Ərzaq 3 dəfə BAHALAŞIB - İnflyasiya riski artır

İndi bütün dünyada yüksək inflyasiya əsas problemlərdən birinə çevrilib. Belə şəraitdə ayrı-ayrı ölkələr heç nə edə bilmirlər, çünki istər-istəməz hamı bu və ya digər dərəcədə inflyasiyanı idxal edir. Bu il dünya üzrə ərzağın qiyməti təxminən 3 dəfə artıb.
 
Bəs qlobal inflyasiya niyə artır, proses nə zamana qədər davam edəcək?
 
İqtisadçı-ekspert Xalid Kərimli Modern.az-a inflyasiya və onun səbəblərini açıqlayıb.
 
Ekspertin sözlərinə görə, qlobal miqyasda inflyasiyanın sürətlənməsinin əsas səbəbi 2020-ci ildən başlayan və indi də davam edən pandemiyanın yaratdığı qlobal dəyər zəncirindəki problemlərdir:
 
“Pandemiyadan çıxışda tələbin kəskin şəkildə təklifi üstələməsi, qlobal təchizat zəncirinin qırılması, əmək bazarındakı disbalans kimi problemlər sözsüz, proseslərə ciddi təsir göstərir. Pandemiya dövründə dövlətlər, təşkilatlar ehtiyaclarını düzgün planlaşdıra bilmədilər. Karantinlər əlavə xərclər yaratdı, bir anda yük daşınmaları kəskin sürətdə yüksəldi. Tələb və təklifin kəskin oynaması yarandı. Bir tərəfdən də, Dünya Mərkəzi Bankları iqtisadi aktivliyi qorumaq üçün daha da ucuzlaşma siyasətini həyata keçirməyə, daha sonra isə iqtisadiyyata pul buraxmağa başladılar. Amerika artıq neçə aydır ki, iqtisadiyyata 120 milyard dollar pul buraxır. Bu da dövriyyədə olan pulun sürətini artıraraq, dəyərdən düşməsinə şərait yaradır. Üstəlik olaraq enerji qiymətlərinin artması da bahalaşmanı sürətləndirdi”.
 
Bu proses nə zamana qədər davam edəcək?
 
“Dünya qlobal dəyər zəncirindəki problemlərin 2022-ci ilin yarım illiyindən sonra aradan qalxacağı gözlənilir. Ancaq koronavirusun yeni ştammının çıxmasına ölkələrin reaksiyasını da gözləmək lazımdır. Müşahidə etmək lazımdır ki, ölkələr bu ştamma qarşı nə qədər effektiv yanaşacaq.
Ümumi baxış budur ki, 2022-ci ildə bu problem əsaslı sürətdə yumşalacaq. Eyni zamanda, dünya ölkələrinin mərkəzi bankları yüksələn faiz dəyərləri ilə mübarizə aparmağa başlayırlar. Yaxın müddətdə pulu dövriyyəyə az buraxmağa başlayacaqlar. Bu da ucuz pul siyasətindən imtinaya gətirib çıxaracaq”,- deyə ekspert bildirib.
Tarix: 6-12-2021, 22:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}