Ekspertlər hakimlərin maaşlarının artırılmasının korrupsiya hallarına təsir etməyəcəyini düşünür


Azərbaycanda məhkəmə sədrlərinin və hakimlərin maaşları artırılır. Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilib.
Qanuna dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 3550 manat maaş veriləsi təklif edilir. O cümlədən qüvvədə olan qanuna görə, Ali Məhkəmənin sədrinə bir aylıq vəzifə maaşı həcmində əlavə məbləğ ödəniləcək. Yəni, Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7 100 manat ödəniş veriləcək.
Hakimlərə isə aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:
– Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində
– ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində
– digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində
bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;
– Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;
– bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində aylıq maaş müəyyən edilir.
Beləliklə, digər məhkəmə sədrlərinin və hakimlərin maaşı Ali Məhkəmənin sədrinin maaşı ilə tənzimləndiyi üçün həmin məhkəmə sədrləri və hakimlərin də maaşı müvafiq faizlər nisbətində artacaq.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.
Ekspertlər hakimlərin və məhkəmə sədrlərinin əmək haqlarının artırılmasının bu sistemdə korrupsiya hallarının və sifarişli hökmlərin aradan qaldırlmasına kömək etməyəcəyini düşünür.
Vəkil Fuad Ağayev “məgər hakimlərin məvacibləri aşağıdır?” deyə sual edib.
“Azərbaycanda hakimlərin maaşları artırılıb və mütəmadi olaraq artırılır. İndi mən sual edirəm, bu, ədalət sistemində korrupsiyanın olub-olmamasına nə dərəcədə təsir edib?”
Hüquqşünas İntiqam Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, istər hakim, istər prokuror, istər müəllim, istər həkim olsun, dövlət qulluğunda çalışan insanların maaşları yüksək olmalıdır.
“Hakimlərin maaşları yüksək deyil. Onların maaşlarının artırılmasına ehtiyac var.”
İntiqam Əliyev eyni zamanda hakimlərin maaşlarının artırılmasının korrupsiyanın aradan qaldırılmasına kömək etməyəcəyini düşünür.
“Əmək haqlarının 10-15 min manat olması belə korrupsiyanın aradan qaldırılmasına kömək etməyəcək. Çünki Azərbaycanda hakimlərin müstəqli olmamasının kökündə duran əsas məsələ sistemin problemləri ilə bağlıdır. Yəni hakimlər, məhkəmələr mustəqil deyil, sifarişi yerinə yetirirlər. O anlamda hakimin maaşının qaldırılması korrupsiyanı aradan qaldırmayacaq,” o qeyd edib.
Onun fikrincə, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsi ölkədə instutisional dəyişikliklərin zəruriliyini önə çıxarır.
“Bu olmadan hakim sifariş də yerinə yetirəcək, rüşvət də alacaq, danışıb qərarlar da çıxaracaq. Problem məhkəmələrin və hakimlərin müstəqilliynin təmin edilməsindədir,” o qeyd edib.
Ekspert “ölkədə məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi üçün nə edilməlidir?” sualının cavabında deyib ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda məhkəmələrin müstəqil olmadığını bildirir.
“Avropa Məhkəməsinin saysı-hesabsız qərarları da dolayısı ilə Azərbaycanda məhkəmə sisteminin müstəqliyyini çox ciddi şübhə altına alır. Yəni, burada qərarların qanun və ədalət əsasında çıxarılmadığı barədə Avropa Məhkəməsinin qərarlarında çox ciddi mesajları var.”
O hesab edir ki, ölkədə məhkəmələrin müstəqilliyinə siyasi iradə olmalıdır.
“Məsələn, o istəməlidir ki, seçki saxtalaşdırılırsa məhkəmə baxıb ona qanuni qiymət versin. Yaxud insanlara işgəncə verilirsə, jurnalistin boğazına bıçaq dirənilirsə, hansısa kəsimə mənsub olduğuna görə cinsi azlığı qətlə yetirirlərsə, eləcə də medianı bağlayırlarsa, jurnalistin ağzını yumurlarsa, bu halda Azərbaycan hakimiyyəti məhkəmələrin müstəqilliyini istəyirmi? Yənu avtoritar hökumətlər bunu istəyirmi? Əgər bunu istəmirsə, hakimin maaşını artırmaqla problemi aradan qaldırmaq mümkün olmayacaq. Ölkədə müstəqil məhkəmə olması üçün müstəqil parlament olmalıdır, ədalətli seçkilər keçirilməlidir, güclü media, güclü vətəndaş cəmiyyəti olmalıdır. Bunlar yoxdursa, hakimlər əvvəlki kimi sifarişləri yerinə yetirən kimi qalacaq,” ekspert qeyd edib.
İntiqam Əliyev hesab edir ki, avtoritar ölkələrdə siyasi sifarişli məhkəmə qərarlarının aradan qaldırılması mümkün deyil.
“O ölkələrdəki məhkəmə müstəqil deyil, parlament müstəqil deyil, hakimiyyətin bölgüsü yoxdur, siyasi pluralizm, vətəndaş cəmiyyətləri yoxdursa, orada bu durum qalacaq, onu aradan qaldırmaq heç cür mümkün deyil. Nə isə edəcəklərsə dekorasiya, beynəlxalq təşkilatlara hesabat üçün olacaq. Amma mahiyyətcə məhkəmələr icra hakimiyyətinin əlavəsi olaraq qalacaq,” o qeyd edib.
Bununla yanaşı, Azərbaycan rəsmiləri ölkədə məhkəmə sisteminin müstəqilliynin təmin edildiyini bildirib.
Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, dövlət başçısının təşəbbüsü ilə qəbul edilən qanunlarla məhkəmə hakimiyyətinin müstəqilliyi daha da möhkəmlənib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri xeyli genişləndirilib, o cümlədən hakimlərin təyinatında, səlahiyyətlərinə xitam verilməsində, onların fəaliyyətinə kənar müdaxilələrin qarşısı alınıb.
“Eyni zamanda, hakim korpusunun mənəvi cəhətdən saf, yüksək peşə hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi, hakimlərin seçimində korrupsiya və digər neqativ halların qarşısının alınması məqsədilə nüfuzlu Avropa strukturları tərəfindən örnək kimi qiymətləndirilən yeni təcrübə – çoxmərhələli seçim proseduru yaradılıb ki, bu təcrübənin tətbiqi nəticəsində hakim korpusu 60 faiz təzələnib. Hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipal qiymətləndirilməsi işi yenidən qurulub, müvafiq təlimat və əhatəli rəy formaları hazırlanıb,” o qeyd edib.
Amerikanın səsi
Tarix: 22-06-2022, 14:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}