Statistika əvəzinə siyasi şüar: hökumət reallığı ört-basdır edir



Azərbaycanda yaşayış minimumu niyə reallığı əks etdirmir?
Ötən həftənin sonlarında parlamentin növbəti plenar iclasında yaşayış minimumu və gələn il üçün ehtiyac meyarı təsdiq edilib. Ciddi qiymət artımına baxmayaraq, azərbaycanlıların yaşayış minimumu cəmi 14 manat, ehtiyac meyarı 30 manat artıb.
Milli Məclis “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini qəbul edib. Bu sənədə əsasən, yaşayış minimumu cari illə müqayisədə 7,15 faiz artaraq 210 manat təşkil edəcək. Yaşayış minimumu şərti istehlak səbətinin - əsas ərzaq məhsullarının (çörək, tərəvəz və meyvələr, şəkər, duz, çay, ət, balıq, süd, yağ), qeyri-ərzaq mallarının, habelə xidmətlərin, o cümlədən mənzil və kommunal xidmətlər ödənişlərinin dəyəridir.
Yaşayış minimumunun üç növü var: əmək qabiliyyətli böyüklər, uşaqlar və pensiyaçılar üçün. Əmək qabiliyyətli əhali üçün adi istehlak səbətinin dəyəri 13 manat (6,3 faiz) artaraq 220 manat olub. Pensiyaçılara 14 manat (8,6 faiz) əlavə edilib - 176 manat; uşaqlar - 18 manat (10,3 faiz) artmaqla 193 manat olub.
Deputatlar “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini də qəbul ediblər ki, ona görə yeni ildə ehtiyac meyarı 17,65 faiz artaraq 200 manat təşkil edəcək. Burada əsas sual doğuran məsələ odur ki, nə üçün ehtiyac meyarı bu il üçün əsas yaşayış minimumundan azdır.

Bu məqama toxunan deputat, iqtisadçı ekspert Vüqar Bayramov yaşayış minimumunun xeyrinə vahid sosial əhəmiyyətli göstəriciyə keçidin zəruriliyinə diqqət çəkib: “Növbəti ildə yoxsulluq həddinin artması ilə ÜSY proqramı çərçivəsində ehtiyacı olan vətəndaşlara dövlət yardımının məbləği də artacaq. Amma uyğunsuzluqlar da var. Məsələn, ehtiyac meyarının nə üçün yaşayış minimumundan aşağı olması aydın deyil. Aztəminatlı vətəndaşlara dövlət dəstəyinin təyin edilməsi üçün yaşayış minimumunun tətbiqi istiqamətində ehtiyac meyarından tamamilə imtina etmək daha məqsədəuyğundur. Axı bu, əhalinin aztəminatlı təbəqəsinə dövlət dəstəyini gücləndirməyə, onlara ayrılan yardımın həcmini artırmağa imkan verəcək”.
İqtisadçı ekspert Natiq Cəfərli isə AYNA-ya şərhində deyib ki, yuxarıda göstərilən kriteriyalar ölkəmizdə həddən artıq siyasiləşib: “Əvvəla, bu anlayışlar birləşdirilməlidir, çünki yaşayış minimumunu və ehtiyac meyarını ayrıca bölmək və hesablamaq düzgün deyil. Eyni zamanda, nəhayət, hesablamaların əsasında duran şərti istehlak səbətinə yenidən baxılmalıdır. Təəssüf ki, bizdə bu minimumların hesablanması obyektiv iqtisadi göstəricilərə deyil, siyasi şüarlara əsaslanır. Statistika tamamilə siyasiləşdirilib. Çünki hesablamalarda düzgün, dünya təcrübəsinə uyğun yanaşmalardan çıxış edilsə, rəsmi olaraq yoxsul kimi tanınan vətəndaşların faizi də buna uyğun olaraq artacaq. O zaman yoxsulluğun səviyyəsi elan edilən 5-6%-dən bir neçə dəfə yüksək olacaq”.

Analitikin fikrincə, yaşayış minimumu ilə digər sosial əhəmiyyətli səviyyələri birləşdirmək lazımdır: “Bu təcrübə ilə bağlı beynəlxalq standartlardan istifadə etmək, yaşayış minimumunun hesablanması metodologiyasını yenidən qurmaq vacibdir. Yaşayış minimumunun məcmu smetasının hesablanması üsulları bizdə hələ sovet dövründən qalıb. Mövcud hesablama metodologiyasının digər təfərrüatları hələ 1986-cı ildə qəbul edilib. Məsələn, bir üst geyim üç il müddətinə, bir cüt ayaqqabı bir il müddətinə nəzərdə tutulur”.
“Yaşayış minimumuna görə, dörd nəfərdən ibarət bir ailə gündə bir saat internetdən istifadə etməlidir - hər biri üçün 15 dəqiqə. Müasir dövrdə qlobal şəbəkədən geniş istifadə kontekstində bu, cəfəngiyyatdır. Yaranan vəziyyət köhnə meyarlara və hesablama metodlarına yenidən baxılmasını, sonra isə şərti istehlak səbətinin adekvat hesablanmasına təcili ehtiyac olmasını zəruri edir”, - deyə Cəfərli bildirib.
Əlavə edib ki, yeni meyarlar tətbiq olunarsa, ölkədə yoxsulluğun səviyyəsi 15-20%-ə yüksələcək və bu da hakimiyyətin siyasi bəyanatlarına ziddir: “Ona görə də heç bir irəliləyiş yoxdur”.
Tarix: 8-12-2021, 22:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}