"Qiymət artımının əsas səbəbi rəqabətsizlik mühiti və məmur biznesidir..."


Türkiyədə son günlər ən çox müzakirə olunan mövzu “süni qiymət” artımıdır (fahiş fiyat artışı). Türkiyə rəsmiləri qiymət artımının, inflyasiyanın günahını, bizim dildə desək, “alverçilərdə” görürlər, onları “günah keçisinə” çevirmək istəyirlər.
 
Bu məsələnin müzakirəsi bizdə də hərtərəfli getməlidir, çünki məmurlar, hökumət nümayəndələri ara-sıra bizdəki bahalığı süni qiymət artımı ilə izah etməyə, bütün oxları iş adamlarına tərəf çevirməyə başlayırlar. Gəlin bəzi prinsipial məsələlərdə anlaşaq: 1) Əgər rəqabətli mühit, bazar iqtisadiyyatı institutları varsa, süni qiymət artımı ola bilməz, 2) Əgər süni qiymət artımı varsa deməli ölkədə bazar iqtisadiyyatı yoxdur, olan nədirsə, adı bazar iqtisadiyyatı deyil. Yəni, “süni qiymət artımı var”, deyən istənilən hökumət özü-özünə ziyan vurmuş olur, özü-özünü tənqid etmiş, işinin nəticəsiz olduğunu elan etmiş olur.
 
Bazar iqtisadiyyatında qiymət tənzimlənməsi mümkündürmü? Bəli, bunun mexanizləri var: Məsələn, ağllımhökumətlər görür ki, bazarda daxili istehsalı olmayan, və ya çox az olan məhsulun qiyməti artır, həmən həmin növ məhsulun gğmrük rüsumlarını ya sıfırlayır, ya da çox aşağı salır, və ya, həmin növ məhsullarla bağlı vergiləri azaldır, ƏDV-ni ləğv edir. Bu addımlar da kömək olmasa həmin növ məhsulun ölkədə istehsalını artırmaq üçün təşviqlər elan edir, istehsalçılara faizsiz (ya da çox aşağı faizlə) və uzunmüddətli kretitlərin verilməsini təmin edir.
 
Bazar iqtisadiyyatı oturuşmuş ölkələrdə qiymət manipulyasiyaları olurmu? Əlbəttə olur, amma bu çox zaman “dumping” (dempinq) şəklində baş verir və dövlət orqanları belə şirkətləri ciddi cəzalandırır. Yəni, iri şirkətlər çox zaman qiyməti AZADIRLAR (dempinq) ki, orta və kiçik şirkətlər rəqabətə davam gətirməsin, müflisləşsinlər və bazardan çıxsınlar, sonra həmin iri şirkətlər daha çox bazar payına sahib olmaqla dempinq zamanı itgilərini artıqlaması ilə geri qaytarırlar. Sözün qəsası, institutlaşmış bazar iqtisadiyyatında süni qiymət artımı deyil də, tam tərsi, süni qiymət azalması müşahidə edilir və Dövlət də bunun qarşısını almaq üçün anti-inhisar qanunlarını və rəqabət məcəlləsini işə salır.
 
Bizdə iqtisadi münasibətlərin, iqtisadi sistemin adını tapmaq belə çətindir, obrazlı ifadə ilə mövcud sistemə “dövlət-məmur kapitalizmi” demək olar. Bizdə qiymət artımının əsas səbəbkarı dövlət qurumlarının öz işlərinin fəlsəfəsini bilməməsi, rəqabətsizlik mühiti və məmur biznesidir...
 
Natiq Cəfərli
 
Ekspert
Tarix: 22-09-2021, 17:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}