Xarici şirkətlər ölkədən gedir: Yerini dolduranlar isə...


Xarici şirkətlər ölkədən gedir: Yerini dolduranlar isə...

Azərbaycanda 4500-dən çox xarici şirkətin fəaliyyəti dayandırılıb.
Bu barədə Dövlət Vergi Xidmətinin məlumat yayıb. Məlumata əsasən, hesabat dövründə qeydiyyatdan keçmiş 7 min 482 kommersiya qurumunun 91,2%-i yerli investisiyalı, 8,8%-i xarici investisiyalı müəssisələrdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının xüsusi çəkisi 36,5 % artıb. 2021-ci il sentyabrın 1-nə 16 min 382 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.
Bunlardan 10 min 982-nin fəaliyyəti aktivdir, 4 min 525-nin fəaliyyəti dayandırılıb, 875-i isə ləğv edilib. Avqust ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 35,8%-i Türkiyə, 11,6%-i Gürcüstan, 10,5%-i İran, 9,5%-i Rusiya, 5,3%-i Pakistan və 4,2%-i Hindistan investisiyalı hüquqi şəxslərdir.
Maraqlıdır, Azərbaycanda bu qədər yüksək sayda xarici şirkətin fəaliyyətinin dayandırılmasına səbəb nədir? Xarici şirkətlər ölkəmizi niyə tərk edir?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, xarici şirkətlərin iştirak etdiyi müxtəlif layihələrin başa çatması bu statistikalara səbəb olur:

“Ümumiyyətlə, Azərbaycanda xarici şirkətlərin fəaliyyətinin dayandırılması və ya onların ölkəmizi tərk etməsi üçün bir çox səbəb ola bilər. Hesab edirəm ki, bütün bunlar ətraflı şəkildə araşdırılmalıdır. Onu da nəzərə almalıyıq ki, pandemiya dövründə bir çox şirkətlər fəaliyyətlərini dondurdu. Bununla yanaşı, xarici şirkətlərin iştirak etdiyi bir çox layihələr də başa çatıb. Həmçinin, Azərbaycanda biznes baxımından iş mühiti qonşu ölkələrdən mənfi mənada ciddi şəkildə fərqlənir. Azərbaycanda gələn şirkətlər daha çox neft-qaz sektoruna xidmət üçün gəlir.
Bu layihələrdən bəziləri davam edir, bəziləri isə bitib. Bu səbəbdən bu xarici şirkətlərin ölkəmizi tərk etməsini normal qarşılayıram. Düşünürəm ki, hökumət daha çox yerli şirkətlərin fəaliyyətinə şərait yaratmalıdır. Onların normal fəaliyyət göstərməsi üçün həm maliyyə resurslarının əlçatanlığı, həm də lisenziya və icazələrin asanlaşdırılmasını təmin edilməlidir. Eyni zamanda, ölkəmizdə məmur sahibkarlığı aradan qaldırılmalıdır. Bunları etmək lazımdır ki, şirkətlər Azərbaycanda işləməkdən və qazanc əldə etməkdən məhrum olmasınlar”.
Tarix: 21-09-2021, 21:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}