

ABŞ Maliyyə Nazirliyinin 2018-ci ilin iyul ayına olan məlumatına görə, Amerikanın ümumi dəyəri 6,251 trilyon təşkil edən qiymətli kağızları xarici dövlətlərə və investorlara məxsusdur.ABŞ-ın qiymətli kağızlarının əsas alıcısı Çin hesab olunur. Çin ABŞ-dan 1,83 trilyon dollar dəyərində qiymətli kağız alıb. Bununla yanaşı, iyul ayında Çin, ABŞ-ın milli borcuna investisiya qoyuluşunu iyul ayında iyun ayına nisbətən 7,7 milyard dollar azaldıb. Göründüyü kimi, ABŞ-ın xarici borcu üç ay ərzində 500 milyard dollara qədər artıb.Bu da paralel olaraq, dövlət büdcəsindən ayırmaların artmasında özünü göstərir.

Dövlət borclarının artma səbəblərini “Cümhuriyət” qəzetinə şərh edən iqtisadçı-alim Vüqar Bayramov deyib ki, ABŞ  həcminə görə dünyada ən çox xarici borcu olan ölkələrdən biridir: 

“ABŞ-da həm daxili, həm də xarici borcun həcmi böyükdür. Əvvəlki illərdə də ABŞ-ın xarici borcunun həcmi ümumdaxili məhsulun həcminə bərabər olub.ABŞ Konstitusiyasına əsasən, xarici borclar ÜDM-un həcmi ilə eyni olduqda bu zaman qanunverici orqan borc limitinin artırılması ilə bağlı qərar qəbul etməlidir.Əks halda ölkə defolta getməlidir.Son dövrlər ABŞ-ın defolt təhlükəsi olub, amma borc limitinin artırılması yolu ilə defoltdan yayınıblar.ABŞ-la Çin arasındakı ticarət müharibəsinin daha çox Çinə mənfi təsir edəcəyi proqnozlaşdırılırdı, amma ABŞ-ı təmsil edən investorlar itirdi.Son ticarət müharibələrindən və xüsusən də Ağ Evin əksər hallarda proqnozlaşdırıla bilməyən qərarlarından itirən tərəflər oldu.Yalnız 2018-ci ildə investorların itirdiyi məbləğ 11 trilyon dollardan çox oldu. Bu isə ondan xəbər verir ki, əslində 2018-ci il qlobal birjalar üçün heç də asan il olmadı. Praktik olaraq 2018-ci ildə birjalarda ciddi volunterlik müşahidə etdik ki, bu da ABŞ investorlarının ziyana düşməsinə səbəb oldu.Nəzərə alsaq ki, dünyanın aparıcı investorlarının böyük bir qismi ABŞ-ı təmsil edir, bu baxımdan investorların itirməsi nəticə etibarilə Amerikanın da itirməsi anlamına gəlir.Bu kontekstdən ötən dövrlə müqayisədə ABŞ Administrasiyası Tramp hakimiyyəti dönəmində ölkə iqtisadiyyatının inkişaf etdiyini və dövlətin daha güclü olduğunu vurğulayır.Amma reallıq bundan ibarətdir ki, ABŞ-ın makro təhlükəsizlik göstəricilərində geriləmələr var. Əslində, Tramp Administrasiyasında proqnozlaşdırılmayan qərarların verilməsi gözlənilirdi və belə qərarlar da oldu.Baxmayaraq ki, Tramp daha çox konservativ siyasət yürüdərək ABŞ sahibkarlarını müdafiə edəcəyini bəyan etmişdi.Amma son rəqəmlər və eləcə də investorların itirdiyi məbləğ ondan xəbər verir ki, praktik olaraq itirən tərəf, eyni zamanda ABŞ-ı təmsil edən investorlar oldu”.

Qeyd edək ki, 2018-ci ilin iyulun 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 9,600.2 milyon ABŞ dolları (16,320.3 milyon manat),  xarici  dövlət  borcunun Ümumi Daxili Məhsula (ÜDM)  olan  nisbəti  21.9 faiz (2018-ci il  üçün hesablanmış  74,646.9 milyon manat ÜDM-ə  nisbətdə)  təşkil  edib. Borca  hökumətin  birbaşa  öhdəlikləri  və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdi.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb  edilmiş  kreditlərdən,  həmçinin  beynəlxalq  maliyyə  bazarlarında  yerləşdirilmiş  qiymətli  kağızlardan ibarətdir.

Rəsmi mənbələrdə 2018-ci ildə Azərbaycanın valyuta ehtiyatlarının 3 milyard dollar məbləğində artdığı bildirilir.İlin yekunlarına görə, hazırda ölkənin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Məlumata görə, 2018-ci ildə Azərbaycanın xarici borc 22,8 faizdən 19 faizə düşüb. Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir.Valyuta ehtiyatları xarici borcu 4-5 dəfə üstələyir.

Yeganə Oqtayqızı

Tarix: 24-02-2019, 21:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}