“Rəsmi qurumlar iş görmək əvəzinə vətəndaşları soymaqla məşğuldur” - ETİRAZ



“Rəsmi qurumlar iş görmək əvəzinə vətəndaşları soymaqla məşğuldur” - ETİRAZ
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun “Suraxanı dairəsi” adlanan hissəsində ağır yol qəzası baş verib. Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çarpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.

İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub və hərəkət etdiyi zolaqdan çıxaraq sərnişin avtobusuna çarpılıb. Hadisəni törədən Qobustan rayon sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb.

“Digesta” hüquq şirkətinin direktoru, nəqliyyat eksperti Ərşad Hüseynov hadisəyə münasibət bildirərkən deyib ki, insan ölümü və kütləvi insan tələfatına səbəb olan bu hadisə qaranlıq mətləblərə işıq salır: “Bu səhər baş vermiş faciəli qəza ilə bağlı maraqlı fikir və müzakirələrə şahid olmaqdayıq. Ən maraqlısı odur ki, artıq rəsmi qurumlar və media əsas diqqəti hadisədə iştirak edən yük avtomobili sürücsünün 19 yaşda olmasına və qanunsuz (“Fərqlənmə nişanı” olmadan) fəaliyyət göstərməsinə yönəldir. Belə yanaşma birtərəflidir və düşünürəm ki, bəzi qurumların məsuliyyətdən yayınma cəhdidir”.

Onun sözlərinə görə, paytaxtın müxtəlif ərazilərində bir neçə dəqiqə dayanan avtomobilləri cərimələyən qurumların səriştəsiz olduğu bir daha ortaya çıxır: “Əvvəla, yol hərəkəti qaydalarından məlumatı olan hər kəs bilir ki, belə yük avtomobilini idarə etmə hüququ (“C” kateqoriyası) 18 yaşdan əldə oluna bilər. Qanun buna yol verir. Amma cavablandırılmalı olan başqa suallar var. Niyə bu sürücü “Fərqlənmə nişanı” olmadan fəaliyyət göstərib? Belə yük avtomobillərinin nə qədəri “Fərqlənmə nişanı” alır? Ala bilməyənlərin nə problemi var və onlar niyə bu nişanı almadan rahat fəaliyyət göstərirlər? Belə avtomobil sürücüləri reysqabağı tibbi yoxlanması keçirilirmi, keçirilmirsə, bunun səbəbi nədir? Niyə avtobus hava limanı yolu kimi yüksək sürət olan yolda dayanacağa yan ala bilmir? Həmin dayanacağı taksilər az qala sutkaboyu necə zəbt edə bilirlər? Göründüyü kimi, suallar çox olsa da, cavabları yoxdur”.

“Hər kəs öz işi məşğul olsa, bu cür faciələr də yaşanmazdı. Niyə belə avtomobillər hər yerdə necə gəldi, hərəkət edə bilir? Axı onlarla bağlı problem təkcə arxalarındakı liftin texpasporta yazılmaması deyil. Halbuki, belə qeydin tələb olunmasının özü absurddur. Bu hökumət bir sistemdir. Və bu sistemdə hər kəs öz işi ilə məşğul olmalıdır. Məsuliyyəti başqalarının üzərinə atmaq çıxış yolu deyil və bununla uzağa getmək olmaz”, - deyə Hüseynov vurğulayıb.

Milli Məclisin sabiq üzvü, iqtisadçı-ekspert Nazim Bəydəmirli də AYNA-ya deyib ki, nəqliyyat sektorunda çoxlu dəyişikliklər edilsə də, mahiyyət etibarilə heç nə dəyişmir: “Bilirsiniz ki, Dövlət Yol Polisi İdarəsinin (DYP) bəzi səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. Digər sahələrdə olduğu kimi, bu sahədə də təkrarçı fəaliyyət hökm sürür. Ən dəhşətli məqam isə odur ki, onlar bir-birini saymır, kordinasiyalı fəaliyyət göstərmirlər. Yumşaq desək, onların fəaliyyəti müasir standartlara cavab vermir. Mənim özüm də yaşadığım ərazidə gözlənilən təhlükə ilə bağlı Bakı Dövlət Yol Polisi İdarəsinə müraciət etdim. Lakin mənə heç bir cavab verilmədi. Bütün bunlar göstərir ki, nəqliyyat sahəsində hərc-mərclik hökm sürür”.

Həmsöhbətimiz qeyd edib ki, nəqliyyat sektoru “cərimə iqtisadiyyatı” hesabına idarə olunur: “Cərimələrin mənası islah etməkdir. Gələcəkdə bu kimi halların baş verməsinin qarşısını almaqdır. Bizdə isə cərimələr qazanc yerinə çevrilib. Bakı Nəqliyyat Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (indiki adı ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), Dövlət Yol Polisi İdarəsi vətəndaşları soymaqla məşğuldur. Hərə öz sahəsinin ağasıdır. Biri maraqlanmır ki, axı insanların həyatı təhlükəyə düşə bilər, insan həyatı müqəddəsdir. Sanki hər şeyi Allahın ümidinə buraxıblar. Nəticədə də bu cür ağır qəzalar baş verir. Onlar bunu araşdırmaq, yoluna qoymaq əvəzinə, məsuliyyəti bir-birinin üzərinə atırlar. Bu hadisədə sürücünün nə qədər günahı varsa, aiddiyəti dövlət qurumlarının da o qədər günahı var”.

“Bakıda avtobus dayanacaqları zəbt olunub və buna göz yumulur. Paytaxtda nəqliyyatın hərəkəti istiqamətində yeni qaydalar yaradılmalıdır. Dövlət büdcəsi hesabına avtobuslar alınır. Bu avtobusların hərəkətini tənzimləməli olan qurumlar isə daha çox avtobus əldə etməyə çalışır. Çünki sənədləşmə düzgün aparılmır və bu kimi satınalamlardan böyük pullar qazanırlar”, - deyə Bəydəmirli fikrini yekunlaşdırıb.
Tarix: 13-10-2021, 22:10




Xəbər lenti