Hökumət “ƏDV geri al”a əl gəzdirir: “Camaata qaytarılan vəsaitin məbləği çoxdur”


Eldəniz Əmirov: “Yeni qərarın mahiyyəti ondan ibarətdir ki, əhaliyə geri qaytarılan vəsaitin məbləği azalsın”
Eyyub Hüseynov: “Pandemiya zəiflədikcə, insanların sosial durumu gücləndikcə “ƏDV geri al” sistemi ləğv ediləcək”
Növbəti aydan etibarən avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən əlavə dəyər vergisi (ƏDV) geri qaytarılmayacaq. Mətbuatda gedən xəbərə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib. Deyib ki, "ƏDV geri al" layihəsi çərçivəsində, edilən müraciətlər ilə bağlı "Vergi Məcəlləsi"nin 165-ci "Verginin sıfır (0) dərəcəsi ilə tutulması" maddəsinə bir sıra dəyişikliklər edilib və artıq bu dəyişikliklər ötən cümə günü Milli Məclis tərəfindən təsdiq olunub.
Deputat bildirib ki, yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq: “Əvvəllər bu istisna yalnız neft və qaz məhsullarına tətbiq olunurdu. Bununla yanaşı, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq. Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. Belə ki, yeni dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi aldıqda  ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək".
Maraqlıdır, sözügedən dəyişiklikdə məqsəd nədir: alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV-nin geri qaytarılmaması ilə "ƏDV geri al" siyahısını azaltmaq, yoxsa əhalini ziyanlı vərdişlərdən çəkindirmək?
AYNA bu istiqamətdə ekspertlərin fikrini öyrənib.

İqtisadçı ekspert Eldəniz Əmirov xatırladıb ki, “ƏDV geri al” layihəsinin tətbiq edilməsində əsas məqsəd istehlakçıların da iqtisadiyyatın “ağardılması”, eləcə də ödənişlərin rəsmiləşdirilməsi istiqamətində aktiv iştirakçıya çevrilmələrini təmin etmək idi: “Bununla istehlakçılarda maraq yaradılırdı ki, onlar alış-veriş zamanı çek tələb etsinlər və bu zaman da ödənişlər rəsmiləşdiyinə görə vergiyə cəlb olunmanın həcmi artırılırdı. Bundan həm vətəndaş qazanır, həm də dövlət. Eyni zamanda, digər bir məsələ nağdsız ödənişləri stimullaşdırmaqdan ötəri “ƏDV geri al” prinsipində nağd ödəniş zamanı 10 faiz, nağdsız ödənişdə isə 15 faiz ƏDV-nin geri verilməsi idi. Bu da yekunda nağdsız ödənişlərin stimullaşmasına gətirib çıxarırdı”.
“Dövlət, əslində, insanlarda ödənişlərin rəsmiləşdirilməsi, çeklərin alınması kimi bir mədəniyyətin formalaşmasına və bu artım tendensiyasına nail olmağa çalışırdı. Düşünürəm ki, bu da kifayət qədər uğurlu alınıb. Məsələn, 2021-ci ilin birinci rübünə qədər rəsmi olaraq aidiyyəti qurum tərəfindən məlumat verilmişdi ki, istehlakçılara 60.2 milyon manat pul qaytarılıb. Bu, əslində çox böyük məbləğdir. Dövlət bu qədər pul itirib, vətəndaşlar qazanan tərəf olub. 60 milyon manat vətəndaşa qaytarılıbsa, dövlətin bundan götürdüyü mənfəət daha çox olub”, - deyə mütəxəssis vurğulayıb.
Əmirovun fikrincə, hazırda müəyyən məhsullara “ƏDV geri al” prinsipinin ləğv edilməsi vətəndaşlara geri qaytarılan məbləğin böyük olması ilə bağlıdır: “İstər avtomobil, istər içki, istərsə də siqaret məhsullarına kifayət qədər böyük pullar xərclənir və onlardan ƏDV-nin geri dönüşləri çox böyükdür. Buna görə də bunlara “ƏDV geri al” prinsipinin şamil edilməməsi qərara alınıb. Bunun da əsas səbəbi ödəniş xərclərinin azaldılması ilə bağlıdır ki, nəticə etibarı ilə əhaliyə geri qaytarılan vəsait azalsın”.
Həmsöhbətimiz hesab edir ki, bu proses əhalini ziyanlı vərdişlərdən çəkindirmə ilə əlaqəli deyil: “Belə qərarlar qəbul olunan zaman daha çox məsələnin maddi tərəfi əsas götürülür. Əgər biz bunu əhalini pis vərdişlərdən uzaqlaşdırmaq üçün atılmış addım kimi düşünürüksə, o zaman əksini də düşünmək olar. Əgər kimsə deyirsə ki, “ƏDV geri al” spirtli içkidən, siqaretdən götürülməklə, insanları onlardan uzaqlaşdırmağa xidmət edir, o zaman əks arqument söyləyirəm ki, ƏDV tətbiq edilən zaman insanları həvəsləndirmək məqsədimi güdürdü? Təbii ki, xeyr. Həm tətbiq edilərkən, həm də tətbiqin dayandırılması ilə bağlı qərar verilərkən geri dönüş vəsaitlərinə daha qənaət edilməsi məqsədi daşıyır”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə hökumətin bu qərarını doğru hesab edir. “Mən birmənalı şəkildə alkoqollu içkilərə, tütün məmulatlarına əlyetərliliyin azaldılmasının tərəfdarıyam. Hesab edirəm ki, hökumət buradan düzgün başlayıb”, - deyə o, AYNA-ya şərhində söyləyib.
AİB sədrinin fikrincə, əgər hökumət alkoqollu içki və tütün məhsullarının satışında ƏDV-nin qaytarılmasını ləğv etmək fikrindədirsə, bu, doğru başlanğıcdır: “Avtomobilər üçün isə ƏDV-nin qaytarılmasının dayandırılması ətraf mühiti çirkləndirmə baxımından başa düşülə bilər”.
“Əlbəttə, hökumət hazırlıq aparıb, pandemiya zəiflədikcə, insanların sosial durumu gücləndikcə “ƏDV geri al” sistemini ləğv edəcək. Bu da onlara hazırlıq addımlarından biridir. Lakin istehlakçılar bununla razılaşmırlar, onlar ƏDV-nin qaytarılmasının davam etdirilməsini istəyirlər. Tütün və alkoqollu içkilərə hansısa formada məhdudiyyət qoyulmasının tərəfdarıyıq və bu, alqışlanmalıdır”, - deyə Hüseynov fikrini yekunlaşdırıb.
Tarix: 8-12-2021, 22:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}